Hunay Saday: “Kimlərsə 300 000-ə şam yeyir, kimlərsə 30 qəpiyə çörək arzusunu…”
Bu bayram ərəfəsində “Adam olacaq cocuq” proyektini bitirməyə qərar verdik… 3 aydan bir qədər artıq davam edən proyektin çox da maraqsız olmadığını düşünürəm. Amma layihə üzrə son yazını öz qızımla söhbət üzərində qurdum. Niyə? Proyekt məktəb yaşlı uşaqlarda fərqli ictimai şüurun, qabaqcıl dünyagörüşün səviyyəsini müəyyən etmək, cəmiyyətə təqdim etmək idi. Bu layihə üzrə həmsöhbətimiz olan uşaqlar bəzən çox inqilabi görünəcək fikirlər də səsləndirirdilər. Istəməzdik, kimsə “bunlar öz uşaqlarını hansı ruhda böyüdürlər” sualının cavabını axtarsın. Hunayla söhbəti, həm də bu sualın cavabı kimi qəbul etməyinizi istərdim.
O, Bakıdakı Atatürk litseyində, 9-cu sinifdə oxuyur.
– Niyə məhz Atatürk litseyini seçmisən?
– Məktəbə getməzdən əvvəl türk kanallarındakı cizgi filmlərini izləməyi çox sevirdim. Danışıq tərzləri də xoşuma gəlirdi. Sonradan isə Azərbaycanda yox, Türkiyədə təhsil almaq istəyim burada oxumağımı daha da əsaslandırırdı.
– Aldığın təhsildən razısanmı? Orta məktəblərdəki təhsilə münasibətin necədir?
– Aldığım təhsildən qismən razıyam. Çünki bəzi problemlər də var. Məsələn, bütün dərslər eyni ölçüdə yaxşı keçilmir. Texniki fənlərdən birini yaxşı bilsəm də digərini tam qavraya bilmirəm. Bəlkə buna səbəb mənəm, bəlkə də müəllimimdir. Ancaq məktəbimizin müsbət cəhəti başqa orta məktəblərdən fərqlənməsidir. Başqa məktəblərdə oxuyan dostlarımdan təhsilləri barədə soruşduqda utancverici cavablar alıram, hətta Azərbaycan dilini yetərincə bilməyən uşaqlar da var. Amma hər şey dəyişir. Mən ibtidai təhsilimi bu məktəbdə alanda çox əla tədris vardı. Indi həmin tədris səviyyəsinin qaldığını deməyə çətinlik çəkirəm. Ibtidai siniflərdə oxuyan uşaqlarda da qavrama problemi var. Mənim vaxtımda, 3-4-cü sinifdə oxuyan uşaqlar yalnızca məktəbdə təhsil alırdı. Indi isə hazırlıqlara gedən uşaqları gördükdə təəccüblənirəm.
“Seçimim jurnalistikadır”
– Gələcəkdə hansı peşə sahibi olmaq istərdin? Seçimini etmisən, ya yox?
– Seçimim jurnalistikadır. Ancaq təhsilimi Türkiyədə almaq istəyirəm. Başqa tərəfdən, məktəbimdən aldığım təhsilə görə ən çox türk fənnindən yazdığım inşaları müəllimlərim daha çox bəyənirlər. Nə zamansa, günlərin birində kitab yazmaq, yazar olmaq arzum da var.
– Niyə jurnalist olmaq istəyirsən? Atan jurnalist olduğuna görə həbs olunub, bu səni qorxutmur?
– Əslinə qalsa kiçik yaşlarımdan həkim olmaq istəyirdim. Formal olaraq hər bir qız uşağı balaca vaxtı bu peşəni istəyir. Çevrə mənə təsir edən ən böyük amillərdən biri oldu. Atamın jurnalist olması, daha çox jurnalistlərlə bağlı olan informasiyam, kiçik yaşlardan ailədə danışmağa ən çox həvəsi olan biri kimi bu peşəni istəyirəm. Atamın jurnalist olmağına görə həbsi məni qorxutmur. Çünki jurnalist peşəsini seçən insan mübariz və cəsarətli olmalıdı, xüsusən də Azərbaycan kimi bir ölkədə, qələmini heç nəyə dəyişməməlidi. Vaxt gələcək haqq-ədalət öz yerini tapacaq.
