Vasif Talıbov bütün səsləri İlham Əliyevə yazaraq 90,3 faizlik nəticə düzəldib
Naxçıvan Muxtar Respublikasının Ali Məclis sədri Vasif Talıbov seçkidə “gül” vurub. Vasif Talıbov Ilham Əliyevə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun elan etdiyi nəticədən də artıq səs yazıb: 90,3 faiz. Məlumatlara görə, Naxçıvan xanı bu nəticəni almaq üçün digər namizədlərin səsini də Ilham Əliyevin xeyrinə hesablayıb. Milli Şuranın vahid namizədi Cəmil Həsənliyə isə 0,1 faiz yazılıb. Rəqəmlər açıq-aydın göstərir ki, Naxçıvanda keçirilən seçki total şəkildə saxtalaşdırılıb.
Naxçıvanın Demokratiyaya Dəstək və Insan Hüquqları Resurs Mərkəzinin rəhbəri, hüquq müdafiəçisi Məlahət Nəsibova da “Azadlıq”a bildirib ki, Naxçıvandakı seçki daha biabırçı şəkildə keçirilib: “Başqa regionlarda olduğu kimi Naxçıvanda da kameralı məntəqələrdə ciddi qanun pozuntuları müşahidə etmişik. Kamera olan məntəqələrdə adam çox görünsün deyə həmin məntəqədə qeydiyyatda olmayan adamlar gəlib səs verirdilər. Yəni ”karusel” üsulundan istifadə olunurdu. Naxçıvanda “karusel” üsulunu avtobuslarla yox minik maşınları ilə edirdilər. Müşahidə edirdik ki, eyni qadınlar bir neçə məntəqədə səs verir. Biz onların fotolarını da çəkmişik. Bizimlə bərabər Britaniya səfirliyinin nümayəndələri də var idi. Onlar da müşahidə etdilər ki, insanlar bir neçə məntəqədə qeydiyyatda olmadığı halda məntəqəyə gəlib səs verirdilər. Ən böyük qanun pozuntusu seçki məntəqələrində səslərin sayılması zamanı baş verdi. Səslərin sayılması zamanı 4 saylı Naxçıvan şəhər dairəsinin 9 saylı məntəqəsində özüm müşahidə aparırdım. Sayım zamanı özüm şahid oldum ki, hətta sıradan çıxmış bülletenləri də, Cəmil Həsənliyə və digər namizədlərə səs verilən bülletenləri də Ilham Əliyevin bülletenləri arasına qarışdırıb sayırdılar. Biz dəfələrlə dedik ki, bunu düzəldin. Bizə əhəmiyyət verilmədi.
Rayonlarda isə bizim müşahidəçilərimizə hücum ediblər. Müşahidəçilərimizi məntəqədən çıxarmağa cəhd ediblər, bəzi müşahidəçilərimizi oğurlayıb dağın ətəyinə atıblar, bir neçə müşahidəçimizin qohumlarına təzyiq ediblər. Deyiblər ki, əgər müşahidə etsələr MTN onları ciddi cəzalandıracaq. Bir neçə müşahidəçimizin yaxın qohumaları onlara hətta balta ilə hücum ediblər ki, sizə görə bizi işdən çıxaracaqlar. Yəni bu qədər təxribatlar baş verib.
Demək olar ki, Naxçıvan Muxtar Respublikasında seçkilər tamamilə qanuna uyğun keçirilməyib. Indiyə kimi keçirilən seçkilərdən daha ciddi pozuntular qeydə alınıb. Hətta seçkidən əvvəl və sonra da. Naxçıvanın Demokratiyaya Dəstək və Insan Hüquqları Resurs Mərkəzi bu qanun pozuntuları ilə bağlı geniş hesabat yayacaq. Bizim Resurs Mərkəzi seçkilərin nəticələrini qəbul etmir”.
Bəyim Həsənli


