Hakimiyyət Cəmil Həsənlinin qələbəsini tanıdı

Seçkiyə qədərki vəziyyət, seçki günü baş verənlər və seçkidən sonrakı ab-hava dəqiq nəticə çıxarmaq üçün çətinlik yaratmadı. Namizədlərin teledebatı zamanı İlham Əliyevin vəkillərindən biri Cəmil Həsənliyə “ siz səriştəli yalan da danışa bilmirsiniz” söylədi.  YAP təmsilçisinin yalanla bağlı iddialı fikirlərindən sonra düşündüm ki, bu dəfə seçkilərdə bunların saxtakarlığın aşakar edə bilməyəcəyik. Bu qənaətə gəldim ki, ötən seçkilərdən sonra hakim partiya bu istiqamətdə xüsusi kurs çekib və saxtakarlığın orjinal formaların tapıb. Etiraf edək ki, bu seçkilərdə saxtakarlığın yeni formalarının “prezentasiya”sı oldu. Amma ümumilikdə bu dəfə seçki saxtakarlığı daha çox ifşa edildi və hakimiyyətin səs oğurluğu birmənalı olaraq təsdiqləndi. YAP-çılar özlərini saxtakarlıqda səriştəli adlandırsalar da, sübut olundu ki, həqiqət daha səriştəlidir.
Ancaq, 9 oktyabr seçkiləri təkcə saxtakarlıqla yadda qalmadı, həm də Milli Şuranın namizədi Cəmil Həsənlinin qələbəsi ilə yadda qaldı. Və bu qələbəni ilk olaraq hakimiyyət tanıdı.
Əgər 1000-lərlə məntəqə və dairədə seçki saxtakarlığı qeydə alınıbsa, Milli Şuranın müşahidəçiləri müxtəlif bəhanələrlə məntəqələrdən uzaqlaşdırılıbsa, bu ədalətsizliyə Cəmil Həsənli xaric digər namizədlər “ləbbeyk” deyirsə, teledebatlarda Cəmil Həsənli 9 –luğun hücumuna tuş gəlirsə,  deməli hakimiyyət  Cəmil Həsənlinin yeganə alternativ olduğunu və seçkidə xalqın səsin qazandığını etiraf edir.  Cəmil Həsənli hakimiyyətin tanıdığı namizəd idi və xalqın tanımaq istəmədiyi namizədlərə qarşı mübarizə aparırdı. Nəticədə isə xalqın tanımaq istəmədiyi namizəd, xaqın səsini tanımaq istəmədi və bu səsi plastmas seçki qutusunda boğmağa başladı.  Bu “boğulma” zamanı hakimiyyət ATƏT-i də qabaqlayaraq seçkini tanımadğını və rəqibin qələbəsini tanıdığını elan edirdi.

Bu gün xalqın mitinqidir

Milli Şura seçkiyə qədərki dövr ərzində 4 mitinq keçirdi və 10 minlərlə insanın toplaşdığı meydandan xalqa öz mesajını çatdırdı və seçkiyə səslədi. Bu mitinqlərdə iştirak edən, bu mitinqləri internetdən izləyən, bu mitinqin qəhrəmanının teledebatlardakı çıxışından məmnun qalan 100 minlər əsl namizədin kim olduğuna əmin oldu. Və bu 4 mitinq bu gün keçiriləcək mitinqdən fərqlənir. Buna qədər mitinqə insanları Milli Şura səslədi və haqqına sahib ol dedi. 9 oktyabrda isə bu xalqın haqqı növbəti dəfə oğurlandı. Yəni, bu gün keçirilən mitinq Milli Şurann yox, xalqın mitinqidir. Bəlkə də bu mitinqidə Milli Şura qonaq qismində iştirak edir və ev sahibi xalqdır. İndi xalq öz həyatını haqsızlıqla mübarizəyə həsr edənləri meydana səsləməlidi.  Etiraf edək ki, demokratik mübarizədə 20 ildir eyni əzmlə yol gedən insanlar əllərindən gələni ediblər. Bu gün isə xalq sübut etməlidir ki, siyasi liderlərin edə biləcəkləri tükənməyib. Milli Şura yenə də öndədir. Yetər ki, siz onun arxasında inamla addımlayın. Xalqın addım səsin eşidən qüvvəyə, xalqın səsin oğurlayanların qüvvəsi yetməz. Bu mitinqə məğlub olmuş döyüşçü kimi deyil, qələbə qazanmış ordu kimi gəlin. Bu mitinqə səsi oğurlanmış vətəndaş kimi deyil, taleyinin oğurlanmasına üsyan edən mübariz insan kimi gəlin. Hətta bu mitinqə Cəmil Həsənlinin qələbəsin bayram etmək üçün, hakimiyyətin məğlubiyyətin bəyan etmək üçün gəlin. Meydana dəstək üçün daxil olan hər bir insan, hakimiyyətin dəstəklənmədiyinin canlı sübutudur.