Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi saxtakarlıqla bağlı aktları MSK-ya təqdim edə bilməməsi üçün polisə aparılıb
Saat 10-da vətəndaşı «təhqir edən» Gülağa Aslanlı polisin «operativliyi» nəticəsində 10-nun yarısında saxlanılıb
Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlını polis saxlayıb. Hadisə dünən Gülağa Aslanlı Yasamal rayonu ərazisindəki evindən çıxaraq, MSK-nın iclasına gedərkən baş verib.
Qeyd edək ki, MSK-nın iclasında Cəmil Həsənlinin seçki saxtakarlıqları ilə bağlı şikayətinə baxılmalı idi. Gülağa Aslanlının saxlanılması şikayətə normal qaydada baxılmasına mane olub.
Gülağa Aslanlını isə MSK-nın iclası başa çatdıqdan sonra sərbəst buraxıblar.
Polisin “operativliyi”, yaxud Nostramadus DIN-ə işləyir
Olayla bağlı Müsavat Partiyasının qərargahında toplantı keçirilib. Gülağa Aslanlı mətbuat konfransında polis tərəfindən saxlanılmasının təfərrüatlarını danışıb və səbəblərini açıqlayıb. O, bildirib ki, polisin iddiasına görə guya səhər saat 10 radələrində bir nəfər vətəndaşı təhqir edib: “Evdən çıxıb yaşadığım binanın komendatının otağına getdim. Kommunal xidmət haqqını ödəyirdim. Üç nəfər mülki geyimli şəxs otağa daxil olub, onlarla gedəcəyimi bildirdi. Onlardan kimliyini soruşdum, nə səbəbə və hara aparacaqları barədə sual verdim, heç nə demədilər. Maşına mindirəndə kənardan olan bir nəfəri göstərib dedilər ki, həmin adam mənə bəlkə də sui-qəsd edəcəkdi. Onlara bildirdim ki, həyatımı ”xilas” etdiyiniz üçün təşəkkürlər, ancaq kimsə məni öldürəcəksə məni yox, onu aparmalısınız. Yolda bildim ki, polis idarəsinə aparırlar. Məndən izahat almaq istədilər, mən isə bura niyə gətirildiyimə aydınlıq gətirilməsini istədim. Bir neçə saat sonra mənə dedilər ki, saat 10 radələrində evdən çıxıb zibil atarkən Rəsulzadə qəsəbəsinin Ismayıl Ələkbərov adlı sakinini təhqir etmişəm. Guya zibil atarkən onun üstünə sıçrayıb. Tamamilə cəfəng bir iddiadır. Yalanı da uyduranda bir az doğru uydurmaq lazımdır. Əgər mən 10 radələrində zibil atmışamsa, vətəndaş məndən polisə şikayət edibsə, sonra polislər gəlib məni aparıblarsa bu haradasa 11-in yarısı etməli idi. Ancaq məni 10-a 20 dəqiqə qalmış polis idarəsinə aparıblar”.
Saat 12:00-a qədər polis bölməsində saxlanıldıqdan sonra Müsavat funksionerindən izahat alınıb və 14 oktyabr saat 10-da polis bölməsinə gəlməsi tələb olunub: “Telefonumu məndən aldılar. Bütün bunlar göstərir ki, Mərkəzi Seçki Komissiyası ilə Bakı Şəhər Baş Polis Idarəsi birgə əməliyyat təşkil edib. 7-ci polis bölməsinin əməkdaşları da planı icra ediblər. Bu plan mənim MSK-ya seçki saxtakarlıqları ilə bağlı əlavə aktların təqdim olunmasının qarşısını almağa yönəlmişdi. Məhz MSK-da iclas başa çatdıqdan sonra onlara dedim ki, artıq sərbəst buraxa bilərsiz. Tədbir yekunlaşıb. Belə də oldu. 10 dəqiqə sonra iltizam alıb sərbəst buraxdılar”.
Aktlar seçkilərin saxtalaşdırıldığını faktlarla təsdiq edir
Gülağa Aslanlı qeyd edib ki, seçki saxtakarlıqlarına dair onların əlində 3 mindən çox akt var: “MSK mənim həbsimə fitva vermişdi. Bu hakimiyyətin sifarişidir. Mən bu gün MSK-nın iclasında iştirak edib, seçki günü qeydə alınmış qanun pozuntularını əks etdirən aktların orijinalını MSK-ya təqdim etməli idim. Bu aktlar seçkilərin kütləvi şəkildə saxtalaşdırıldığını faktlarla təsdiq edir. Ancaq məni polis bölməsində saxladıqları müddətdə MSK-nın iclası yekunlaşıb və bizim mövqeyimiz əks olunmadan qərar qəbul olunub. Görünür ki, bu əvvəlcədən hazırlanmış bir plan olub. Biz hesab edirik ki, məntəqələrin 100 faizində saxtakarlıq qeydə alınıb. Bundan sonra hüquqi mübarizəmizi davam etdirəcəyik və MSK-nın çıxardığı qərarı əldə etdikdən sonra məhkəməyə müraciət olunacaq. Yerli məhkəmələr hakimiyyətin sifarişini yerinə yetirir. Buna baxmayaraq biz prosesi sona çatdırmalıyıq”.
