«Saxta nəticələrinin ləğvi və yeni seçkilər uğrunda mübarizə davam edəcək»
Fuad Qəhramanlı: «İlham Əliyev seçki mövzusunu qapatmaq üçün tələsik inauqurasiya keçirdi»
Oktyabrın 9-da keçirilən prezident seçkilərinin nəticələrinin MSK tərəfindən tələsik təsdiqindən sonra oxşar addımı Konstitusiya Məhkəməsi də atdı. Konstitusiya Məhkəməsinin qərarının mürəkkəbi qurumamış tələsik inauqurasiya mərasiminin keçirilməsi bir sıra suallar doğurmamış deyil. Ekspertlər hakimiyyətin bu addımının təsadüfi olmadığını və hazırda beynəlxalq aləmdə saxta seçkilərə olan sərt münasibətin hakimiyyəti narahat etdiyini düşünür. Bu narahatçılıq da hakimiyyəti növbəti dəfə kobud qanun pozuntuları hesabına tələsik andiçmə mərasimini təşkil etməyə vadar edib. AXCP sədrinin siyasi məsələlər üzrə müavini Fuad Qəhramanlı ilə müsahibəmizdə hazırda gündəmdə olan bu və başqa suallara aydınlıq gətirdik.
– Belə tələsik inauqurasiya keçrilməsi saxta seçki nəticələrinə həm ölkə daxilində, həm də ki, Qərbdə etirazların artması ilə bağlıdır. Bu seçkinin nəticələrini faktiki olaraq beynəlxalq aləm tanımadı. Ona görə də Ilham Əliyev bu mövzunu qapatmaq, hər kəsi fakt qarşısında qoymaq üçün belə tələsik inauqurasiya keçirdi. Əslində inauqurasiyada nəinki kənar qonaqların, hətta diplomatik korpusun belə iştirak etməməsi o deməkdir ki, Ilham Əliyevin üçüncü prezidentlik dövrü beynəlxalq səviyyədə legitim sayılmır və bu səbəbdən də onun beynəlxalq səviyyədə təcrid, konfrantasiya ilə üzləşməsi qaçılmazıdır. Eyni zamanda seçki nəticələrini şübhə altına alan məhkəmə şikayətləri araşdırılmadan və Konstitusiya Məhkəməsindəki müzakirə zamanı prezidentliyə namizəd Cəmil Həsənliyə söz verilməməsi onu göstərir ki, hakimiyyət çox narahatdır. Daxili qorxuları üzündən formal hüquqi prosedurlara əməl etməyə belə səbri çatmır və bu üzdən də prosesi aqressiv şəkildə yekunlaşdırmağa çalışır.
Konstitusiya Məhkəməsinin qərarı saxta seçkilər yolu ilə hakimiyyətin qəsb olunmasına hüquqi don geyindirilməsindən başqa bir şey deyil. Bu səbəbdən də saxta seçki nəticələrinin ləğvi və yenidən demokratik seçkilər keçrilməsi uğrunda mübarizə davam edəcək.
“İqtidar-müxalifət qarşıdurmasından iqtidar-cəmiyyət qarşdurmasına doğru”
– Seçkilərlə bağlı maraqlı məqamlardan biri bu dəfə seçkidən sonra demokratik düşərgənin heç bir ruh düşkünlüyü yaşamamasıdır. Çünki bir qayda olaraq hər saxta seçkidən sonra Azərbaycan cəmiyyətində bədbin əhval-ruhiyyə hakim kəsilirdi. Amma bu dəfə demokratik düşərgənin əksinə, mübarizə əzmində olduğu hiss olunur. Bunun səbəbi nədir?
– Razıyam, bu dəfə cəmiyyətdə nəinki ruh düşkünlüyü yaranmadı, hətta seçkidən sonra Milli Şuranın keçirdiyi 12 oktyabr mitinqi seçki kampaniyası dövründə keçirilən mitinqlərdən daha kütləvi oldu. Bu, cəmiyyətin saxtakarlıqla barışmamasının, hakimiyyətin diktəsi ilə razılaşmamasının göstəricisidir. Demək, artıq cəmiyyətimiz seçkiyə, səsvermə gününə deyil, demokratik mübarizə prosesinə “stavka” edib. Bu məqam olduqca vacib bir keyfiyyət dəyişikliyi deməkdir. Bu imkan verir ki, Milli Şura olaraq biz prosesi seçki nəticələrindən asılı olmayaraq yüksələn xətlə davam etdirək və uyğun bir zamanda demokratik dəyişiklikləri həyata keçirək. Yəni əvvəlki status-kvonu dəyişib iqtidar-müxalifət qarşıdurmasını cəmiyyət-iqtidar qarşıdurması müstəvisinə keçirək. Cəmiyyətin iradəsi ilə hesablaşmayan bir siyasətin sonu isə, təcrübə göstərir ki, heç də yaxşı qurtarmır. Cəmiyyətdə mübarizə əhval-ruhiyyəsinin güclənməsində Qərbin saxta seçki nəticələrini tanımaması faktoru mütləq nəzərə alınmalıdır. Əvvəlki seçkilərdə “kürü diplomatiyası” üzündən dünyanın əsas gücləri saxta seçki nəticələrinə nəinki loyal yanaşırdılar, hətta bir çox hallarda himayədarlıq edirdilər. Bu üzdən də Azərbaycan xalqı və demokratik qüvvələr özlərini təklənmiş, yalqız hesab edirdilər. Indi isə vəziyyət köklü surətdə fərqlənir və ABŞ, Böyük Britaniya, ATƏT seçki nəticələrini tanımır. Bu artıq Azərbaycan xalqının demokratik tələblərini dünyanın dəstəkləməsi deməkdir. Təbii olaraq belə bir vəziyyət insanlarda demokratik mübarizənin uğuruna, perspektivinə inam yaradır. Ona görə də qarşıdakı mərhələdə insanların daha kütləvi şəkildə siyasi mübarizəyə qoşulacağını gözləmək olar.
