Zeynalov olayında siyasi çalar varmı?

Vəfa Quluzadə: «Hakimiyyət Rusiya cəmiyyətindəki narazılığı özündən yayındırmaq üçün ölkədə milli ədavəti qızışdırır»

 

Moskvanın Qərbi Biryulyovo rayonunun sakini Yeqor Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalovun ilkin dindirmə zamanı qətli törətdiyini etiraf etməsi bildirilir. Saxlanılarkən Orxan Zeynalov döyülüb və işgəncələrə məruz qalıb.

Baş verənlərin fonunda istər Rusiyanın paytaxtında, istərsə də əyalətlərdə miqrantlara qarşı milli zəmində təqiblərə başlanıb. Milli ədavəti qızışdıran şüarlar, çağırışlar yayılmaqdadır. Rusiya müxalifətinin lideri Aleksey Navalnı cərəyan edən prosesləri bir qədər də qəlizləşdirən təşəbbüslə çıxış edib. Navalnı MDB-dən gəlmə miqrantları Rusiyadan çıxarmaq üçün imzatoplama kampaniyasına başlayacağını bəyan edib. Hazırda Rusiyanın paytaxtında xüsusilə soydaşlarımıza qarşı kütləvi qanunsuz hərəkətlərə yol verilir. Soydaşlarımızın işlədiyi məkanlara reydlər həyata keçirilir, azərbaycanlı sahibkarlar hamının gözü önündə təhqir edilirlər. Bəs baş verən hadisələr iki ölkə arasındakı münasibətlərə necə təsir edə bilər? Milli ədavətin qızışdırılması Rusiya kimi çoxmillətli dövlətə hansı fəsadları gətirə bilər?

Rusiya dövlətinin hazırda MDB ölkələrindən gələn miqrantlara böyük ehtiyacının olduğunu düşünən politoloq Vəfa Quluzadə bildirdi ki, miqrantlar həm ucuz işçi qüvvəsi, həm də rusların görmədiyi əziyyətli işləri reallaşdırmağa hazır şəxslərdir: “Əgər miqrantların həqiqətən də Rusiyaya ziyanı olsaydı, Kreml bu problemin həlli üçün 48 saat ərzində tədbir görərdi. Rusiya həm miqrantlardan külli miqdarda vəsait qazanır, həm də vaxtaşırı deportasiyanı qabardaraq onları rüşvət ödəməyə məcbur edir. Orxan Zeynalovun məsələsinə gəlincə, mən onu heç azərbaycanlı hesab etmirəm. Bu şəxs rus tərbiyəsi alıb, içki içir, dindar deyil. Bu, Rusiyanın öz yetirməsidir”.

Baş verən hadisənin Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə təsirinə gəlincə, V.Quluzadə düşünür ki, iki dövlət arasında əlaqələr baş verəndən ziyan çəkməyəcək. Çünki hazırda Rusiya cəmiyyətində baş verənlərin kökü Kremlə bağlıdır: “Hakimiyyət Rusiya cəmiyyətindəki narazılığı özündən yayındırmaq üçün ölkədə milli ədavəti qızışdırır. Baş verənlər Rusiya hakimiyyətindən narazılığın başqa formada ifadəsidir. Ona görə bu hdisələrin tezliklə səngiyəcəyi proqnozlaşdırılır”.

Xəyal