«Bu, Rusiyameyilli qüvvələrin fürsətdən istifadə edərək Azərbaycanla ABŞ arasında əlaqələri korlamaq niyyətidir»
«Ramiz Mehdiyevin dedikləri saxtadır» bəyanatı qarşıdurmanı bir qədər də gərginləşdirdi
Seçkidən sonra Azərbaycanla ABŞ arasında diplomatik skandalın yaşanmasını ekspertlər birmənalı qiymətləndirmir. Çünki seçkinin nəticələri ilə bağlı ATƏT və ABŞ-dan sərt mövqeyin gəlməsi hakimiyyəti “qabaqlayıcı” addımlar atmağa vadar edib.
Müdafiə naziri Səfər Əbiyevin ABŞ səfiri Riçard Morninqstarla görüşü və bu görüşlə bağlı yayılan məlumat hakimiyyətin “strategiyasının” tərkib hissəsi sayıla bilər. Müdafiə Nazirliyinin yaydığı məlumatdan görünürdü ki, S.Əbiyevin səfiri dəvət etməsinin məqsədi ondan ABŞ-ın bu seçkilərə müsbət rəy verməsini istəməsi olub.
Amma bu barədə məlumatın yayılmasından dərhal sonra ABŞ səfirliyi təkziblə çıxış etdi və bəyan edildi ki, səfir Morninqstara aid edilən fikirlər dəqiq deyil.
Müdafiə Nazirliyinin bu cəhdinin uğursuzluğa düçar olmasından dərhal sonra Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ATƏT və ABŞ-a yönəlik sərt bəyanatları gündəmə gəldi. ABŞ dövlətinə birbaşa hücuma keçən R.Mehdiyev açıq şəkildə bəyan etdi ki, ABŞ Azərbaycan hakimiyyətinə saxtakarlıq təklif edib: “ABŞ rəsmiləri bizə təklif etmişdilər ki, Milli Şuranın namizədinə 25 faiz verək, özümüzə 74-75 faiz götürək”. R.Mehdiyevin fikirlərinə ABŞ Dövlət Departamentinin rəsmisi tərəfindən cavab özünü çox gözlətmədi. Dövlət Departamentinin gündəlik brifinqində qurumun sözçüsü Cen Psaki “Amerikanın Səsi”nə açıqlamasında bildirib ki, PA rəhbərinin söylədikləri tamamilə saxtadır: “Qətiyyən yox! Səfirliyimizin dediyi kimi, zənnimcə, onlar açıqlama veriblər. Kim maraqlansa, bu açıqlamanı paylaşa bilərəm. Azərbaycan Prezident Administrasiyasının rəhbərinin dedikləri tamamilə saxtadır”.
Nə baş verir? Azərbaycan hakimiyyətinin beynəlxalq aləmə elan etdiyi bu savaşın səbəbi nədir? ABŞ kimi dövlətlə bu cür sərt ritorika ilə danışmaq Azərbaycan hakimiyyətinə nə vəd edir?
Fuad Qəhrəmanlı: “Hakimiyyət narahatdır ki, beynəlxalq birliyin mövqeyi Azərbaycan cəmiyyətində saxtakarlığa qarşı mübarizəni daha da stimullaşdıra bilər”

AXCP sədrinin müavini Fuad Qəhrəmanlının fikrincə, hakimiyyətin bu addımlarının kökündə Qərbin oktyabrın 9-da keçirilən seçkilərə münasibəti faktı dayanır. ABŞ-ın ATƏT-in seçkiyə verdiyi qiyməti bölüşməsinin hakimiyyəti narahat etdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, Böyük Britaniyanın da seçkiylə bağlı sərt yanaşması beynəlxalq səviyyədə elə bir reallıq yaradıb ki, hakimiyyət beynəlxalq aləmdə saxta seçkilərin nəticələrini tanıda bilmədi: “Bu günə qədər heç bir Avropa dövlətinin Ilham Əliyevi təbrik etməməsi hakimiyyəti ciddi şəkildə məyus edir. Bu baxımdan hakimiyyətdə Qərbə, xüsusilə ABŞ-a qarşı qəzəbli, aqressiv münasibət yaranıb. Burada həm də başqa faktorlardan biri odur ki, Amerikanın mövqeyi təkcə beynəlxalq təcridlə məhdudlaşmasın, eyni zamanda bu yanaşma Azərbaycan cəmiyyətinə də təsir göstərsin. Çünki adətən seçkidən sonra ölkə daxilində məyusluq yaranır. Amma bu dəfə ATƏT, ABŞ, Ingiltərənin prinsipial mövqeyindən sonra Milli Şuranın keçirdiyi aksiya təşviqat dövründən belə kütləvi oldu. Hakimiyyət narahatdır ki, beynəlxalq birliyin mövqeyi Azərbaycan cəmiyyətində saxtakarlığa qarşı mübarizəni daha da stimullaşdıra bilər. Çünki hakimiyyət həmişə saxta seçkilərə beynəlxalq birliyin dəstəyini almaqla cəmiyyətdə məyusluq yarada bilib”.