“Azərbaycan strateji seçim ərəfəsindədir”
– Novruz Məmmədov Azərbaycanın Avropa Birliyi ilə əməkdaşlıqda maraqlı olmadığını bir daha dilə gətirib. O bildirib ki, Azərbaycan “Şərq Tərəfdaşlığı” çərçivəsində əməkdaşlığın davamını hələ nəzərdən keçirəcək. O vurğulayıb ki, Avropa indiyə qədər Azərbaycana nə edib ki Azərbaycan əməkdaşlığın davamında maraqlı olsun…
– Azərbaycan bu gün strateji seçim ərəfəsindədir. Noyabrın axırında Avropa Birliyinin Vilnüsdə keçriləcək “Şərq Tərəfdaşlığı” sammitində Azərbaycana altı ölkə ilə birlikdə asossasiya sazişini imzalamaq təklif olunacaq. Bu həm ölkə daxilində hüquq, iqtisadiyyat və demokratiya sahəsində Avropa standrtlarının tətbiqində Qərbin iştirakı üçün mexanizmlər yaradır, həm də geopolitik baxımdan Avropa ilə birgə olmaq, inteqrasiya etmək deməkdir. Bu isə Rusiyanın kəskin şəkildə qarşı çıxdığı bir layihədir. Azərbaycan iqtidarı seçki saxtakarlığında Putinin dəstəyinə arxalanıb və bundan sonra da hakimiyyətin əldə saxlanılmasını Rusiyanın himayəsində görür. Rusiyanın nəinki demokratiya tələbi yoxdur, əksinə, Putin öz ətrafında avtoritar bufer zonalar yaratmağa çalışır. Eyni zamanda Ilham Əliyev Qərbdən gələn demokratiya tələblərindən qorunmaq üçün Rusiyanın hakimiyyət təminatı müqabilində Putinin tələblərini qəbul etməyə hazır görünür. Bu isə o deməkdir ki, Ilham Əliyev öz hakimiyyət maraqlarına görə Rusiyanın patronajlıq etdiyi Gömrük sazişinə və Avrasiya Ittifaqına qoşulmağa meyllənib. Bu halda ölkəmizdə demokratiya məsələsi təkcə xalqımızın istəyi olmayıb, həm də gepolitik əhəmiyyəti olan bir məsələyə çevrilir. Bu isə pozitiv bir məqamdır. Demək, Qərb həm də öz maraqlarına görə Azərbaycanın demokratikləşməsində, demokratik dəyişikliklər yolu ilə Avrointeqrasiya siyasəti aparmasında maraqlı olacaq. Bu baxımdan müxalifətlə hakimiyyət arsındakı qarşıdurma həm də geopolitik maraqların ziddiyyətidir.
“Amerika sadəcə olaraq küsüb getmir”
– Hazırda hakimiyyətə beynəlxalq arenada legitimlik problemi yaranıb. ATƏT, ABŞ, Böyük Britaniya, Avropa Birliyi seçkilərin nəticələrini tanımayıb. Sonrakı mərhələdə bu hansı fəsadlar yaradacaq?
– Təbii ki, hər şey Azərbaycan xalqından, Milli Şuranın apardığı mübarizədə kütləvi və davamlı iştirak imkanlarından asılı olacaq. Proses yüksələn xətlə davam edərsə, Qərbin bu gün ifadə etdiyi mövqe təkcə Azərbaycan xalqı ilə siyasi həmrəyliklə məhdudlaşmayacaq, həm də konkret addımlarla müşahidə olunacaq. Fikir verdinizsə, ABŞ-ın ATƏT-dəki səfiri məktubunda bildirdi ki, “biz Azərbaycan xalqını dəstəkləməyə hazırıq”. Bu, demokratik mübarizə kütləvi xarakter daşıyacağı təqdirdə xalqımıza dəstək mesajı idi. Eyni zamanda hakimiyyətə qarşı konkret sanksiyaların tətbiqi, iqtidardakıların bank hesablarının açılması və həbs qoyulması, demokratik institutların gücləndirilməsi istiqamətində addımlar da gözləniləndir. Başqa bir tərəfdən isə hakim komanda üzvləri müxalifətlə qarşıdurma şəraitində özlərini əmin hiss edə bilirdilər, ancaq söhbət Amerika, Ingiltərə ilə qarşıdurmadan gedirsə və daxildə də əsəbləri gərilmiş narazı xalq varsa, bu halda iqtidar komandası üçün məsələ çox riskli hala gəlir. Mən ABŞ-da olarkən yüksək vəzifəli məmurlardan biri Azərbaycan iqtidarı ilə münasibətlərin ən pis variantı ilə bağlı belə bir ifadə işlətmişdi ki, “biz küsəndə sadəcə olaraq küsüb getmirik…”. Bu ifadəni səbəbsiz xatırlamadım. Qərblə dərinləşən konfrantasiya sadəcə narazılıq həddində qalmayacaq.
