AXCP sədri Əli Kərimli dövlət müstəqilliyimizin bərpa olunmasının 22-ci ildönümü münasibətilə xalqı təbrik edib. Təbrikdə deyilir:
“Əziz həmvətənlər!
Müstəqillik hər millətin və dövlətin tarixində ən şərəfli, müstəsna hadisədir. Xalqlar on illiklər boyunca istiqlaliyyət uğrunda mücadilə aparıblar. 1991-ci ilin 18 oktyabrında Azərbaycan da növbəti dəfə öz müstəqilliyinə qovuşdu. Azadlıq və istiqlaliyyət uğrunda mübarizədə xalqımız öz əzmkarlığı ilə misilsiz uğur əldə etdi. Bu hərəkatın önündə Azərbaycan Xalq Cəbhəsinin getdiyini məmnunluqla xatırlayır və bununla fəxr edirik. Ötən əsrin sonlarında Milli Azadlıq Hərəkatına rəhbərlik etmiş Əbülfəz Elçibəyin böyük əməllərini, canını vətən uğrunda qurban verməkdən çəkinməyən şəhidlərimizi və qazilərimizi daim qürur hissi ilə yad edəcəyik.
Çətinliklə qazandığımız müstəqilliyi qorumaq, inkişaf etdirmək hər birimizdən daha böyük iradə və məsuliyyət tələb edir. Müstəqil dövlətin dəyərini yalnız azad və hürr insanlar bilər. Fərdi hüquq və azadlıqlarını müdafiə etməyi bacaran vətəndaşların qurduğu dövlət daha möhkəm və dayanıqlı olur. Yaxın tariximizlə fəxr etdiyimiz kimi, gələcək fəaliyyətimizdə də ardıcıl və inamlı olmalıyıq. Ədalətli və ləyaqətli cəmiyyətdə, iqtisadi, siyasi və şəxsi hüquqlarımızın təmin olunduğu bir ölkədə yaşamaq naminə hər birimiz fəal olmalı, demokratiya ideyalarının gerçəkləşməsi uğrunda mübarizəmizi davam etdirməliyik.
Bu sevimli gündə onu da təəssüflə xatırlamağa məcburuq ki, Müstəqillik bayramımız dövlət səviyyəsində qeyd olunmur, sanki adi günlərdən biriymiş kimi unutdurulmağa çalışılır.
Əziz həmvətənlər! Sizləri Müstəqillik günü münasibətilə təbrik edirəm. Müqəddəs amallarımızın həyata keçməsi üçün bundan sonra da bütün səddləri aşacağımıza, bu şərəfli bayramı böyük ruh yüksəkliyi və layiq olduğu səviyyədə qeyd edəcəyimizə qəti əminəm.
Tanrı yardımçımız olsun!”.