“Oxuduğum ilk roman mənə romançılığı sevdirdi”
– Bəs ədəbiyyata səni cəlb edən nədir?
– Bəlkə də Atatürk litseyində oxumasaydım bu istəyim olmazdı. Öncəliklə türk dili müəlliməmin böyük rolu olub. O, bizə tez-tez inşa yazdırırdı. 6-7-ci siniflərdə yazdığım inşalara baxdıqda gülməyim gəlir. Məsələn, “mən məktəbə gəldim-getdim”. Bu cümləni sıradan bir şəkildə yazırdım. Indi isə hətta bu cümləni də ən zəngin şəkildə yazmağın mümkün olduğunu anlayıram… Məktəbə və ya bir başqa yerə getdiyin yol olaylarla, insanlarla və talelərlə doludur. Yol mühitin içindən keçir və bunların hamısı yazı təəssüratı ola bilər. Bunları dərk edəndən sonra yazdığım inşalar qiymətləndirilirdi. Məni həvəsləndirən digər bir vasitə də bu oldu. Daha sonra isə qiymət yerinə sinfin və müəlliməmin inşamı əla olduğu üçün alqışlaması mənə çox xoş idi. Çünki sinifdə inşa yazarkən alqışlanan çox az insanlardan biri olmaq çox gözəl hiss idi. Get-gedə xarici ədəbiyyatdan romanlar oxumaq bu hissi qabartdı. Yeni-yeni yazarlar tanımaq və onların əsərlərini oxumaq çox gözəldir. Və düşünürəm ki, niyə mən də onlardan biri olmayım?
“Idealım hələ oxumadığım əsərin müəllifidir”
– Kimlərin əsərlərini oxumusan? Idealın varmı?
– Oxuduğum ilk roman Viktor Hüqonun “Səfillər” romanı olub. Mütaliə üçün hekayədən çox romana üstün həvəsim bu romanla başladı. Dostoyevski, Puşkin, Ayşe Kulin, Ahmet Haldun Terzioğlu, Meltem Arıkanın əsərlərini oxumuşam. Və çox bəyəndiyim romanlardır. Ideal olaraq isə romanlarını oxumadığım iki insanı seçməyim çox qəribədir. Biri Elif Şəfəqdir. Digəri isə Mark Levi. Elif Şəfəq Avropada əsərləri ilə məşhur olan bir yazardır, əsərləri haqqında məlumatım olsa da oxumaq şansım olmayıb. Mark Levi isə fransız bir yazar olaraq əsərləri haqqında olan məlumatlara görə çox fantastik yazıçıdır. Yaxın zamanda onların romanlarını oxumağa nail olmalıyam. Amma daha kəşf edilməyən onlarla, yüzlərlə yazar var. Məncə, hər birinə səfərlər etmək heç də pis olmazdı.
– Hobbin varmı?
– Hər insan kimi təbii ki, mənim də hobbim var. Şəkil çəkməyi xoşlayıram. Bəziləri bunu çox qabartdığımı düşünür. Ancaq şəkil çəkəndə çox rahatlayıram. Insanların adi gördüyü şeyləri fərqli etmək bəzən çox gözəl görünür. Bu, şəkil çəkməklə də ola bilər, yazı yazmaqla da. Mən isə şəkil çəkməklə bunu edirəm. Əslində hər əlinə fotoaparat alan fotoqraf olur, deyirlər. Düzdür, ancaq onlar öz çevrələri üçün, çevrələrinə görə fotoqraf olurlar. Dünyada onun kimi, hətta ondan da gözəl şəkil çəkən insanlar olur. Bəzən anlaşılmır. Bəziləri bunun xüsusi bacarıq tələb etmədiyini desə də, yanlış fikirdir. Çünki hamı şəkil çəkə bilər, ancaq çox nadir insanlar onu doğru bir şəkildə insanlara çatdırır. Bunun xüsusi təhsil tələb etdiyi kəsindir. Mən də ali təhsillə birlikdə bu sənətlə məşğul olmağı və daha da ilərlətməyi seçəcəyəm.
“O gün olacaq,.. olmalıdır!”
– Başqa nə ilə maraqlanırsan?
