9 oktyabrdan sonra….

Bizim əldə etdiyimiz daha dəyərlidir

Əvvəla onu deyim ki, mən inanclı insanam və bacardığım qədər Allahın vacibatlarına əməl etməyə çalışırıam. And içirəm ki,  seçkidə baş verənlər haqqında yazdıqlarım fantaziya deyil, seçkini saxtalaşdıranlardan şəxsən eşitdiklərimdi. Əslində Azərbaycandakı seçki prosesindən cüzi xəbəri olan insanlara saxtakarlıq faktlarını inandırmağa ehtiyac yoxdur. Təkcə seçki saxtakarlığına imza atmış 10 minlərlə müəllimin hər biri öz yaxınlarına seçki günü baş verənlərdən danışsa kifayətdir.

Yuxarıdan gələn zəng

9 oktyabrda ilk öncə yaşadığım ərazidəki seçki məntəqəsinə gedib səs verdim. Komissiya sədri və üzvləri hamısı müəllimlər idi. Səs verdikdən sonra təxminən 5-6 dəqiqə müəllimlərlə ayaqüstü söhbət etdim. Məqsədim bir neçə saatdan sonra saxtakarlığa imza atacaq elm daşıyıcılarına vicdan əzabı yaşatmaq idi. Müəllimlərə bildirdim ki, bu hakimiyyət sizi öz cinayətinə şərik edir, siz şərəfli müəllim adını seçki qutusuna atdığınız bülletenlərlə ləkələyirsiniz. Etiraf edim ki, vaxtilə mənə elm öyrədən müəllimlərin, indi yeni kadrlara seçki saxtakarlığı öyrətməsi ürəyimi ağrıdırdı. Bəli, “əyilməz vicdanın böyük heykəli” misrasın bizə əzbərlədən müəllim, həmin gün 100 manata görə əyilməyə qərar vermişdi. Seçki məntəqəsini  “düz deyirsən, amma biz nə edə bilərik” sözlərini eşidərək tərk etdim. Nədənsə bu sözlər mənə qatilin özünə bəraət istəməsini xatırladırdı. Seçkidən sonra öyrəndim ki, mənim sözlərim müəllimlərə təsir etsə də, bu təsir mən məntəqəni tərk edənə qədər qüvvədə qalıb. 

Bir neçə gün sonra komissiya üzvünün etirafını dinləyirdim.  “Axşam seçki qutusunu açıb səsləri sayanda Cəmil Həsənlinin səsləri Ilham Əliyevi üstələmişdi. Komissiya sədrinin vəziyyəti pis idi. Bu vəziyyətdən çıxmaq lazım idi. Bu məqamda yuxarıdan zəng gəldi və bildirildi ki, Ilham Əliyevin səs faizi yüksək olmalıdır. Başqa çarəmiz yox idi. Ona görə də Cəmil Həsənlinin bülletenlərin Ilham Əliyevin bülletenlərinin içinə qoyduq və ümumi sayı protokola yazdıq”. 

Ey hörmətli müəllim, hər qutuda yerin var.

Hər kənddə hər şəhərdə saxta bülletenin var.

Karusel necə fırlandı

Seçkini müşahidə edənlər bu qərara gəldilər ki, ölkədə seçici aktivliyi 22 faizi keçməyib. Heç kimə sirr deyil ki, seçki günü hakimiyyətin ən sevimli fəndi “karusel” əməliyyatıdır. Məntiqlə götürəndə 10-larla məntəqədə səs verən “karusel”çilər Ilham Əliyevin qələbə qazanması üçün kifayət etməliydi. Yəni, saxta protokola, topa bülletenə ehtiyac olmamalı idi. Ancaq bütün bu “zəhmət” dən sonra qutudan Cəmil Həsənli çıxır və rejim növbəti “infarkt”ı keçirir.

