Anar Məmmədov Şəhidlər Xiyabanına göz dikdi

Nazir oğlu Ucarda şəhidlərin uyuduğu ərazidə bank tikdirmək istəyir

 

Səfərim Məmmədovların doğulduğu Ucar rayonunadır. Yəqin ki, söhbətin Ziya və Elton qardaşlarından getdiyini anladınız. Adətən, bir rayon nazir və deputat “yetişdirirsə”, oranın ümumi mənzərəsi qənaətbəxş olur. Heç olmasa görüntü naminə də olsa, hansısa işlər görülür. Ucarda olduğum zaman anladım ki, təsəvvürlərim yanlış imiş. Hə, nə olsun ki, qardaşlardan biri nazir, biri isə deputatdır. Bunun sadə ucarlıya heç bir isti-soyuğu yoxdur.

 

Salındığı gündən dağıdılma ehtimalı

Rayonun mərkəzində quruculuq-abadlıq işlərindən söz açmayacağam. Birbaşa mətləbə keçəcəm. Çünki yazacağım problem hər bir rayon sakinini narahat edir. Rayon mərkəzindən azca aralıda Şəhidlər xiyabanı yerləşir. Ərazisi təxminən 4 hektara yaxındır. Şəhidlər xiyabanı AXC dövründə salınıb. Rayonun ovaxtkı icra başçısı Beydulla Abdullayev çox çətinliklər bahasına bu xiyabanı yarada bilib. Rayon sakinlərinin bildirdiyinə görə, xiyaban salındığı gündən onun dağıdılması ehtimalı olub: “O vaxtlar da, indi də vəzifədə olan şəxslər Şəhidlər xiyabanının burada olmasına qarşı çıxıblar. Həmişə deyiblər ki, bu qədər ərazi şəhidlər üçün artıqdır. Başqa bir qrup isə 4 hektar ərazini Şəhidlər Xiyabanına verdiyinə görə AXC-ni qınayırdı. Deyirdilər ki, bu qədər böyük ərazini şəhidlərin ruhuna ithaf etməklə, onların sayını artırmağı düşünüblər. Guya AXC vaxtı hakimiyyətdə təmsil olunan qüvvələr istəyirmişlər ki, 4 hektar ərazi başdan-başa şəhid məzarları ilə dolsun. YAP-çı yalanıdır”.

Hər şeyi mal-qaranın üstünə atmaq istəyirlər

Rayon sakinləri deyirlər ki, Şəhidlər xiyabanını sökmək planı elə yarandığı gündən bəzi qüvvələrin məkrli planı olsa da indiyə kimi həyata keçməyib: “Ovaxtkı icra başçısı ilə yanaşı rayon camaatı da birlik nümayiş etdirib bu planın qarşısını alıblar. Indiki icra başçısı Yaşar Məmmədova qədər üç şəxs rayona rəhbərlik edib (Beydulla Abdullayevdən başqa – R.D). heç biri Şəhidlər xiyabanına əl uzatmağa cəsarət etməyib. Amma ötən ilin aprelində rayon rəhbərliyinə gətirilən Y.Məmmədov bir qrup şəxsin çoxdankı arzusunu reallaşdırmaq niyyətindədir”.
Belə ki, 4 hektarlıq Şəhidlər xiyabanından artıq 12 sot ərazi qalıb. Qalan boş sahələr mal-qaranın nəzarətinə verilib. Günün bütün saatlarında heyvanlar əraziyə buraxılır. Hasara alınmış bütün yerlər artıq dağıdılıb. 8-9 şəhid məzarı hələ ki, sağ-salamatdır. Amma sakinlər ümidlərini itiriblər. Onlar qısa zamanda icra başçısının göstərişi ilə 12 sotluq ərazinin də yerlə-yeksan ediləcəyini düşünürlər. Deyirlər ki, “mal-qara dağıdıb” adı ilə həmin yeri ələ alacaqlar.
Sakinlərin sözlərinə görə, dəfələrlə Şəhidlər xiyabanı basqına məruz qalıb: “Əvvəllər buranı ələ keçirmək üçün ətrafda olan su arxlarının ağzını bu əraziyə yönəldirdilər ki, vətən uğrunda döyüşənlərin valideynləri uşaqlarının məzarını buradan köçürsünlər. Camaat birtəhər bu təzyiqlərə sinə gərə bildi”.

Zəbt olunmayan yeganə ərazi

Ucarlılar deyir ki, Şəhidlər xiyabanının bir hissəsinə şəhər, bir hissəsinə isə Gəraybəyli kənd bələdiyyəsi nəzarət edir. Rayonda gəzən söz-söhbətlərə görə, şəhər bələdiyyəsinin sədri Sərraf Kamilov sakinlərə bildirib ki, Şəhidlər xiyabanının ərazisi böyük olduğundan onun bir hissəsi satılacaq: “Hamıya məlumdur ki, Məmmədovların sayəsində rayonda bir qarış da olsa boş torpaq qalmayıb. Məmurların olmayan yeganə torpaq bu idi ki, onu yavaş-yavaş ələ keçirirlər”.
Rayon camaatının sözlərinə görə, 20 Yanvar günü Şəhidlər xiyabanının önü izdihamlı olur. Bu il isə insanlar rahat şəkildə məzarları ziyarət edə bilmədi. Ziyarətçilərin əksəriyyəti 12 sot ərazidən kənarda qalıb.
Adının çəkilməsini istəməyən rayon sakini deyir ki, 4 hektarlıq sahənin Şəhidlər xiyabanına ayrılmasında məqsəd ərazinin Gəraybəyliyə düşən hissəsində rayon camaatı üçün məscid tikmək imiş. Bundan əlavə, rayon üçün işlər görmüş iş adamlarının, elm adamlarının məzarlarının da bura salınması nəzərdə tutulubmuş. Amma deyəsən bu arzu reallaşan deyil…

Xiyaban niyə sökülür?

Şəhidlər xiyabanının yaxınlığında qızıl istehsalı ilə məşğul olan “Azqold” müəssisəsi yerləşir. “Azqold”un ətrafı gözəgəlimlidir…
Verilən məlumata görə, Şəhidlər xiyabanının sökülməsi planı nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdan gəlib. Məlumatda qeyd edilir ki, çox güman ki, Şəhidlər xiyabanının yerində A.Məmmədova məxsus bankın binası tikiləcək: “Bu, rayonda gəzən söz-söhbətdir. Amma əminik ki, belə də olacaq. Dəfələrlə bunun şahidi olmuşuq, əvvəlcə xəbər yayırlar, sonra onu həyata keçirirlər”.
Ucardan aldığım başqa məlumatda da bildirildi ki, xiyabanın sökülməsinə qərarın verilməsi nazir oğlunun tikdirəcəyi bank ilə əlaqəlidir.

***

Rayon sakinləri ilə vidalaşanda yalnız bunu dedilər – “Hər bir məmurun Ucarda ən azı 10-15 torpaq sahəsi var. Gözləri doymadığından istəyirlər ki, buranı da ələ keçirsinlər”.
“Şəhidlərin ruhu qəlbimizdə daim yaşayacaq” cümləsi xiyabanın girişində böyük hərflərlə həkk olunub, az qala göz deşir. Doymayan gözləri deşəcəkmi?!.

Ramin DEKO, Bakı-Ucar-Bakı