Kəmaləddin Heydərovdan Rövnəq Abdullayevə zərbə

«Fövqəlnazir»ə yaxın qəzet ARDNŞ prezidentindən nələr yazdı?

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovla Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev arasında ziddiyətlər açıq müstəviyə keçir. “Fövqəlnazir”ə yaxın hesab edilən qəzetlərin birində ARDNŞ prezidentinə qarşı sərt ittihamların səsləndirilməsi belə deməyə əsas verir.
Məqalədə diqqət çəkən məqam Rövnəq Abdullayevlə ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın görüşü barədə yazılanlardır. Bildirilir ki, səfirlə ARDNŞ prezidentinin görüşü təsadüfi deyil: “Metyu Brayzanın radikal düşərgənin iki təmsilçisinin (AXCP sədri Əli Kərimli ilə Müsavat başqanı Isa Qəmbər nəzərdə tutulur) ardınca məhz Rövnəq Abdullayevlə görüşməsi sıradan bir hadisə kimi qəbul oluna bilməz. Artıq xeyli müddətdir ölkə mətbuatında bəzi xarici qüvvələrin Rövnəq Abdullayevi baş nazir kürsüsünə gətirmək istiqamətində fəaliyyət göstərmələri barədə müxtəlif məlumatlar yayılır. Məsələn, deyilir ki, Bakıda ofisləri olan nəhəng neft şirkətləri baş nazir postuna ”öz namizədlərini müəyyənləşdiriblər”: “Rövnəq Abdullayev vəzifəsi gərəyincə neft şirkətləri ilə iç-içədir, olan-qalan hər şeyi bilir və şirkətlər də artıq onunla anlaşıblar. Ondan başqa kim olsa, neft mafiyasına bir köynək uzaq olacaq”.
Xatırladaq ki, bu, ARDNŞ prezidentinin baş nazir olmaq iddiası ilə bağlı KIV-də yayımlanan çoxsaylı yazıların yalnız birindən gətirilən iqtibasdır. Bəzi mətbuat orqanları isə bu istiqamətdə açıq şəkildə piar kampaniyası aparır, Rövnəq Abdullayevin personasını müqayisəli şəkildə təqdim etməyə çalışırlar. Əldə etdiyimiz məlumata görə, Rövnəq Abdullayevin piar kampaniyasının arxasında ARDNŞ-ın təhlükəsizlik idarəsinin rəisi, MTN-in keçmiş əməkdaşı Rəşad Əliyev dayanır. ARDNŞ prezidentinin təbliğatıyla bağlı məlumatların da məhz onun rəhbərlik etdiyi qrup tərəfindən hazırlanaraq mətbuata ötürüldüyü bildirilir.
Hər halda Brayzanın karyerasına hopan neft qoxusu və adıçəkilən şəxsin səfir təyinatı ətrafında baş verən proseslər hadisələrin gedişatının daha diqqətlə izlənilməsinə zəmin yaradır…”
Kəmaləddin Heydərovun baş nazir postuna iddialı olması bəlli məsələdir. “Fövqəlnazir” bu istiqamətdə dayanmadan səylərini davam etdirir. Və onun yaxın çevrəsi durmadan bu məsələni gündəmdə saxlamağa çalışırlar. Məsələn, bir neçə gün əvvəl Kəmaləddin Heydərovun yaxın çevrəsinə daxil olan politoloq Cümşüd Nuriyev baş nazir Artur Rəsizadənin ünvanına sərt ittihamlar səsləndirmiş və Nazirlər Kabinetinin istefaya göndərilməsinin vacib olduğunu söyləmişdi. Görünür, Rövnəq Abdullayev də baş nazirlik uğrunda mübarizəyə qoşulub və bu “fövqəlnazir”in narahatlığına səbəb olub. Ona görə də ARDNŞ prezidentinin “vurulması”na start verilib.

İnformasiya şöbəsi