2 aprel ümumxalq mitinqi olacaq

İctimai Palata mitinq komitəsi yaratdı

Bu gün İctimai Palatanın Koordinasiya Şurasının növbəti iclası olub. İclas barədə AXCP sədri Əli Kərimlidən aldığımız bilgiyə görə, Koordinasiya Şurası bir sıra məsələlərə baxıb.
İlk məsələ İctimai Palatanın aprelin 2-nə təqyin etdiyi mitinqə hazırlıq olub. Koordinasiya Şurasının qərarı ilə Mitinq Komitəsi yaradılıb və Komitənin sabah ilk iclasını keçirməsi razılaşdırılıb. Komitə mitinqlə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müvafiq məktub hazırlayıb təqdim edəcək.

Ə.Kərimli bildirdiyinə görə, Koordinasiya Şurası qərara alıb ki, 2 aprel mitinqinin ümumxalq xarakterini qabartmaq üçün aksiyada partiya atributlarından və simvollarından istifadə edilməsin, iştirakçılara yalnız Azərbaycan bayraqları ilə meydana gələmək tövsiyə olunsun.
Koordinasiya Şurası ölkədəki ictimai-siyasi vəziyyəti də müzakirə edib, xüsusən məhbus jurnalist Eynulla Fətullayevin həyatına yaranan təhlükə, ona qarşı təzyiqlər pisənilib, hakimiyyətdən nəhayət Avropa Şurası Nazirlər Kabinetinin qərarına əməl edərək, jurnalisti azad etmək tələb olunub. Koordinasiya Şurası hakimiyyəti həmçinin, qarşıdan gələn Novruz bayramından istifadə edərək ölkədəki bütün siyasi məhbusları azadlığa buraxmağa çağırıb.

Koordinasiya Şurası Ərəb ölkələrindəki inqilabi proseslər kontekstində Liviya və Bəhreyndə hakimiyyətlərin ordudan xalqa qarşı istifadəsini və repressiyalarını pisləyib, dünya ictimaiyyətini, beynəlxalq gücləri bu ölkələrin diktatorlarına qarşı daha sərt və təsirli tədbirlər görməyə çağırıb.
Koordinasiya Şurası İctimai Palatanın növbəti sessiyasının keçirilməsilə bağlı məsələlərə də baxıb. Qərara alınıb ki, sessiya aprelin 24-də saat 12.00-da keçirilsin. Sessiyanın gündəliyinə 2 aprel mitinqinə hazırlıq və mitinqin qətnaməsinin müzakirəsi daxil edilib.

İclasda Palatanın ötən sessiyasında qəbul olunmuş qərarların icra vəziyyəti də müzakirə edilib. AXCP sədri məsələ ilə əlaqədar Palata təmsilçiləri olaraq Müsavat başqanı İsa Qəmbərlə bilgə Azərbaycan Naminə Forumun təmsilçiləri Eldar Namazov və Cəmil Həsənli ilə keçirdikləri görüş barədə məlumat verib.
Şura İctimai Palataya qəbulla bağlı çoxsaylı müraciətlərə də baxıb və Palatanın sessiyayasına təvsiyə olunub ki, müraciətlərə müsbət münasibət bildirsin.