Leyla Yunus: «Yalnız şərtlərə əməl edəndən sonra Brüssellə Bakı arasında dialoq ola bilər»
Rahim Hacıyev: «Azərbaycan hakimiyyətinin demokratik dünyanın qətiyyətli səyləri ilə hesablaşmayacağı inandırıcı deyil»
Azərbaycanda keçirilən prezident seçkilərində görünməmiş miqyasda saxtakarlıqlara yol verilməsi beynəlxalq qurumlar tərəfindən də qəti etirazla qarşılanır. ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun seçkilərin nəticələrini tanımaması, ABŞ Dövlət Departameti və Helsinki Komitəsinin seçkinin nəticələrinin seçki standartlarından uzaq olduğunu açıqlaması seçkinin leqtimliyini şübhə altına alıb. Bütün bunların ardınca Avropa Parlamenti saxta seçkilərə qiymət verib.
Qurumun Xarici Əlaqələr Komitəsinin Azərbaycanda keçirilmiş prezident seçkilərlə bağlı müzakirələr aparıb və sonda 3 bənddən ibarət qətnamə qəbul edib. Azərbaycanda keçirilən prezident seçkilərinin beynəlxalq standartlara uyğun olmamasından təəssüflənən qurum siyasi məhbusların heç bir şərt irəli sürmədən azad edilməsini tələb edir. Sonuncu bənddə isə qeyd olunur ki, Avropa Birliyi ilə Azərbaycan arasında danışıqların baş tutmasından ötrü bütün siyasi məhbusların azad edilməsi, siyasi fəallara, jurnalistlərə və insan haqları müdafiəçilərinə hücumların dayandırılmasını şərt kimi qəbul edilir.
Azərbaycan hakimiyyəti bu qətnamədə əks olunan məqamlara məhəl qoymasa hansı problemlərlə üzləşə bilər?
Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus hesab edir ki, bu qətnamədə qeyd olunanlar bu gün Avropa Birliyinin Azərbaycanın kriminal rəhbərliyindən tələb edə biləcəyi ən optimal məqamlardır: “Seçki sonrası situasiya ilə iş təcrübəsi olan şəxs kimi bütün hesabatlarımda qeyd edirdim ki, seçki prosesi başa çatandan sonra Azərbaycanda 2013-cü il ərzində həbs olunan vicdan məhbuslarının məhkəmə prosesləri başlayacaq. Onların ittiham olunduğu maddələrin ağırlaşdırıldığını nəzərə alsaq, cəzaların sərt olacağını gözləyirəm. Bu proqnozun real olacağına sübut Hilal Məmmədova çıxarılan hökmdür”.
L.Yunusun sözlərinə görə, Avropa Birliyinin çıxardığı qətnamə Azərbaycan hakimiyyətinə ümumi amnistiya ilə siyasi səbəblərdən həbsdən yatanları azad etmək şansı verir. Bundan sonra Brüssellə Bakı arasında hansısa dialoq ola bilər. Dekabrda “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində 6 ölkə ilə danışıqlar gözlənilir. Əgər dekabra qədər bu adamlar həbsdə qalsa, Azərbaycanın vətəndaş cəmiyəti ölkəmizin bu siyahıdan çıxarılması üçün maksimum səy göstərməlidir. Eyni zamanda Azərbaycanın Avropa Şurası Nazirlər Kabinetində sədrliyə buraxılmaması üçün müraciət etmək lazımdır.
Siyasi ekspert Rahim Hacıyev Azərbaycan hakimiyyətinin bütün dünyanın gözü qarşısında bu vaxta qədər görünməmiş səviyyədə saxta seçki keçirdiyini deyir. Demokratik dünya Azərbaycan hakimiyyətinin beynəlxalq konvensiyalardan və ölkə qanunvericiliyindən irəli gələn öhdəliklərinə nümayişkəranə sayğısızlığına biganə qala bilməzdi. Nəticələri bu qədər kobud şəkildə saxtalaşdırılmış seçkilərə adekvat qiymət verilməməsi demokratik dünyanın nüfuzuna çox ağır zərbə olardı. Məhz buna görə Avropa Birliyinin Xarici Əlaqələr Komitəsi Azərbaycan hakimiyyətinə qarşı sərt addımların atılmasını tələb edən sənəd qəbul edib.
Ekspertin sözlərinə görə, ölkənin demokratikləşdirilməsi ilə bağlı Azərbaycan hakimiyyətinin apardığı danışıqlara və öhdəliklərə açıq şəkildə sayğısızlıq göstərməsini Avropa Birliyini ciddi addımlar atmağa vadar etdi. Demokratik dünyanın qətiyyətli səyləri ilə Azərbaycan hakimiyyətinin hesablaşmayacağı isə inandırıcı deyil.
Fizzə