– Dünyada olan olaylarla maraqlanıram. Növündən asılı olmayaraq. Ancaq bəlkə də yaşıdlarımın çoxundan fərqli olaraq siyasi xəbərlərə üstünlük verirəm. Təbii, daha çox dərslərə üstünlük verilməlidir və mən də bunu edirəm. Amma bir həyat dərsi də var və hər kəs dünya ilə də, heç olmasa öz ölkəsində baş verən olaylarla maraqlanmalıdır. Etiraf edirəm, hərdən elə olaylar baş verir ki, dərslərimi bir kənara da tullamalı oluram… Ancaq yenə də dərslərimi boş buraxmıram. Hər şey təhsildən asılıdır. Indiki dövrdə təhsilsiz heç nə etmək mümkün deyil. Yenə qeyd edim ki, xüsusilə də Azərbaycanda. Amma bəzən ölkəmizdə baş verən siyasi olaylardan – insanların azadlıqlarına qoyulan maneələrdən bezirəm. Bəzən də düşünürəm ki, mənim xaricdə yaşayan yaşıdlarım bu olaylardan uzaq, necə də rahat bir həyat sürürlər. Amma bizim də belə bir şəraitə sahib olacağımız gün olacaq, olmalıdır…
– Dünyada baş verən inqilablara münasibətin? Bu inqilablar bizim ölkəmizə təsir edə bilərmi?
– Bu inqilablar çox normaldır. Hakimiyyəti oluşduran bir dəstə adamdan başqa bütün xalqın əzab, əziyyət və davamlı anlamsız yasaqlar gördüyü bir ölkədə, necə yaşayış ola bilər? Misir xalqı, Tunis xalqı bu hərəkətləri ilə çox güclü xalq olduqlarını göstərdilər. Bizim onlardan heç də fərqimiz yoxdur. Biz onlardan daha da cəsarətli olduğumuzu göstərə bilərik. Əslində bizim vəziyyətimizin onlarınkından daha pis olduğu bəllidir. Bu haqda danışan insanlar çox zaman, “halımıza şükür edək” ifadəsini işlədirlər. Şükür etmək ayrı bir yerə qalsın, bəs şükür edə-edə nə vaxt daha da yaxşı yaşayacayıq? Bu sözlər hamısı boşdur. Azərbaycan inkişaf etmir. Daha da geriyə doğru gedir. Və biz bunun qarşısını almalıyıq. Təsir etməyinə gəldikdə, artıq bu təsirin başladığı görünür. Sadəcə təsir etməyən insanlara qığılcım lazımdır. Onların ümidi kəsilib, onlara ümid lazımdır. Qorxu da var. Adamlar əllərində olanları itirməkdən qorxurlar. Amma onların əllərində heç nə yoxdur ki… Böyük dəyişikliklərin yükünü kiminsə üstünə atmaq olmaz. Heç bir siyasi partiyaya aid olmayan insanlarımız – xalq da bu etirazlara qoşulmalıdır. Digər ölkələrdən bizim heç nəyimiz əksik deyil. Biz onlardan daha yaxşı inkişafa layiqik. Ancaq xalq hələ də gördüyü əziyyətləri görməzlikdən gəlir.
– Cəmiyyətimizdə sənin yaşıdlarının hansı problemlərini müşahidə edirsən?
– Ailəsi ilə birlikdə maddi baxımdan əziyyət çəkənlər var. Təhsil ala bilməyən yaşıdlarım var. Təhsil probleminə problem kimi baxmayan bu insanlar eyni zamanda yoxsulluq içində boğulurlar. Bəzi insanlar 300.000 dollara şam yeməyi yeyərkən bəziləri isə 30 qəpiyə çörək alıb yeyə bilmir…
“Internet azadlıq deməkdir”
– Internetlə münasibətin necədir?
– Internetlə çox maraqlanıram. Xüsusilə, “Azadlıq” qəzeti, “abzas.net” internet jurnalı və “Azadlıq” radiosunun veb-saytları ilə daha çox maraqlanıram. Azərbaycan TV-lərində internetin ziyanından danışırlar. Internetin əlbəttə, ziyanı var. Amma ziyanlı vərdişlərə üstünlük verənlər üçün. Mən tv-lərə qarşı interneti qoyuram və xəbəri də oradan almağa üstünlük verirəm. Internet xəbəri və yorumu adama zorla sırımır, alternativlər təqdim edir. Buna görə də internetə üstünlük verirəm.