Yaponiya Çernobl faciəsinin bir addımlığında

Fransanın Nüvə Təhlükəsizliyi Agentliyi 48 saat vaxt qoyub

Zəlzələ və sunami qurbanlarının sayı 13 mini keçdi

Dünən səhər saatlarında Tokiodan şimal-şərqdə, Sakit okeanda 5,8 bal gücündə zəlzələ baş verib. Güclü təkan Xonsyu adasının mərkəzi və şimal-şərqindəki bütün əyalətlərdə hiss edilib. Sunami təhlükəsi yoxdur. Yaponiya hökuməti martın 16-dan soyutma sistemləri zədələnən 6 reaktorlu stansiyanı soyutmağa çalışır. Hərbi vertolyotlar dəniz suyunu reaktorlara töksə də, bunun təsiri çox az olur. Vaxt getdikcə daralır, artıq bir neçə partlayış və alışma baş verib. MAQATE-dəki mənbə bildirib ki, “Fukusima-1″də vəziyyət bir az yaxşılaşıb, ancaq arxayın olmaq hələ tezdir: ”Belə görünür ki, yapon mütəxəssislərə reaktorları soyutmaq üçün su vermək müyəssər olub. Ancaq dördüncü blokda problem ciddi olaraq qalır”.

Radiasiya da öldürməyə başladı

Dünən Yaponiyada radiasiyadan ilk ölüm halı qeydə alınıb. Partlayış baş vermiş “Fukuşima-1″ AES- in yaxınlığındakı bölgədə müalicə edilən 14 nəfər radiasiya təhlükəsi ilə əlaqədar xəstəxanadan çıxarıldıqdan sonra ölüblər. ”Daily Telegraph” qəzeti isə radiasiya sızıntısının qarşısını almaq üçün səylərin kritik həddə çatdığını və fransalı mütəxəssislərə istinadən Çernobıla bənzər nüvə faciəsinin qarşısını almaq üçün 48 saat vaxtın qaldığını yazıb.
Martın 11-də baş verən zəlzələ və sunamidə ölən və itkin düşənlərlə bağlı yeni rəsmi statistika da açıqlanıb. Ölən və itkin düşənlərin sayı 13 min nəfəri keçib. Ölənlərin sayı 5 min 200 nəfər, itkin düşənlərin sayı 8 min 606 nəfərdir. Hazırda Yaponiyada təbii fəlakətin nəticələrinin aradan qaldırılması əməliyyatlarına 80 minə yaxın xilasedici, yanğınsöndürən və polis əməkdaşı cəlb edilib.

Əcnəbilər ölkədən qaçırlar

Yaponiyada radiasiya təhlükəsi ölkədə yaşayan xarici ölkə vətəndaşlarının kütləvi şəkildə vətənlərinə qayıtmasına səbəb olub. Onlar Yaponiyada nüvə fəlakətinin baş verəcəyindən qorxurlar. Tokionun Haneda hava limanına gələnlərin əksəriyyəti iş və təhsilini yarımçıq qoyaraq Çin, Honq-Konq və Cənubi Koreya vasitəsilə öz vətənlərinə uçur. Cənubi Koreya aeroportlarında isə Yaponiyadan gələn sərnişinlərin şüalanma testindən keçmək üçün xüsusi məntəqələrə yaxınlaşması tələb olunur.
ABŞ Dövlət Departamenti isə “Fukuşima-1″ AES-də yaranmış təhlükəli vəziyyətə görə amerikalı diplomatların ailə üzvlərinin bu ölkədən evakuasiyasına icazə verib. ABŞ hökuməti bunun üçün 4 xüsusi reys təşkil edib. Bununla belə, Dövlət Departamentində qeyd ediblər ki, evakuasiya prosesi könüllü həyata keçirilir.
Bu arada Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama Yaponiyanın baş naziri Naoto Kanla telefon danışığında “Fukuşima-1″də vəziyyyəti müzakirə edib və təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında istənilən mühüm köməyi göstərməyə hazır olduğunu bir daha təsdiqləyib.
Yaponiyada təbii fəlakətin nəticələrinin aradan qaldırılmasında və humanitar yardım göstərilməsində Birləşmiş Ştatların 14 hərbi gəmisi və 17 minədək hərbçisi iştirak edir.
Çox nadir hallarda televiziyaya çıxan Yaponiya Imperatoru Akihito xalqa müraciətində deyib ki, Yaponların xilası üçün dua edir. Yaponiya imperatorunu televiziya çıxaran isə heç də son 140 ilin ən ağır zəlzələsi olmayıb. Müraciətin səbəbi zəlzələ və sonrasında baş verən sunami nəticəsində ciddi zədələnən “Fukuşima” atom-elektrik stansiyasındakı (AES) vəziyyətdir.

Hökumət həqiqi informasiyaları gizlədir?

Hazırda 6 reaktordan biri – 4-cü reaktor daha böyük təhlükə kəsb eləyir. Çünki digər reaktorlar uranla işlədiyi halda, bu reaktorun nüvə yanacağı plutoniumdur. Plutonium isə ətraf mühit və insanlar üçün daha təhlükəlidir. Bir neçə gündür ki, hərbi vertolyotlar dəniz suyunu bu reaktora boşaldırdılar ki, qızmasının qarşısını alsınlar.
Fransanın Nüvə Təhlükəsizliyi Agentliyi də dünən plutonium reaktoruyla bağlı xüsusi narahatlığını bildirib. Agentlik deyir ki, onlar reaktorun özündən çox, artıq istifadə olunmuş plutonium çubuqlarından narahatdırlar. Agentlik bildirib ki, növbəti 48 saat həmin istifadə olunmuş plutoniumun taleyi baxımından çox kritik saatlardır.
Həm yapon mediasında, həm də Beynəlxalq Atom Enerjisi Agentliyində belə bir fikir səslənir ki, hökumət artıq “Fukuşima” stansiyasında nəzarəti itirir və ona görə də vəziyyət haqqında dəqiq informasiyanı gizlədir. 
Beynəlxalq Atom Enerjisi Agentliyinin direktoru Yukiya Amano deyib ki, gərək yapon hökuməti baş verənlərlə bağlı bütün detalları, təcili açıqlasın. Fransa Nüvə təhlükəsizliyi agentliyi isə bildirir ki, Yaponiya hökuməti fəlakəti 7 ballıq sistemdə 4 balla qiymətləndirsə də, onların fikrincə təhlükə səviyyəsi artıq çoxdan 6-nı keçib. Və dramatik həddədir.