Rusiya niyə Azərbaycanı hədəf seçdi?

Əlövsət Əliyev: «Orxan Zeynalov məsələsi azərbaycanlıların əleyhinə həyata keçirilən siyasi addım idi»

 

Zahid Oruc: «Bu hadisəyə siyasi rəng qataraq sanki Azərbaycan hakimiyyətinə dərs vermək istəyirlər»

Moskvada 25 yaşlı Yeqor Şerbakovun qətlində təqsirləndirilən həmyerlimiz Orxan Zeynalovun başına gələnlər birmənalı qarşılanmadı. Belə ki, bu hadisə bütün dünyanın gündəmini zəbt etdi və sanki indiyə qədər belə bir qətl hadisəsi baş verməmişdi. Moskvada hər gün qətl hadisəsi baş verir və bu cinayətlərdən heç kimin xəbəri olmur. Orxan Zeynalov hadisəsi isə Rusiya Daxili Işlər Nazirinin otağında qədər gedib çıxdı.

Və bütün bunlar bu hadisə ətrafında müxtəlif versiyaların yaranmasına gətirib çıxardı. 

Azərbaycan tərəfi də bu məsələdə Rusiyanı ittiham etdi və bunun siyasi məsələ olduğunu bildirdi. “Azərbaycan” qəzetində isə Rusiya milli ayrı-seçkilikdə, ksenefobiyada, irqçilik meyllərində ittiham edildi: “Məişət zəminində baş vermiş qətldən sonra məsələyə aidiyyəti olmayan çoxsaylı miqrantın saxlanılması, onların incidilməsi, yaranmış vəziyyətin süni şəkildə şişirdilməsi halları baş verir ki, bu da çoxmillətli və çoxkonfessiyalı Rusiya cəmiyyətində milli ayrı-seçkiliyə, ksenofobiyaya, irqçilik meyillərinə xidmət edir, diskriminasiya xarakteri daşıyır və yeni qanun pozuntularına yol açır” – deyə qəzet yazır.

Hakimiyyətyönlü deputat Zahid Oruc da bildirib ki, Rusiya daxili işlər naziri özünü banda başçısı kimi göstərir və oğru qanunları ilə nəfəs aldığını sübut edir, buna görə də Rusiya daxili işlər naziri Azərbaycandan üzr istəməlidir.

Bir çox ekspertlər bu hadisəni belə izah edirlər ki, Rusiya hakimiyyəti ölkədəki xoşagəlməz vəziyyəti, xalqın hakimiyyətdən narazılığını bu məsələ ilə sığortalamaq istəyir. Yəni rus xalqına göstərmək istəyirlər ki, sizin pis yaşamağınızın, ölkədəki bərbad vəziyyətin günahkarı miqrantlardı. 

Bəzi ekspertlər isə bunun Azərbaycan hakimiyyətinə təzyiq vasitəsi olduğunu bildirirlər.

Diqqət çəkən məqamlardan biri də budur ki, Rusiyada müxtəlif millətlərin nümayəndələri fəaliyyət göstərdiyi halda, məsələ məhz azərbaycanlının üzrənidə qurulub.

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev hesab edir ki, Orxan Zeynalovla bağlı baş verənlər siyasi qərar idi və Azərbaycan əleyhinə kampaniyadır: “Rusiya bir neçə ildir ki, miqrasiya ilə bağlı iş aparır və bu sahədə qanunları sərtləşdirmək istəyir. Rusiya çalışır ki, Kanadanın, Amerikanın, Böyük Britaniyanın miqrasiya siyasətinə uyğun siyasət həyata keçirsin. Yəni miqrantların hesabına ölkə iqtisadiyyatını inkişaf etdirmək istəyir.  Ancaq Rusiyada korrupsiyalaşmış sistem olduğu üçün, bu siyasət effekt vermir. Eyni zamanda Rusiyada millətçilər tərəfindən miqrantlara qarşı zorakılıqlar baş verir və bu adamlara Rusiyanın yüksək vəzifəli şəxsləri rəhbərlik edir. Ancaq son olanlar isə bir bəhanə idi və siyasi məqsədlər daşıyırdı. Necə olur ki, 6-7 ay əvvəl Rusiyada bir Nigeriya vətəndaşı 8 nəfər rus vətəndaşını öldürür və heç kimin səsi çıxmır? Orxan Zeynalovun əməli isə fövqəladə vəziyyət yaradır. Ona görə də hesab edirəm ki, bu, sırf azərbaycanlıların əleyhinə həyata keçirilən siyasi addımdır. Düşünürəm ki, bu olay Rusiyada yaşayan azərbaycanlıların, eləcə də Azərbaycanda yaşayan rusların təhlükəsizliyi ilə bağlı zəmanəti aradan qaldırdı. Çünki Azərbaycanda da Rusiya vətəndaşları əleyhinə bir sıra bəyanatlar verildi”.

Millət vəkili Zahid Oruc da bu hadisə siyasi məqamların olduğunu və bunun miqrant məsələsi kimi qələmə verilməsinin yanlış olduğunu bildirdi: “Bu məsələnin siyasi xarakter daşıdığını ilk növbədə Rusiyanın hakimiyyət orqanları  qabartdı. Əgər Rusiya ideal bir məmləkət olsaydı, cinayətkarlığın səviyyəsinə görə ən aşağı sıralarda olsaydı, bu məslənin şişirdilməsini başa düşmək olardı. Rusiyada 100 minlərlə cinayət hadisəsi baş verir və miqrantların payı burda çox cüzi səviyyədədir. Bu ölkədə dövlət siyasətini müəyyən edən şəxslər daxili sosial-iqtisadi məsələlərə və siyasi qüvvələr arasındakı konfrantasiyanın içərisinə süni olaraq mövzu qatırlar. Bu məsələnin içinə siyasi rəng qataraq, sanki Azərbaycan hakimiyyətinə dərs vermək istəyirlər. Rusiyanın daxili işlər naziri prokuror və məhkəmənin səlahiyyətlərini mənimsəyərək, Orxan Zeynalovu Üsama Bin Ladenin nümayəndəsi kimi qəbul etməsi və bunu ekranlara çıxarıb millətçi dairələrin sevgisini qazanmaq istəməsi, hakimiyyətdə ciddi sapmaların olduğunu göstərir. Bu hadisədə bir neçə ünvana mesaj verilməsinə şübhəm yoxdur. Putinin qarşıya qoyduğu məqsədə, strateji planlara təzyiq və zorakılıqla nail ola biləcəyi inandırıcı deyil. Bu təkcə hərbi güclə əmələ gələn məsələ deyil. Rusiyanın qurmaq istədiyi Gömrük Ittifaqının iqtisadi gücü Avropa Birliyinin 2 faizini təşkil etmir. Necə bu quruma alternativ yarada bilər? Biz TAP-ın, Tanap layihəsinin, BTC-nin üstündən xətt çəkib, Gömrük Ittifaqına qoşula bilmərik. Azərbaycanın Rusiyanın forpostuna çevrilməyə ehtiyacı yoxdur”.

Ilham Hüseyn