Avropada yaşayan azərbaycanlı mühacirlər saxta nəticələrə və avtoritarizmə qarşı davamlı mübarizə qərarı verdilər
Avropada yaşayan bir qrup azərbaycanlının, həmçinin siyasi mühacirlərin iştirakı ilə Azərbaycanda keçirilmiş prezident seçkisindən sonrakı vəziyyət müzakirə olunub. Məlumat Avropada fəaliyyət göstərən Demokratik Azərbaycan Hərəkatı yayıb.
Məlumatda deyilir ki, oktyabrın 19-da Belçikanın paytaxtı Brüssel şəhərində keçirilən tədbirdə Avropanın müxtəlif ölkələrindən gəlmiş 100-ə yaxın nümayəndə iştirak edib. Konfransa moderatorluq edən jurnalist Fikrət Hüseynli seçkidən sonra Azərbaycan və bütün azərbaycanlılar üçün yeni bir dövrün başladığını qeyd edərək, konfransın keçirilmə məqsədlərindən danışıb. Bildirib ki, Avropa və dünya azərbaycanlıları olaraq ölkəmizə sahib çıxmaq, Demokratik Azərbaycan quruculuğuna nail olmaq üçün bir sıra addımlar atılmalıdır. Çıxış üçün ilk söz alan “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid mühacirlərin, ümumiyyətlə, dünyada yaşayan bütün azərbaycanlıların öz ölkələrinə sahib çıxmalı olduğunu deyib. Və bu yöndə Avropada yaşayan gənclərə xüsusi ümidlər bəslədiyini dilə gətirib. Almaniyadan gəlmiş məhşur bloqqer Həbib Müntəzir ətraflı çıxış edərək həmyaşıdlarına səslənib. Qeyd edib ki, o, Almaniyada qazandığı bütün uğurların qarşılığında öz gələcəyini Azərbaycanda gorür. Həbib Müntəzir çıxışının sonunda deyib: “Mən bilirəm ki, hər cür şəraitləri olmasının qarşılığında, Avropadakı yüzlərlə azərbaycanlı gənc öz həyatlarından məmnun deyillər. Çünki onlar da mənim kimi gələcəklərni Azərbaycanda görürlər.Bu üzdən hamınızı demokratik Azərbaycan qurulması üçün effektli fəaliyyətə səsləyirəm”.
Hollandiyadan gəlmiş hüquq müdafiəşiçi Akifə Əliyeva təklif edib ki, Azərbaycanda saxta seçkiləri şəffaf elan edərək Azərbaycan hakimiyyətilə işbirliyində olan avropalı müşahidəçilərin kimlikləri və yaşadıqları yerlər müəyyənləşdirilsin. Onların evlərinin və ofislərinin qarşısında aksiyalar keçirilsin, etirazlar ifadə edilsin. Azərbaycandan konfransa qatılmış AXCP üzvü İnqilab Kərimov ölkədəki vəziyyət barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan xalqının mühacirlərə və dünyada yaşayan azərbaycanlıları ümidləri çoxdur. Norveçdə mühacirətdə olan müdafiə nazirinin sabiq müavini, polkovnik İsa Sadıqov 22 il öncə Məhz 18 oktyabrda Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilyini bildirərək, indiki rejimin Azərbaycan xalqına təhqir olduğunu vurğulayıb. İsa Sadıqov “Bu seçki Azərbaycan xalqına vurulmuş tərs şillədir. Bununla razılaşıb susmaq isə Azərbaycan xalqının bu rejimi haqq etməsi demək olar. Mən inanıram ki, biz bir yumruq kimi birləşərək dünyaya sübut edəcəyik ki, bizlər sivil bir ölkə yaratmağı bacarırıq” deyərək fikirlərini yekunlaşdırb. Hüquqşünas Ataxan Əbilov isə çıxışında xüsusi tərcümə qruplarının yaradılmasını, azərbaycanlıların yaşadıqları ölkələrdə davamlı etiraz tədbirləri keçirməsini təklif edib. Belçika Krallığında yaşayan politoloq Həsən Qafarov azərbaycanlılar arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyindən danışıb. Eyni zamanda qeyd edib ki, Avropada Azərbaycan dövlətinin maraqlarını güdməli olan bəzi rəsmi nümayəndəliklər Avropadakı azərbaycanlılar arasında parçalanma yaradır, onları bir-biri ilə üz-üzə qoyur. Seçki günü Azərbaycanın Hollandiyadakı səfirliyi qarşısında müşahidə aparmış Əli Hacılı isə öz təəəssüratlarını konfrans iştirakçılarına çatdırıb, Avropada yaşamasının qarşılığında rejimə dəstək verən azərbaycanlıların ifşa edilməsi üçün lazımi addımların atılmalı olduğunu vurğulayıb. Uzun müddətdir Avropada yaşayan Orduxan Teymurxan qeyd edib ki, onun əsas amalı azad və inkişaf etmiş Azərbaycandır. Bu yolda sona qədər mübarizə apararaq məqsədi gerçəkləşdirmək qanunda nəzərdə tutulmuş bütün vasitələrdən yararlanmağın vacib olduğunu deyib.
