“Hər hansı təzyiq məni yolumdan döndərə bilməz”

MSK üzvü Akif Qurbanov: «Düşünmürəm ki, mənim mövqeyimlə Ümid Partiyasının mövqeyi arasında ziddiyyət var»

“Mənə mövqeyimdən geri çəkilmək üçün hər hansı şirnikləndirici təklif olmayıb. Çünki mənim mövqeyim konkretdi və bu təklifi edə biləcək şəxslər hansı cavabı alacaqlarını yaxşı bilirlər”. Bu sözləri “Azadlıq”a Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Akif Qurbanov bildirib.

Akif Qurbanov 9 oktyabrda keçirilən prezident seçkisi ilə bağlı MSK-nın yekun protokoluna imza atmayıb və xüsusi rəydə qalıb. Akif Qurbanov rəyində seçkinin azad və ədalətli keçirilmədiyini bildirib.

MSK üzvü bizimlə söhbətində qeyd edib ki, mövqeyi hüquqa əsaslanır və hesab edir ki, doğru qərar verib: “Mən 2006-cı ildən Mərkəzi Seçki Komissiyasının üzvüyəm. Hər zaman doğru bildiyim qərarları vermişəm. Və konkret 9 oktyabrda keçirilən prezident seçkisi ilə bağlı qərarım da birdən-birə olmayıb. Daxil olan şikayətləri, müşahidəçilərin rəylərini, aşağı komissiyalardan aldığım məlumatları, həmçinin Kütləvi Informasiya Vasitələrində seçkidə baş verən qanun pozuntusu və saxtakarlıqlarla bağlı yayılan foto və video faktları nəzərə alaraq qərara gəlmişəm ki, bu seçki azad və ədalətli keçirilməyib. Bu baxımdan da yekun protokola imza atmayaraq xüsusi rəylə çıxış etmişəm”.  

Akif Qurbanov deyib ki, mövqeyi ilə bağlı ona hər hansı təzyiqlər edilməyib: “Hər hansı təzyiq məni yolumdan döndərə bilməz və belə bir hal da baş verməyib. Doğrudur, müəyyən eyhamlar edilib. Amma ciddi təhdid və təzyiqlər olmayıb. Açığı indiki vəziyyətdə bunun baş verəcəyini də düşünmürəm. Çünki rasional yanaşma belə tələb edir. Azərbaycan indi diqqət mərkəzindədir. Belə bir vəziyyətdə MSK üzvünə qarşı hər hansı təzyiq bunu edənlərə fayda verməz”.

Akif Qurbanov “Ümid” Partiyasında da mövqeyinin dəstəkləndiyini bildirib: “Mən 2006-cı ildə komissiya üzvü olduğuma görə Ümid Partiyasından istefa versəm də, bu təşkilatla mənəvi bağlılığım qalıb. Təbii ki, orda da mənim mövqeyimi dəstəklənir. Partiya da hesab edir ki, seçki azad və ədalətli keçməyib. Düşünmürəm ki, mənim mövqeyimlə Ümid Partiyasının mövqeyi arasında ziddiyyət var”. 

Ilham