Beyinlərdəki əngəlləri aşmaq…

Milli Şura seçkidən sonra yaranmış gərgin atmosferdə seçki saxtakarlığına etiraz mitinqi keçirdi. Ona görə “gərgin atmosfer” deyirəm ki, bir tərəfdə ölkədə dəyişikliyin vacibliyinə inanaraq, seçkiyə ümid kimi baxan, lakin MSK-nın biabırçı saxtakarlığı nəticəsində məğlub duruma düşən və buna görə çox hiddətlənən, amma müəyyən səbəblərdən nifrət və qəzəblərini içində saxlayanlar, digər tərəfdə isə saxta qələbəni atəşfəşanlıqla qeyd edənlər vardı…

Seçkinin nəticələrindən razı qalmayanlar təkcə müxalifətin aktiv tərəfdarları deyil. Ölkədəki durumdan narazı olan, amma siyasi fəallığı seçkidə səs verməkdən irəli getməyən təbəqə də bura daxildir. Aktiv müxalifətçilər səslərini qorumaqdan ötrü hətta icazəsiz etiraz aksiyaları keçirə bilirsə, qeyd etdiyim təbəqə bu fəaliyyətdən uzaqdır. Onları yalnız müxalifətin dinc və icazəli mitinqləri vasitəsilə proseslərə cəlb etmək mümkündür. Bu mənada, 12 oktyabrda Milli Şuranın keçirdiyi dinc və icazəli mitinq bu istiqamətdə atılmış uğurlu addım sayıla bilər.

Seçki öncəsi hakimiyyət cəmiyyətdə xof yaratmaq, bu ölkədə toxunulmaz kimsənin olmadığını insanların şüuraltına yeritmək üçün bir sıra həbslər həyata keçirdi. NIDA-çı gənclərin, REAL sədri Ilqar Məmmədovun, Müsavat başqanının müavini Tofiq Yaqublunun, başqanın müşaviri Yadigar Sadıqovun, jurnalist Pərviz Həşimlinin həbsi… Hətta AXCP sədrinin oğlunu da “tam zamanında” tutub 25 sutkalıq həbs cəzası verdilər. Təbii ki, bu cür addımların məqsədi qorxunu cəmiyyətin iliklərinə yeritmək idi. Bu gün meydana çıxan hər kəs bu qorxu hissini qırmalı, belə bir psixoloji baryeri aşmalıdır. Bu isə bir dinc mitinqlə həll ediləcək problem deyil.

Hakimiyyət eyni zamanda, özünün “sarsılmaz və güclü olduğu, beynəlxalq aləmlə qarşıdurmalardan çəkinmədiyi və seçkinin nəticəsini də özü müəyyən edəcəyi” mesajını vermək məqsədi güdürdü. Təsadüfi deyil ki, seçki öncəsi bir sıra beynəlxalq təşkilatlarla konfrantasiya yarandı. Ilqar Məmmədovun sərbəst buraxılmasını tələb edən beynəlxalq təşkilatların çağırışları qulaqardına vuruldu. Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser bu mövzuda hesabat hazırlamaq üçün Azərbaycana gəlmək istəsə də, ona viza verilmədi. AFU-nun fəaliyyətinin bərpasına icazə verilməsinə dair müraciətlər nəticəsiz qaldı. Hətta iş o yerə çatdı ki, iqtidar ABŞ dövlət katibinin müavini Tomas Meliaya seçkiyə qədər ölkəyə gəlməməyi məsləhət gördü. Və bütün bunları da nəzarətindəki KIV-lər vasitəsilə cəmiyyətə mesaj olaraq ötürürdü.

Deməli, bu gün mitinqə gəlmək istəyən vətəndaş bu psixoloji əngəli də aşmalı və özünün iqtidardan deyil, iqtidarın ondan asılı olduğuna inanmalıdır. Vətəndaş inanmalıdır ki, iqtidarı seçəcək olan odur! Anlamalıdır ki, iqtidarın gücü məhz vətəndaşın siyasi proseslərdən uzaq durmasındadır. Milli Şuranın seçkidən sonrakı dinc mitinqi cəmiyyətdə bu qığılcımı yandırdı.

Yəqin ki, xatırlayırsız, ötən əsrin sonlarında xalq elə bu liderlərin arxasınca gedib azadlığına qovuşmuşdu. Amma sonra həm xalq, həm də liderlər üzərində oynanılan oyunlar nəticəsində millət liderlərindən soyuduldu, liderlər də xalqa inamdan uzaq düşdülər. Indi millət liderlərini, liderlər də millətini təkrar tapmaqdadır. Mitinq də bu yolda böyük bir addımdır.

Cəmiyyətdə mövcud olan “Mən siyasətə qarışmıram” ifadəsi məhz son 10 ildə iqtidarın siyasi texnoloqlarının əməyinin nəticəsidir. Bu gün ölkədə siyasətlə məşğul olmaq təhlükəli işə çevrildiyindən, cəmiyyətdə avtomatik özünüqoruma instinkti kimi, “mən siyasətə qarışmıram” ifadəsi formalaşıb. Məsələn, sosioloji sorğularla bağlı video-süjetlərdə verilən sualın məhz bu cür cavablandırıldığını çox tez-tez görürük. Hətta elə adamlar var ki, sosial şəbəkələrdə həqiqəti ifadə edən statusları bəyənməkdən (“like”) belə çəkinirlər.

Bütün bunları nəzərə alaraq, yuxarıda da qeyd etdim ki, mitinqə gəlib fikrini sərbəst şəkildə ifadə etmək istəyən hər bir vətəndaş ilk növbədə bu cür qorxuları dəf etməlidir. Bu gün Milli Şuranın qarşısındakı ən böyük əngəl də mövcud iqtidarın özündən daha çox, onun son 10 ildə cəmiyyətdə yaratdığı bədbinlik, inamsızlıq və xofdur. Milli Şuranın keçirdiyi mitinqlər həm də bu ziyanlı düşüncələri aradan qaldırmaq, beyinlərdəki əngəlləri aşmaq baxımından çox ciddi addımdır.

Cəlal Babayev