Çünki, bu seçkilərdə “karusel” hakimiyyəti yelləndirə bilmədi. Hətta “karusel” əməliyyatı qarşılığında ənam alanlar da seçki qutusuna yaxınlaşanda siyahıdakı 6-cı namizədi seçdi. Cəmil Həsənli seçkidən öncəki teledebatlarda “karusel”i öz istiqamətinə fırlatmışdı və nəticədə bu “üsul” da hakimiyyətə xeyir gətirmədi. Bir neçə peşəkar “karusel”çi şəxsən mənə bildirdi ki, Cəmil Həsənliyə səs verib. Bir sözlə indiyə qədər insanları fırladan rejim, bu dəfə özü fırlanmağa məhkum edildi.

Hamının bildiyini, hamıdan gizlətmək

Bu ölkədə seçki qutusu “sehrli” əşyadır. Peşəkar illüziyaçıların hələ sınaqdan keçirə bilmədikləri nömrələri MSK dəfələrlə öz repertuarına salıb. Ancaq fokusçulardan fərqli olaraq, MSK-nın sehrinin sirri tamaşaçıya aydındır. Ancaq hakimiyyət düşünür ki, onun sehrbazı nömrəni qüsursuz göstərir və tamaşaçı bunun sirrindən qəflətdədir. Hamının bildiyi sirri, hamıdan gizlətməyə çalışmaq nəticədə daimi tamaşaçını da itirməyə xidmət edir. Bəzi komissiya üzvləri etiraf edir ki, bülleteni götürüb kabinaya girəndə Cəmil Həsənliyə səs verib. Çünki, həmin komissiya üzvü üçün sirri çözülmüş nömrə mötəbər görünmür. Digər tərəfdən insanlar bu “sehrbaz”ların gələcəkdə yaxşı nömrə göstərəcəyinə də inanmırlar. Çünki, 20 ildir yeniliyin, inkişafın vədin eşidən tamaşaçı bu vədlərin reallaşdığının şahidi olmur. Təkcə Qarabağın azad eilməsi üçün “Lazım”ın gəlişini 20 ildir ki, gözləyirik. Ona görə də seçicinin seçki qutusuna atdığı bülletendə hakimiyyət namizədinin adını işarələməsi üçün heç bir səbəb yoxdur.

Ən qiymətli olanı əldə etmək

“Sən kimə səs versən də qutudan Ilham Əliyev çıxacaq” şüarı ilə ömür sürənlər ağıllı adamlar deyillər, sadəcə insanlarda ümid qıtlığı yaradırlar. Cəmil Həsənli, Əli Kərimli, Isa Qəmbər və digərləri hakimiyyətin seçkiləri saxtalaşdıracağını, səsləri oğurlayacağını bilmirdi? Bilirdilər. Eyni zamanda insanları seçkiyə getməyə, layiqli namizədə səs verməyə çağırırdılar. Və 9 oktyabrda seçkiyə gedib səs verənlər heç nə itirmədi. Əksinə Cəmil Həsənlinin qələbəsin təsdiqlədi. Yuxarıda sadaladığımız faktlar cəmiyyətə də, seçkini saxtalaşdıranlara da qalibin kim olduğunu göstərdi. Insanlar layiqli namizədə səs verməklə, hakimiyyətin saxtakarlığını ifşa etməyə şərait yaratdı. Əgər insanlar Cəmil Həsənliyə səs verməsəydi, hakimiyyət bu miqyasda saxtakarlığa ehtiyac duymazdı. Siz öz səsinizlə hakimiyyətə böyük problem yaratdınız və beynəlxalq təşkilatlar da bu saxtakarlığı gördü. Indi seçki qutusuna atdığı bülletendə Cəmil Həsənlinin adın işarələyən 100 minlər, bu istəklərini meydanda da ifadə etməlidirlər. Platon deyirdi ki, “Şan- şöhrətini itirsən də, ümidini itirmə. Günəş hər gün batır, ertəsi gün yenidən doğur”.

Sizin səsinizi seçki qutusunda batıranlar, bu səsin meydanda günəş kimi doğmasını görməlidir. Bu seçki bizim üçün ümidsizlik yox, ümidsizlik üzərində qələbə çalmaq üçün stimul olmalıdır. Enşteyn  “gerçəyi axtarmaq, onu əldə etməkdən daha qiymətlidir” deyirdi. Siz ən qiymətli olanı əldə etmisiniz..