Astarada “gömrük üsyanı”

Sakinlər yenidən ayağa qalxdı; magistral yol bağlandı; sakinlərin üzərinə “qoçular” göndərilir

 

Martın 17-i saat 10 radələrində Astaranın Ərçivan kəndinin 300 nəfərdən artıq sakini Məhəmməd Hənəfiyə məscidinin qarşısına toplaşaraq etiraz aksiyası keçiriblər. Sakinlər Astara gömrük-keçid məntəqəsindəki özbaşınalıqlara etiraz edirlər.

 

Belə ki, ötən nömrəmizdə xəbər verdiyimiz kimi, sakinlər gömrük-keçid məntəqəsində onlara süni problemlərlər yaradıldığını və incidildiklərini bildirirlər. Sakinlər xüsusən İrandan ərzaq məhsulları gətirməyə qoyulan qadağadan və bu məqsədlə İrana getmək istəyənlərin süni əngəllərlə qarşısının alınmasından şikayətçidirlər.
Məscidin qarşısına toplaşan etirazçılar daha sonra yaxınlıqdan keçən Bakı-Astara magistral yolunu bağlayıblar. Əraziyə çoxsaylı polis əməkdaşlarının əhatəsində Astara rayon polis idarəsinin rəisi Rəşid Səfərov şəxsən gəlib. Bu zaman Astara gömrük-keçid məntəqəsinin Abbas adlı rəis müavini işə getmək üçün həmin yoldan keçirmiş. Onu görən sakinlər rəis müavininə öz etirazlarını bildirmək istəyiblər. Bu zaman vəziyyət bir qədər gərginləşib, lakin polislər rəis müavinin etirazçıların “əlindən ala” bilib. Abbas adlı gömrük məmuru polislərin köməyi ilə sakinlərdən uzaqlaşaraq yoluna davam edib.

Gömrük-keçid məntəqəsində isə sakinlərin etirazını daha da artıran əməllərə yol verilir. Sakinlər bildirirlər ki, İrana gediş-gəlişə yaradılan süni əngəllərlə bağlı onların ilk etirazlarından sonra məntəqənin avtomobillər üçün nəzərdə tutulan terminalına heç bir səlahiyyəti olmayan mülki “qoçu dəstələri” gətirilib. Bu dəstə gömrük-keçid məntəqəsində oradakı vəziyyətdən narazılıq edənləri vurmaq, təhqir etmək, qorxutmaq kimi qara işlər üçün cəlb olunub. Sakinlərin dediyinə görə, onları terminalın rəis müavini Rəfael Abdullayev himayə edir.

Məsələ ilə əlaqədar Dövlət Gömrük Komitəsinin mövqeyini öyrənmək mümkün olmayıb.

İnformasiya şöbəsi

Fotolar: Azadlıq Radiosu