Akkanın dəstəsi

Qarğıdalı qəbzi, makbuzu və “koçancı oğlan”

Qənimət Zahid

Təbii, adam beynəlxalq mükafatların laureatıdır. Bir ildə iki beynəlxalq mükafat alıb. Azərbaycanın “Tərəqqi” adlı, Monqolustanın isə “Çingizxan” medalı ilə təltif edilib. Monqolustanda ona bu medalın nəyə görə verildiyini bilmirik, amma təxmin etmək olar. Axı, Çingiz xan bir fateh idi və görünür, cənab Akkan Suver də hansısa fethiyyelerin altına imza atmış birisidir.
Bakalım, görəlim, bunlar nə fəthlərdir və və nə tərəqqidir.

Professor, doktor, akademik,.. daha nələr və kimlər Akkan Suver 1942-ci ildə İstanbulda doğulub, amma İstanbulu fəth etmiş birisidir. Yəni, əslən balkan köçməni olaraq bilinir. İstanbulda böyüyüb başa çatıb. Çatdığı başların onun üzündən ağrıyıb ağrımadığını söyləmək çox zordur. Amma öz başını ağrılardan xilas etməyin ustadlarından sayıla bilər.

Özünün təsdiq etdiyi rəsmi tərcümeyi-halında ərz edilir ki, bu cənab Türkiyədə qəzetçiliklə məşğul olub, sonra siyasətə baş vurub, Milliyətçi Hərəkat Partiyasında, Alp Arslan Türkeş bəyin sağmı, ya solmu tərəfində yer alıb. Tamam, bu işin saxtası yox. Adam oralarda rəsmən də olub. Amma bir qədər sonra. Bu zamana qədər isə, hələ çox gənc yaşlarında Fətullah Kakioğlunun da sağımı-solumu olub. 50-ci illərin tanınmış Kürd şairlərindən və maarifçilərindən olan Fətullah Kakioğlunun yanına necə və nə üçün düşdüyü mübhəmdir, sirr olaraq qalır. Amma o zamankı türk aydınlarının xatirələrinə görə Akkan Suveri o zamanlar “koçancı” deyərək də anırmışlar. “Koçancı” nə deyə bir sözmüş? Sözün kökü, əlbəttə, “koçan”dır.
Bu sözün tam 7 rəngi var.Bunlardan biri də “dəftər biçimindəki qəbz və ya biletlərin kəsilən hissəsi qoparıldıkdan sonra cildə bağlı qalan hissəsi” deməkdir. Qalan 6 rənglə işiniz olmasın. Onların arasında hətta qarğıdalının bir hissəsi, “kupça” anlamını verən “tapu” sözü və s. və i.a. var.

Akkan Suver adlı, iki ölkənin ali mükafatlarını almış (əgər Monqolustandakı “Çingiz xan” medalı da bizdəki “Tərəqqi” urvatındadırsa) prof.dr. həzrətlərini həmin uzaq 50-ci illərin sonunda nə üçün “koçancı” deyə anırmışlar, bu da aləmdir və məzkurun şanlı bioqrafiyasının tərkib hissəsidir. Demək, həmin o əski zamanlarda Fətullah Kakioğlu kürd maarifçiliyi ilə məşğul olanda Akkan həzrətləri də onun yanında hərlənirmiş və kürd iş adamlarından maarifçilik naminə para yığıb onlara “koçan”, yəni qəbz verirmiş. Bu qəbzlərin dəftərin cildinə bağlı hissəsini kimsə görmədiyindən elə həzrət Akkanın özünü “koçan”, və ya “koçancı” adlandırıblar ki, dəftərə-filana ehtiyac olmasın. ( Görünür, o zamanlar bu “koçan” sözünün zibili çıxdığı üçün Türk dil qurumu bu sözdən imtina edib, “koçan” sözünü “makbuz”la əvəz edib. “Koçan” arxaikləşib). 60-ların əvvəllərində Fətullah Kakioğlu və onun getdiyi yolun bir çox başqa yolçuları həbsxanalara doldurulanda Akkan Suver arxaikləşməyib və arxaikləşməmək üçün də özünü sosialist hərəkatın dayaz yerdəki dalğalarının ağuşuna atıb və aşağı-yuxarı, 20 il oralarda üzüb. Sosialist olaraq qəzetçiliklə uğraşıb. Çünki burası ən təhlükəsiz yer idi. “Dünya”-filan kimi qəzetlərdə redaktor köməkçisi-filan kimi vəzifələrdə bəxtini sınayıb və birdən birə karyeranı dəyişmək lazlm gəlib.

