Ekspertlər hakimiyyətdə hər hansı ciddi kadr dəyişikliyi gözləmir
Konstitusiya Məhkəməsi oktyabrın 9-da keçirilmiş prezident seçkisinin nəticələrini rəsmən təsdiqləyəndən və ardınca Ilham Əliyevin andiçmə mərasimii keçiriləndən sonra Nazirlər Kabineti istefaya göndərilib. Yaxın günlərdə Ilham Əliyev yeni hökumət formalaşdıracaq.
Ekspertlərin fikrincə, yeni hökumət köhnənin təkrarı olacaq. Yəni, Ilham Əliyev komandanı dəyişməyəcək. Baxmayaraq ki, seçkidən əvvəl və sonra YAP-ın icra katibi Əli Əhmədov kadr islahatlarından danışırdı, bunun baş verməsi gözlənilmir. Ekspertlər hesab edir ki, indiki həssas vəziyyətdə Ilham Əliyev dəyişikliklərlə komanda daxilində ciddi narazılıq yarada bilər. Lakin bununla belə cüzi dəyişikliklər istisna deyil. Daha doğrusu, iqtidardakı qruplaşmalar bir-birlərini tamamilə sıradan çıxarmaq yaxud zəiflətmək üçün cəhdlər göstərəcək. Ekspertlərin fikrincə, mübarizə xüsusilə iki qrup arasında gedəcək, Paşayevlər və Naxçıvan qruplaşması:
“Bu qruplaşmaların maraqları zaman-zaman toqquşub. Onlar arasındakı zidiyyətlər seçkinin keçirilməsinə nəzarət uğrunda mübarizədə pik həddə çatdı. Paşayevlər bu mübarizədən qalib çıxdı və seçki məhz bu qrupun nəzarəti altında keçdi. Lakin Paşayevlər uğurlu seçki keçirə bilmədilər. Əksinə bu ilki prezident seçkisi hakimiyyətə ciddi zərbə vurdu. Seçkinin nəticələri tanınmadı, YAP-ın qələbə mitinqi fiaskoya uğradı və s. Bu isə rəqib qruplaşmaya Paşayevlərə zərbə endirmək üçün fürsət verdi. Yeni hökumətin formalaşmasında biz bu mübarizənin davamının şahidi ola bilərik. Amma hər bir halda Ilham Əliyevin komandada ciddi dəyişilik edəcəyi inandırıcı görünmür”.