F.Qəhrəmanlı hesab edir ki, ABŞ-la bazarlıq, “kürü diplomatiyası” effekt vermədiyinə görə hakimiyyət açıq şantaja əl atır. Baş verənləri dövlət səviyyəsində həyata keçirilən şantaj kimi dəyərləndirən F.Qəhrəmanlı vurğuladı ki, ABŞ səfirinin səsinin yazılması, R.Mehdiyevin ABŞ-ı saxtakarlıqda ittiham etməsi artıq danışıqların diplomatik etiket qaydalarını aşdığını və açıq qarşıdurma müstəvisinə keçdiyini göstərir. Bu isə o deməkdir ki, iki dövlət arasında əməkdaşlıq imkanları da təhlükə altındadır: “Baş verənlərin fonunda bir məqam da ortaya çıxdı ki, Amerika həmişə bəyan etdiyi demokratik normalara sadiq olduğunu nümayiş etdirdi. Hakimiyyət ona görə çalışır ki, şantaj yolu ilə Amerika və digər Qərb dövlətlərinə saxta nəticələrlə barışmağı qəbul etdirsin. Amma görünən odur ki, bu siyasət alınmayacaq. Hakimiyyətin imici beynəlxalq səviyyədə ciddi sarsıldığından Azərbaycanda gedən demokratik proseslərə Qərbin daha çox diqqət yetirməsi və demokratik prosesləri dəstəkləməsi daha qabarıq formada üzə çıxacaq. Bu isə hakimiyyətlə Qərb münasibətlərindəki ziddiyyətləri stimullaşdıracaqdır”.
Baş verənlərin eyni zamanda Azərbaycanda güclü xalq dəstəyinə söykənən müxalifətin də olduğunu göstərdiyini deyən F.Qəhrəmanlı vurğuladı ki, Milli Şuranın namizədi Cəmil Həsənlinin qalib gəlməsi Azərbaycanın demokratik potensialını artırıb. AXCP yetkilisi hesab edir ki, saxta seçkilərdən sonra C.Həsənlinin Avropa və Amerikaya dəvət olunması hakimiyyətə bir jestdir.
Sülhəddin Əkbər: “Hakimiyyət daxilində Rusiyameyilli qüvvələr fürsətdən istifadə etmək istəyir”
ACP sədri Sülhəddin Əkbərin fikrincə isə, baş verən hadisələr hakimiyyət daxilindəki Rusiyapərəst qüvvələrin Azərbaycanın ABŞ-la münasibətlərini korlamaq cəhdi kimi dəyərləndirilməlidir: “Baş verən diplomatik skandal Rusiya xüsusi xidmət orqanlarının dəstəyi ilə hakimiyyət daxilində Rusiyameyilli qüvvələrin fürsətdən istifadə edərək Azərbaycanla ABŞ arasında əlaqələri korlamaq niyyətidir. Məqsəd Azərbaycanın Avrasiya Ittifaqına qoşulması üçün hakimiyyəti yönləndirmək səyidir. Açıq şəkildə görünür ki, ABŞ diplomatları ilə hakimiyyətin təmaslarının səs yazıları yayılıb”.
Mehman Əliyev: “Hakimiyyət göstərməyə çalışır ki, onun gücü o qədər qeyri-məhduddur ki, ABŞ belə ona təsir edə bilmir”
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, baş verənlər hakimiyyətin yürütdüyü bir oynunun tərkib hissəsidir: “Hakimiyyət göstərməyə çalışır ki, onun gücü o qədər qeyri-məhduddur ki, ABŞ belə ona təsir edə bilmir. Bu fikri cəmiyyətə aşılamağa çalışırlar. Hakimiyyət bununla demokratik düşərgəni qorxutmağa çalışır. Digər tərəfdən, ABŞ bu tip məsələlərdə çox dərinə gedə bilmir. Çünki Azərbaycanla münasibətlərin tam pozulması Amerikanı ölkəmizdəki demokratik proseslərə təsir imkanından məhrum edir. ABŞ həmişə mövqeyini belə açıqlayır ki, nə olursa-olsun prosesin getməsi üçün münasibətlər saxlanılmalıdır”.
Xəyal


