Türkiyədən demokratiya mesajı

Davudoğlu: «Demokratiya təhlükəsizliyimizin açarıdır»

 

Qətərin “Əl-Cəzirə” kanalının Doha şəhərində təşkil etdiyi ənənəvi simpoziuma qatılan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu tədbirdə çıxışı zamanı önəmli mesajlar verib. Onun sözlərinə görə, ərəb dünyasını bürüyən inqilab dalğası uzun illər azadlıq və hüquqları məhdudlaşdırılmış xalqların daxili istəklərindən qaynaqlanır: “Hadisələr belə də cərəyan etməliydi. Çünki baş verənlər tarixi zərurətdən qaynaqlanır. Region xalqları müasir dünyanın bir hissəsi olmaqda israrlıdır. Onların bu istəyinə dəstək olmaq lazımdır”.
Davudoğlu bəzi avtoritar liderlərin “ərəb dünyası demokratiyaya hazır deyil” fikirlərini əsassız adlandırıb. Onun fikrincə, ərəb cəmiyyətlərinin avtoritarizmə ehtiyac duyduğunu söyləyənlər əslində radikal islamçılığı dəstəkləyənlərdir: “Bəzi ölkələr Yaxın Şərqdə demokratiyanın bərpasını regionun təhlükəsizliyinə təhdid kimi görür. Bu, terrorizm və radikal islamı təbliğ edən qüvvələrin təbliğatıdır. Ancaq biz bu gün tam məsuliyyətlə deyə bilərik ki, adi türk, sıradan bir misirli və tunisli tarixi dəyişdirmək qabiliyyətindədir. Demokratiya ən doğru seçimdir. Bizim xalqlar demokratik cəmiyyətlətdə yaşamaq haqqına sahibdir”.
Türkiyəli nazir demokratiya və insan haqlarının regionda sabitliyin bərpasına yola açacağını bildirib: “Demokratiya təhlükəsizliyimizin açarıdır. Məhz xalqların iradəsiylə formalaşan hökumətlər regionun sabitliyi və təhlükəsizliyi məsələsində ortaq məxrəcə gələ bilərlər. Onların sıx əməkdaşlığı bölgənin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır”.

 

İnformasiya şöbəsi