Əli Əlirzayev “Mübarizə” adlı sensasion kitab yazır

«Bu kitabda cəmiyyətin bilmədiyi çox məsələlərə aydınlıq gətirmişəm»

 

“91-lər”in məşhur nümayəndəsi hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurucularından olan Əli Əlirzayev kitab yazır. Bu barədə “Azadlıq”a Əli Əlirzayevin özü məlumat verib. Onun sözlərinə görə, “Mübarizə” adlanan kitabda YAP-ın yaranması, bu proseslərdə özünün və bir çox tanınmış partiyadaşların rolu, həmin dövrdə baş vermiş olaylarla bağlı faktlar əks olunacaq.

“Bu ilin sonuna qədər kitabı tamamlamaq niyyətindəyəm. Hesab edirəm ki, kitab cəmiyyət üçün çox maraqlı olacaq. Çünki burada məhdud dairələrin bildiyi, amma cəmiyyətin bilmədiyi çox məsələlərdən bəhs edilib. Vaxtilə mənim çantamı daşıyanlar indi məni bəyənmirlər. Bu barədə yazmışam”, – deyə qocaman YAP-çı əlavə edib.

Bu kitabdan sonra ona hər hansı təzyiqlərin ola biləcəyinə gəlincə, Əli Əlirzayev bunu istisna etməsə də, heç nədən çəkinmədiyini, həqiqəti, tarixi faktları qələmə aldığını bildirib: “Bu kitabda tarixi faktlar yer alıb. YAP-ın yaranması necə baş verib, 91-lərin rolu, kimlər o zaman səmimi şəkildə Heydər Əliyevə dəstək verirdi, kimlər onun adını belə çəkməyə qorxurdu və s. bu kimi məsələlər barədə danışılıb. Inanıram ki, bu kitab cəmiyyət üçün faydalı olacaq”.

Xatırladaq ki, Heydər Əliyevin vəfatından sonra əksər “91-lər” kimi Əli Əlirzayev də YAP-dan sıxışdırılıb. Qocaman YAP-çıya son zərbə 2010-cu il parlament seçkilərində hazırda həbsdə olan Gülər Əhmədovaya uduzdurulması olub.

Azad