Gənc fəallar həbs olundu

Əbülfəz Qurbanlı: «O 4 gənci növbəti tədbirdə 40 yeni gənc əvəz edəcək»

Milli Şuranın 12 oktyabr mitinqində fəal iştirak etmiş və mitinqdən sonra polis zorakılığı ilə qarşılaşmış gənclərin bir qismi Yasamal rayon polis idarəsinə çağırılıb. 2 saat polis bölməsində saxlanıldıqdan sonra gəncləri Yasamal rayon məhkəməsinə aparıblar.
Məhkəmənin qərarı ilə Türkel Azərtürk( AXCP GK) 15 sutka, Əli Səfərli (bitərəf) 15 sutka,  Sərvər Abdullah(AXCP GK) 10 sutka, Emin Maniyev(bitərəf) 10 sutka inzibati həbsə məhkum edilib. Anar Əkbərov (bitərəf) 100 manat və Orxan Baxışlı (bitərəf) 50 manat cərimələnib.
Xatırladaq ki, 12 oktyabr mitinqindən sonra gənclərdən bir neçəsi, o cümlədən öz peşə fəliyyətini yerinə yetirən jurnalistlər polis zorakılığına məruz qalmışdı. 10 nəfər gənc isə Yasamal Polis Idarəsinə aparılıb və günün sonunda 51 manat cərimə olunaraq sərbəst buraxılmışdı.
AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı bu həbslərə münasibət bildirib. O, facebook səhifəsində bu barədə yazıb:
“Saxtakar iqtidar gücsüzlüyünün əsiri olub 4 gənc qardaşımıza sutka verdi. Səbəb budur:
1. Seçkidən sonrakı fəallığımızı azaltmaq xəyalına düşüblər. Dərhal cavab verirəm ki, xam xəyaldı! O 4 gənci növbəti tədbirdə 40 yeni gənc əvəz edəcək.
2. Məhz gənclərdən qorxur bu satqın qocalar hakimiyyəti. Biz demokratiya və dəyişiklik istəyən gənclər hər gün sıraları artan nəsilik. Bu seçki kampaniyasında bunu hər kəs gördü. Dəyişəcəyik!”