80-ci illərdə cənab Akkan Suver sosialist hərəkatdan nifrət edərək Milliyətçi hərəkata üz tutub. Əlbəttə, bu sosial- nasizm deyildi və nasional-sosializm də deyildi. Karyera idi. Sonra bu karyeranın üzərinə şübhələr düşdü. Şübhələr əsaslı idimi, ya əsassız, hələ də heç kimə bəlli detil. Amma adamların ağzını qapaya bilməzsən ki… Adamlar hələ də danışırlar ki, 12 eylül olaylarından sonra Türkeş bəy və onun sağındakı-solundakı adamların hamısı həbs olundu, Akkan Suver ortalıqda sağ-salim qaldı. Əlbəttə, bu da bir bacarıqdır, yaxud alın yazısıdır, ya da seçimdir…
Seçim incə məsələdir və Akkan Suverin seçim işlərinə qarışması üçün hələ bir müddət də lazım gələcəkdi.

Günəşli 90-cı illər onun üzünə nur saçdı. Azərbaycanda Heydər Əliyev hakimiyyətə gəldi. Amma durun! Hələ bu zamana qədər Akkan bəy Boks Federasiyasının vitse prezidenti olur, Beynəlxalq Boks Federasiyasında hansısa elmi-filan Komitə tapıb oralarda da işlərlə uğraşır. Mədəniyyətlərarası yumruqlaşmaq, pardon, dialoq məsələlərinə baş vurur. Yunan, erməni və suriyani məzhəbləri ilə konfranslar təşkil edir, Vatikanın və Papa XVİ Benediktin də gündəliyinə sıçrayır. Artıq Milliyətçi Hərəkatın üfüqlərindən o tərəflərə uzanan nəhəng bir müstəvi həzrət Akkanın həyat üfüqləri ilə uzlaşır.

Amma Azərbaycanda da Heydər Əliyev hakimiyyətə gəlir. Və cənab Akkan Suver tam bu zamanlara özünü əski milliyətçi kimi yetirir. 1997-ci ildə cənab Akkan Suver Marmara Fondunun prezidenti olur. Onun Azərbaycan adına sevdaları da fışqırmağa başlayır. Akkan Suver Türkiyə iş adamlarını dəstə-dəstə toplayıb Azərbaycana gətirir, onları rəsmi məqamlarla görüşdürür. Yaman dillər deyirlər ki, Akkanın dəstəsində yer ala bilən iş adamları hansısa vasitəçilərə (mən iddia etmirəm ki, bu vasitəçilər cənab Akkanla irtibatlı imişlər) adambaşı 50 min dollar ödəyirmişlər. Məram və məqsəd “əlahəzrət” Viktor Kojenın iş üslubunu şərtləndirən dəyərlərə nə qədər də yaxındır!

Amma cənab Akkan heç kimə neft sektoru kimi müqəddəs və toxunulmaz müstəvidə vəd vermir. Əlbəttə, kimsə iddia edə bilməz ki, cənab Akkanın dəstəsinə daxil olan hansısa türk iş adamı nə zamansa Azərbaycanda hansısa iş sahibi ola biliblər. Amma zorluq çəkənləri az deyil. Olduqca nikbin bir misal gətirim ki, zorluq çəkənlərdən birisi, məsələn Türkiyənin Bakıdakı səfirliyində iqtisadi məsələlər üzrə müşavir vəzifəsində çalışan Mustafa Adıgüzəl olub. Mustafa bəy Bakıda, ,,Ocaqbaşı,, restoranında Akkan Suverin iş adamları üçün verdiyi banketə dəvət edilib (1997) və əməlli-başlı zibilə düşüb. Sayın Akkan və heyətindəkilər hesab ediblər ki, bir halda ki, banketdə iqtisadiyyat məsələlərinə baxan rəsmi qonaq var, banketin məsrəfini də o ödəməlidir. Belə hesab etdikləri üçün olduqca məsum şəkildə yeyib-içib aradan çıxıblar və Mustafa Adıgüzəl bir neçə ay əmək haqqından faiz çıxmaqla sayın Akkanın qonaqlarının 3 min dollarlıq hesabını kapatmalı olub.

“Çingiz xan” ödüllü, “Tərəqqi” nişanlı sayın Akkan isə Azərbaycan hökumətinin sevimlisinə çevrilib və bu sevgi illərdir ki, davam etmədədir. Bu müddət ərzində Akkan bəy Bakıdakı ,,Təfəkkür,, Universitetinin (az qala, ildə bir prorektoru qətlə yetirilən bu əzabkeş universiteti yəqin hamı tanıyır) fəxri doktoru da olmaq imkanı qazanıb. Başqa nələri qazandığını araşdırmaq olar. Amma həm də qazandırır. Hər seçkidə onun Marmara adlı qrupunu Bakıya çağırırlar, o da Məzahir Pənahovun hələ sayıb qurtarmadığı bülletenlərin topasına bir nəzər fırladıb “seçki adil oldu, İlham Əliyev seçildi” deyə bəyanat atır.