“Rusiya şərtləri daha da ağırlaşdırır”
– Hazırda Rusiyada baş verən olayların siyasi çaları varmı? Bir çoxları azərbaycanlılara qarşı təzyiqlərin təsadüfən gündəmə gəlmədiyini düşünür…
– Rusiyada baş verənlər əslində kriminal olaya münasibətdən daha çox Azərbaycanla bağlı siyasətin tərkib hissəsidir. Seçkidən öncə Putinin səfəri zamanı Ilham Əliyevlə razılaşma əldə olunmuşdu. Bu razılaşmadan sonra Azərbaycanda Rusiya əleyhinə sərt çıxışlara son qoyuldu. Bu razılaşmaya əsasən saxta seçki yolu ilə Ilham Əliyevin növbəti müddətə də hakimiyyətdə qalmasına Rusiyanın dəstək verməsi müqabilində Azərbaycan öz üzərinə müəyyən öhdəliklər götürmüşdü. Seçki saxtakarlığından sonra heç Rusiya da Qərbin məsələlərə belə sərt reaksiya verəcəyini gözləmirdi. Saxtakarlığa sərt reaksiyadan sonra Rusiya Ilham Əliyevin Qərblə konfrantasiya vəziyyətində olmağını fürsət bilib, Azərbaycana daha çox təzyiq etməklə əvvəlki razılaşma şərtlərini daha da ağırlaşdırmağa və Putinin layihələrində iştiraka qoşmağa çalışır. Narahatlıq doğuran odur ki, hakimiyyət maraqları naminə Ilham Əliyev Putinin təkliflərini qəbul edə bilər.
– Rusiyadakı Azərbaycanlı miqrantların vətənə geri dönüşü, Rusiyadan gələn maliyyənin kəsilməsi hansı fəsadlar yarada bilər?
– Düşünmürəm ki, Rusiyada bu gün baş verənlər həmvətənlərimizin bu ölkədən çıxarılması ilə nəticələnə bilər. Bütün bunlar sadəcə təhdiddir və Ilham Əliyevə götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vaxtının çatdığını xatırlatmaq üçündür. Görünən odur ki, xarici siyasət orientasiyasında Şimal vektoru daha çox önə çıxmağa başlayacaq.
– Milli Şura seçki saxtakarlığına qarşı mitinqlər keçirir. Bu prosesi nə qədər bu şəkildə davam etdirmək mümkün olacaq?
– Mitinqlər cəmiyyətimizin etiraz potensialını üzə çıxarmaq və insanları kütləvi surətdə dəyişikliklər uğrunda mübarizəyə qoşmaq baxımından əhəmiyyətlidir. Bu aksiyalarda müxalif partiya üzvlərindən daha çox siyasi mənsubiyyəti olmayan insanlar iştirak edirlər. Bu da onu göstərir ki, demokratik dəyişikliklər tələbi təkcə müxalifətin tələbi olmayıb, Azərbaycan cəmiyyətinin iradəsi kimi meydana çıxır. Bu proseslər həm də gənclərin siyasi proseslərin hərəkətverici qüvvəsi kimi meydana çıxmasını stimullaşdırır. Meydana çıxan insanlar başa düşürlər ki, 4-5 mitinqlə hakimiyyət dəyişikliyinə nail olmaq hələ ki, real deyil. Demək, biz prosesə təkcə meydan formatında baxmamalıyıq, meydana çıxan insanlar həm də təşkilatlanmalı, avtoritarizmə qarşı sistemli, təşkilatlanmış mübarizə aparmağa hazır olmalıdırlar. Inanırıq ki, həm Milli Şura formatında cəmiyyətimizin narazı elektoratını təşkilatlandırmaqla və beynəlxalq birliyin demokratik proseslərə dəstəyi ilə tezliklə ölkəmizdə real dəyişikliklərə nail ola biləcəyik. Avtoritar rejimlərin dəyişdirilməsi uğrunda mübarizə heç də həmişə seçkiyə indeksləşmir, bu cür dəyişikliklər cəmiyyətin demokratik potensialının imkanlarına bağlıdır.
Xəyal