“25%” iddiasının əhatə dairəsini böyütdülər; vitse-spiker Obamanın seçkisinə kölgə saldı; MN isə səfirin “ifşasında” israr edir
Oktyabrın 9-da keçirilən prezident seçkisindən sonra Azərbaycan hakimiyyətilə Qərb arasında qarşıdurma davam edir. ABŞ və Avropanın nüfuzlu demokratik ölkələrinin seçkinin nəticələrini tanımamasına Azərbaycan hakimiyyəti şantajla cavab verir. Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin ABŞ-ın seçki ilə bağlı “təklifi” (Milli Şuranın namizədinə 22-25 faiz, Ilham Əliyevə isə 74-75 faiz səs yazılması) barədə sensasion açıqlamasından sonra PA-nın şöbə müdiri Elnur Aslanov analoji fikirlər səsləndirib.
Hər iki şəxsin fikirləri ABŞ tərəfindən təkzib edilsə də, hakimiyyət şantaj kampaniyasını davam etdirir. Dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov da bu barədə danışıb. O, APA-ya bildirib ki, təkcə ABŞ yox, digər beynəlxalq təşkilatlar və yaxud onların Bakıdakı nümayəndəlikləri, hətta müşahidəçilər də Azərbaycan hakimiyyətinin təmsilçiləri ilə söhbətlərdə eyni təklifi irəli sürüblər: “Bu görüşlərin bir çoxunun iştirakçısı da olmuşuq. Onlar bizə bildirirdilər ki, əgər seçkinin nəticəsində Ilham Əliyev 80 faizdən çox səs toplayarsa, bu, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmaz, daha aşağı olsa, daha yaxşı olar və sair… Seçkidən əvvəl keçirilən sorğular Ilham Əliyevin 80-85 faizdən də yüksək səs çoxluğuna malik olduğunu göstərirdi. Seçkidə də bu nəticə ortaya çıxdı. O zaman necə seçkinin nəticəsinə müdaxilə etmək olar? Axı seçkinin ilk növbədə saxtakarlığı bundan ibarət olardı. Görünür, beynəlxalq ictimaiyyət üçün, o cümlədən də ABŞ üçün belə böyük fərqlə seçkidə qələbə qazanmaq təəccüblü gəlir. O ölkələrdə bu cür yüksək səs çoxluğu ilə qalib gələn lider yoxdur və dünyada ümumiyyətlə, belə liderə nadir hallarda rast gəlinir. Amma bu, Azərbaycan ictimaiyyəti üçün çox normaldır və reallıqdır ki, xalq öz milli hissinə daha çox söykənərək liderlərini dəstəkləyir. Ilham Əliyevin həyata keçirdiyi proqramlar, işlər artan tempdədir və onun reytinqi yüksəkdir”.
Bu arada başqa bir qalmaqalla bağlı yeni məlumat yayılıb. Söhbət müdafiə naziri Səfər Əbiyevlə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar arasında olan görüşdə səfirin fikirlərinin təhrif olunmasından gedir. Müdafiə Nazirliyi həmin görüşdən yaydığı məlumatda iddia edir ki, Riçard Morninqstar seçkinin arxada qaldığını, Ilham Əliyevin qalib gəldiyini deyib. Lakin bu məlumatdan dərhal sonra ABŞ səfirliyi açıqlama yaydı ki, səfirin fikirlərində qeyri-dəqiqliyə yol verilib. Müdafiə Nazirliyi isə səfirin səs yazısını yaya biləcəyini bəyan etdi. Dünən də Müdafiə Nazirliyinin NATO və Beynəlxalq Hərbi Əməkdaşlıq Idarəsinin rəisi, general-mayor Ramiz Nəcəfov da sözügedən məsələyə münasibət bildirib. O, publika.az-a açıqlamasında deyib ki, müdafiə naziri ilə ABŞ səfiri arasında keçirilən görüş özəl olmayıb. Onun sözlərinə görə, həmin görüşdə həm ABŞ, həm də Azərbaycan tərəfindən bir neçə şəxs, o cümlədən KIV üzrə məsul şəxslər iştirak edib: “Bu görüş də bütün görüşlər kimi protokol qaydalarına uyğun olaraq yazılıb, video və foto çəkiliş aparılıb. Səfirin görüşü gizli yazılmayıb, bunu səfir özü də əvvəlcədən bilib. Hətta, səfirliyin əməkdaşı da öz qeydlərini aparıb. Səfir çox yaxşı bilirdi ki, o, təkbətək görüş keçirmir. Digər tərəfdən isə ABŞ səfiri ilə keçirilən görüş Müdafiə Nazirliyinin görüş zalında təşkil olunub. Biz il ərzində yüzlərlə bu cür görüş keçiririk və hər bir görüş də protokol qaydalarına uyğun olaraq qeydə alınır və arxivləşdirilir. Bu baxımdan da hesab edirəm ki, ABŞ səfirliyinin Müdafiə Nazirliyini ”yalançı” çıxarması doğru deyil”.
Müdafiə Nazirliyinin idarə rəisi görüş zamanı səfir Riçard Morninqstarın söylədiyi fikirlərin təhrif olunub-olunmaması məsələsinə də toxunub. Ramiz Nəcəfov deyib: “Əgər həmin görüş 1 saat çəkibsə, cəmi onun 2 dəqiqəsində seçkilərdən danışılıb. Digər vaxtları isə ancaq ikitərəfli və beynəlxalq əməkdaşlıq, 907-ci düzəliş və sairə məsələlər müzakirə olunub. Hətta, görüş zamanı ABŞ səfiri 907-ci düzəlişin iki ölkə əməkdaşlığına mənfi təsir göstərdiyini və tezliklə bunun ləğvinə tərəfdar olduğunu söyləyib. Bundan əlavə, ABŞ səfiri görüş zamanı Azərbaycanda keçirilən Prezident seçkilərindən də danışıb və deyib ki, artıq seçkilər arxada qaldı və ATƏT-in bəzi iradlarına baxmayaraq Ilham Əliyev qalibdir. Bu fikri ABŞ səfiri söyləyib və elektron yazısı arxivdə də qalır”.
Dünən hakimiyyət düşərgəsindən daha bir qalmaqallı açıqlama gəlib. Açıqlamanın müəllifi parlamentin vitse-spikeri Bahar Muradovadır. O, hakim Yeni Azərbaycan Partiyasının (YAP) saytına verdiyi müsahibədə dolayısı ilə ABŞ-da keçirilən prezident seçkisinə kölgə salıb və Barak Obamanın qanun pozuntuları ilə seçildiyini iddia edib.
Beləliklə, görünən odur ki, Azərbaycan hakimiyyəti seçki saxtakarlığını etiraf etmək əvəzinə Qərblə qarşıdurmanı dərinləşdkirmək yolunu tutub. Bu isə ilk növbədə hakimiyyətin özü mənfi nəticələrə səbəb ola bilər.
İnformasiya şöbəsi