Çıxışına kövrək notlarla başlayan ağsaqqal Tahir Cəfərli isə bu yaşında onu ölkəsindən didərgin salannları lənətləyib. Qeyd edib ki, ömrünün bu çağında qürbətdə yaşamaq, Azərbaycanı bu vəziyyətdə görmək ona çox pis təsir edir. Tahir Cəfərli üzünü gənclərə tutaraq onları Azərbaycan uğurunda aktiv mübarizəyə səsləyib. Bu ilin may ayında Azərbaycana səfər etmiş Emin Babayev insanların, xüsusilə məcburi köçkünlərin çox acınacaqlı vəziyyətdə yaşadıqlarını, hakimiyyətin bu insanların porblemlərilə ümumiyyətlə maraqlanmadığını bildirb. Qeyd edib ki, gənclər olaraq hər ay imkanları daxilində himayəyə götürdükləri qaçqın ailəsinə yardım etməyə çalışırlar. Rəşad Sadıqov isə Azərbaycanın Avropadakı nümayəndəliklərinin fəaliyyətinə toxunaraq deyib ki, azərbaycanlılar səfirliklərdən çəkinməməli, yeri gələndə onlara fəaliyyət istiqamətlərindən kənara çıxmağın cinayət olduğunu anlatmalıdırlar. Çıxışçı Əsəd Qasımov da azərbaycanlıların öz ölkələrinə sahib çıxmalı olduğunu xüsusi vurğulayıb. Kənan Qafarov isə qeyd edib ki, Avropadan Azərbaycana fəaliyyətlərlə bağlı real informasiyalar göndərilməlidir. Yəni, Azərbaycanda insanlar real olaraq bilməlidir ki, həqiqətən də harda, nə zaman, hansı aksiya keçirilib və ya keçirilməyib. İnsanların etiraz haqlarına sayğı göstərməyin və bunu dəyərləndirməyin vacib olduğunu söyləyib.
3 saatdan artıq çəkən toplantıda sonda mühüm qərarlar qəbul edilib, iştirakçıların dünya azərbaycanlılarına müraciəti olub. Müraciətdə deyilir: “Hörmətli soydaşlar. Dünyanın sivil xalqları kimi bizim də inkişaf etmiş, demokratiyaya qaydaları ilə idarə olunan bir dövlət qurmağa haqqımız var. Dünya sürətlə inkişaf etdiyi indiki zamanda ölkəmizin diktatorluq və geridə qalmış bir ölkə kimi tanınması millət olaraq bizə təhqirdir. Gəlin vətənimizin xilası naminə birləşərək qısa zaman ərzində sivil Azərbaycan quraq. Bunun üçün ilk növbədə 9 oktyabr seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq eyni gündə yaşadığımız ölkələrdəki Azərbaycan səfirlikləri qarşısında etiraz aksiyaları keçirək, beynəlxalq qurumlarla ciddi şəkildə iş aparaq. Biz inanırıq ki, özünü azərbaycanlı sayan hər bir insan bi mübarizədə bizimlədir!”.