aliyev-memurlar10

Seçkini keçirən qruplaşma məğlub oldu

Ramiz Mehdiyev mövqelərini möhkəmləndirməkdə davam edir

Hələ seçkidən əvvəl Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov kadr dəyişikliklərinin anonsunu vermişdi. Əli Əhmədov seçkidən sonra da bu fikirlərini təkrarladı. Artıq Ilham Əliyev hökuməti istefaya göndərib. Yeni komandanın hansı tərkibdə formalaşacağı diqqət mərkəzindədir. Doğrudur, belə mülahizələr var ki, Ilham Əliyev indiki həssas məqamda daxili narazılıqları körükləməmək üçün komandanı yeniləməyəcək. Bununla belə hakimiyyət daxilində müəyyən qruplar rəqiblərini sıradan çıxarmaq üçün cəhdlərini davam etdirirlər.
Əli Əhmədov kadr dəyişikliyi anonsunu verəndə onun təmsil etdiyi qruplaşma – Paşayevlər hakimiyyətdə əsas söz sahibi idi. Hər halda seçkinin keçirilməsinə nəzarəti bu dəfə Paşayevlər həyata keçirirdi. Fövqəladə hallar naziri Kəmaləddin Heydərov, prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov və YAP-ın icra katibi Əli Əhmədova isə prosesdə xüsusi önəm verilmişdi. Digər qruplar isə Ilham Əliyevin qalibiyyəti üçün çalışsalar da, eyni zamanda Kəmaləddin Heydərov, Əli Əsədov və Əli Əhmədovun təşəkkür qazanmaması üçün əllərindən gələni edirdilər. Və demək olar ki, buna nail oldular. Seçki biabırçılıqla başa çatdı. Ardınca Paşayevlərin əsas rəqibi olan Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev dövriyyəyə girərək Qərbə müharibə elan etdi və vəziyyət daha da qəlizləşdi. Ümummiyyətlə, müşahidələr göstərir ki, Ramiz Mehdiyev və komandası həmişə kritik məqamlarda daha güclü olurlar. Əgər Ramiz Mehdiyev seçkidən əvvəl mövqelərini itirmişdisə, prosesdən kənarda qalmışdısa, növbəti mərhələdə nüfuzunu yenidən bərpa etdi. Görünən odur ki, o və komandası situasiyanı daha da gərginləşdirməkdə maraqlıdır. Vəziyyət gərginləşdikcə Ilham Əliyev üçün Ramiz Mehdiyev və komandasının önəmi daha da artır. Əvəzində Ilham Əliyevdən təşəkkür əvəzi yüksək post gözləyən Kəmaləddin Heydərov, Əli Əsədov və Əli Əhmədovun şansları sıfıra enir. Əgər “fövqəlnazir” baş nazir postunu ələ keçirmək istəyirdisə, artıq belə məlumatlar var ki, həmin vəzifəyə Fazil Məmmədov təyin edilə bilər. Əli Əsədovun adı isə Bakı meri postuna və PA rəhbəri vəzifəsinə iddialardan biri kimi hallanırdı. Əli Əhmədov da seçkidən sonra yüksək post tutmaq arzusunda idi. Lakin seçki biabırçılığı onların bu istəyinin qarşısında maneəyə çevrildi. Belə bir vəziyyətdə Ramiz Mehdiyevə yaxınlığı ilə seçilən daxili işlər naziri Ramil Usubovun başqa yüksək posta təyin ediləcəyi, onun yerinə isə yenə də PA rəhbərinə yaxın şəxsin gətiriləcəyi barədə məlumatlar var. Beləliklə, seçkidən əvvəl zəif duruma düşən Ramiz Mehdiyev seçkidən sonra əlverişli vəziyyətdən istifadə edərək rəqiblərini hələlik küncə sıxa bilib.

Azad