Cəmil Həsənli bəyanat yaydı
AXCP ali məclsinin sədri, Cəmil Həsənlinin seçki qərargahının həmsədri Həsən Kərimov qeyd edib ki, onlara seçki saxtakarlığını əks etdirən videolar, Ilham Əliyevin adının qarşısında işarələnmiş bülletenlər təqdim olunub: “Yaxın günlərdə biz daha bir mətbuat konfransı keçirib seçki saxtakarlığıyla bağlı yüzlərlə faktı sizə təqdim edəcəyik”.
Olayla bağlı Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli bəyanat yayıb. Bəyanatda deyilir: “09 oktyabr 2013-cü ildə keçirilmiş prezident seçkisində səsvermə, səslərin sayılması və seçkinin nəticələrinin rəsmiləşdirilməsi prosesində Seçki Məcəlləsinin seçkinin nəticələrinə ciddi təsir göstərən qanun pozuntularının baş verməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) 12 oktyabr 2013-cü il tarixdə şikayət ərizəsi ilə müraciət edən səlahiyyətli nümayəndəm Aslanlı Gülağa Qulam oğlu müraciətdə pozuntular baş verən məntəqələr üzrə aktlar və digər sübutların şikayətin araşdırılması zamanı təqdim olunacağını rəsmən qeyd edib.
Buna baxmayaraq, 12 oktyabr 2013-cü il tarixdə MSK-ya dəvət olunan Gülağa Aslanlıdan surətləri təqdim olunan sənədlərin əsilləri istənilib, mənimlə məsləhətləşdikdən sonra sənədlərin əsillərinin təqdim olunacağı haqda o, MSK rəsmilərinə telefonla məlumat verib. Günün sonunadək araşdırmanın başlanılacağı haqqında xəbəri gözləyən Gülağa Aslanlı MSK-nın hüquq və ümumi şöbələrin müdirlərinə, MSK sədrinin müavini Natiq Məmmədova dəfələrlə zəng vursa da, bu şəxslərdən heç biri telefon zənglərinə cavab verməyib. Yalnız MSK-nın katibi Mikayıl Rəhimova bu barədə məlumat verilsə də, o, məlumatın Natiq Məmmədova çatdırılmasının vacib olduğunu bildirib.
13 oktyabr 2013-cü il tarixdə sənədlərin əsillərini MSK-ya təqdim etmək üçün səhər saat 09.30-da yaşadığı mənzilindən çıxdıqdan 5 dəqiqə sonra Gülağa Aslanlı heç bir sənəd təqdim etmədən və səbəb göstərmədən 20 nəfərdən artıq mülki və polis geyimli şəxslərin nəzarəti altında saxlanılaraq, zorla maşına əyləşdirilib və Binəqədi payon Polis Idarəsinin 7-ci polis bölməsinə aparılıb.
Saat 12.00 radələrində Gülağa Aslanlıya guya saat 10.00-da yaşadığı binanın qarşısında kimi isə təhqir etdiyi haqqında polis bölməsinə daxil olan şikayətə görə saxlanıldığı bildirilib. Buradan da aydın olur ki, Gülağa Aslanlı güman olunan hadisənin törədilməsindən ən azı 20 dəqiqə əvvəl, şikayətin polis bölməsinə daxil olmasından isə 2 saat 20 dəqiqə əvvəl saxlanılaraq polis bölməsinə aparılıb. Gülağa Aslanlı polis bölməsində saxlanılan zaman MSK-da bizim şikayətimiz müzakirəyə çıxarılıb və guya Gülağa Aslanlı ilə əlaqə saxlanıldığı, onun isə sənədlərin əsilini verməkdən və MSK-nın yığıncağında iştirak etməkdən imtina etdiyi haqqında yalan məlumatlar verilib və bizim təqdim etdiyimiz şikayət təmin olunmayıb, yalnız MSK-nın yığıncağı bitdikdən və məlum qərar verildikdən sonra Gülağa Aslanlı sabah – 14 oktaybr 2013-cü il tarixdə saat 10.00-da Binəqədi rayon Polis Idarəsinin 7-ci polis bölməsində olması şərtilə sərbəst buraxılıb.
Səlahiyyətli nümayəndəm Gülağa Aslanlıya qarşı həyata keçirilən qanuna zidd hərəkətlərin arxasında onun MSK-ya təqdim etdiyi şikayətin sübutlarının əsillərini 13 oktyabr 2013-cü il tarixində MSK-ya təqdim edə bilməsinin və şikayətin araşdırılması prosesində iştirakının qarşısının alınmasına və beləliklə, təqdim olunan şikayətin təmin olunmamasına yönələn hüquqazidd addımlar olduğunu bəyan edirəm. Gülağa Aslanlıya qarşı təzyiqlərin dayandırılması və MSK-ya təqdim olunan şikayətin baxılmasının təmin edilməsin tələb edirəm. Mən Azərbaycan hüquq-mühafizə orqanlarını və MSK-nı belə qanunsuz əməllərdən çəkinməyə və qanunun aliliyini təmin etməyə çağırıram”.
Ramin DEKO


