Oktyabrın 20-də mitinq keçirmək üçün BŞIH-ə ünvanlanmış müraciət yoxa çıxdı
Milli Şuranın oktyabrın 20-də mitinq keçirəcəyi haqda xəbər vermişdik. Belə ki, Milli Şura oktyabrın 14-də növbəti mitinqi keçirmək üçün BŞIH-ə müraciət ünvanlamışdı. Ancaq nəzərdə tutulan müddət başa çatsa da, BŞIH mitinq müracətini cavablandırmadı və belə izah edildi ki, Milli Şuranın müraciət məktubu BŞIH-ə daxil olmayıb. Qeyd edək ki, BŞIH-ə poçt vasitəsilə müraciət olunmuşdu və həmin müraciətin qəbzi də bunu sübut edir.
Milli Şuranın üzvü Gülağa Aslanlı bildirdi ki, BHIŞ-in açıqlaması real görünmür və bu mitinqin keçirilməsinə icazə verməmək üçün bəhanədir: “Bunlar əsas göstərirlər ki, guya müraciət ünvanlandığı vaxt qeyri-iş gününə təsadüf edib və buna görə də məktub ünvanına çatmayıb. Ancaq bu məktubun göndərilməsi tam sübuta yetirilib və bu məsələ məhkəmə predmeti ola bilər. Görünür, inkişafımız o qədər sürətlidir ki, məktub 5 günə ünvanına çatmır. Hakimiyyətin bəhanəsini əlindən almaq üçün növbəti müraciəti göndərmişik və oktyabrın 27-də mitinq keçirməyə qərar vermişik”.
Milli Şura üzvü Gözəl Bayramlı hesab edir ki, BŞIH-in açıqlaması yalandır və mitinqin keçirilməsinə mane olmaq cəhdidir: “Biz qanunlar çərçivəsində müraciət ünvanlamışdıq və mitinqi keçirməyə qərar vermişdik. Ancaq hakimiyyətin mitinqlə bağlı konkret qərarı olmadığı üçün BŞIH bu müraciəti cavablandırmadı. Necə olur ki, seçki öncəsi bütün məktublar ünvanına çatdı, seçkidən sonra edilən müraciət qəbul edilmədi. Onsuz da biz hər həftə mitinq keçirməyə qərarlıyıq və bu hüququmuzdan sona qədər istifadə edəcəyik. Ona görə də biz bu gün BŞIH-ə növbəti dəfə müraciət ünvanlamışıq və oktyabrın 27-nə mitinq təyin etmişik”.
Məsələyə aydınlıq gətirmək üçün Bakı Şəhər Icra Hakimiyyətinin Ictimai Təşkilatlar və Siyasi Partiyalarla Iş Şöbəsinin müdiri Zaur Ramazanlı ilə əlaqə saxladıq. Zaur Ramazanlı bildirdi ki, Milli Şuranın mitinqlə bağlı müraciəti BŞIH-ə daxil olmayıb və belə olan halda onların mitinqlə bağlı mövqe ifadə etmələri mümkün deyil: “Mən demirəm ki, Milli Şura poçtla məktub göndərməyib, mən deyirəm ki, bu müraciət bizə daxil olmayıb. Yoxsa əvvəlki mitinqlərdə olduğu kimi, bu dəfə də cavablandırardıq”.
Ilham Hüseyn


