Məğlubiyyətin qələbəsi: And içmə, inanırıq…

Növbəti seçilişdən sonra Azərbaycan xalqının canı heç olmasa beş il tele-kanal-şoulardan, növbəti ümidsizlikdən qurtarar. Söhbətin hansı xalqdan getdiyini bilirsinizmi? Iqtidarın acımasız, bic hoqqalarını, müxalifətin zəif hesablamalarını yaralı, gücsüz çiynində daşımağa məhkum xalqdan. Canında, qanında, dərisində ehtiyac və səfalət, kağız üzərində isə müstəqil ölkənin tox və azad vətəndaşı birkasını daşıyan xalqdan. Azadlığı yalnız çayxanalarda əlini domino stoluna çırpıb “baisin evi yıxılsın!” deməkdən və sairədən ibarət xalqdan…

Çox əlamətləri sadalamayıb, köhnə-yeni prezidentin təbrikinə başlayım deyirəm. Çünki hər dəqiqənin bir hökmü var, kim bilir, birdən adamın bunları yazdığı yerdəcə ürəyi dayanar və yaxud gözləri tutular. Heç biri olmasa da cibində narkotik, balışının altında silah aşkar olunub polisə aparılar. Sizin idarə etdiyiniz, bəlkə də etmədiyiniz ölkədə bu kimi hallar gündəlik həyat normasıdır, cənab prezident. Odu ki, nə qədər gec deyil, başlayaq.

Cənab prezident! Oktyabrın 9-da sizin üçün təşkil olunan səslərin hardan gəldiyindən xəbəriniz varmı? Uzaqgörən siyasətçi olduğunuz üçün yaxınlardan o qədər də xəbəriniz yoxdu yəqin, icazə verin, sizə yardımçı olum. Hərçənd ki, bunun özü mümkünsüz bir şeydi. Amma yenə də olsun. Deməli, cənab prezident! Başınızın dəstəsiylə birgə özəlləşdirdiyiniz ölkədə xalq adlı mövcudiyyət insanlığın ən aşağı səviyyəsində bir parça çörək üçün çabalayır. Heç bir şəxsi keyfiyyətinə, idarəçilik qabiliyyətinə görə deyil, qeyri-standart ölçülərə və standart əlaqələrə görə səlahiyyət sahibi olmuş məmurlar bəs nə edirlər? Yuxarıdan-aşağıya məngirlədikləri kürsülərdə yayxanıb həmin bu xalqın ləyaqəti, şərəfi, qüruru və nəhayət, bir loxma çörəyi ilə oynamaqla məşğuldurlar. Çünki bu azğın zümrənin  insaniyyətdən xəbəri yoxdu, xəbərdar olmaq kimi bir niyyət də göstərmirlər. 

Bunları sadaladığıma görə mənə gülə bilərsiniz. Gülmək sizə çox yaraşır, cənab prezident. Buyurun, afiyətlə gülün. Amma bəs biz nə zaman güləcəyik, deyə bilərsinizmi? Xəbəriniz varmı ki, xalq neçə illərdir içindəki ehtiyac, təşviş hissini atıb bircə dəfə ürəkdən gülə bilməyib? Hələ uzun illər də qəlbindəki yaraları sağaldıb gülə bilməyəcək. Nə isə, söz ki, gülməkdən düşdü, izninizlə, sizə gülməli bir əhvalat danışım. 

Deməli, bir məmur ciyərindəki problem üzündən xəstəxanaya düşür. Bir gün xəstəni yoluxmağa gələnlərdən tabe olduğu ən böyük rəis inayət edib ondan səhhəti barədə soruşur. Uzandığı üçün xəcalətdən daha da üzülən xəstə birtəhər özünü toplayıb cavab verir: “Tez-tez oğlumun qoluna girib ulu öndərin dəhlizdəki guşəsinə baxmağa gedirəm. Divarda onun layiqli varisi cənab prezidentimizin şəklini görəndə bütün ağrılarımı unuduram. Xəstəxanada, demək olar, hamı YAP-ın üzvüdür, Möhtərəm prezidentimizin sayəsində özümü evimdə, ailə üzvlərimin arasındakı kimi rahat hiss edirəm”. 

Xəstə məmur gələnlərə bu şəkildə siyasi minnətdarlığını ifadə edir… Böyüklər gedəndən sonra isə keçirdiyi həyəcandan vəziyyəti yenidən ağırlaşır. Dərhal oksigen balışı gətirib xəstə ziyarəti zamanı palatada olan növbətçi həkimi çağırırlar. Həkim çatar-çatmaz tapşırıq verir: “Oksigenə ehtiyac yoxdur, prezidentin portretini gətirin, bir də ailə üzvlərini çağırın”. Xəstə baxıcıları qorxa-qorxa həkimə deyirlər ki, gecənin bu aləmi ailəsinə necə deyək, bir də lap dedik, nə vaxta çatacaqlar ki, bura? Həkim arxayınlıqla dillənir: “Necə nə vaxta çatacaqlar, bax, elə indicə burda olacaqlar. Gedin qapıçını, ocaqçını, mamaçanı, təcili yardımdakı feldşeri, sürücünü, bir sözlə, kim əlinizə keçsə, gətirin. Kişi bayaq diliynən dedi ki, xəstəxana evim, işçilər də ailəmdi. Narahat olmayın, doğma YAP ortamında xəstənin eyni açılacaq. Portreti də yaxın tutun, rahat nəfəs alsın”. Xəstənin indiki vəziyyətindən xəbərim yoxdu, amma həkimin yüz faiz özünü “yandırdığı” gün kimi aydındır. Yəni növbəti korrupsiya ovunda mütləq həmin həkimin hansısa xəstədən qanunsuz rüşvət aldığı aşkara çıxacaq. 

Korrupsiyaya qarşı mübarizə işində beynəlxalq nüfuzumuzu artırsa belə, özlüyündə məsələ gülməlilikdən çıxıb kədərli hal aldı. Bir nəfərin az qala ölməyinə və digərinin onun bəlasına düşüb həbsə atılmaq ehtimalına inanmıram kimsə gülə bilsin. Yaxşı ki, ikiqat bayram ərəfəsi sizə ölkənin hər addımında baş verən tükürpədici faciələrdən deyil, yüngülcə bir əhvalat danışdım, 

P.S.Yəqin növbəti andiçmə mərasimində daha beş il hər bir ölkə vətəndaşının qarantı olmağa söz verəcəksiniz. And içməyin, cənab prezident, inanırıq.