Nurəddin Məmmədli: «Diktatorların qarşılıqlı dəstək prosesi bir-birlərini çətin anlarda qorumaq anlamına gəlir»
Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini elan edəndən dərhal sonra bir sıra dövlət başçıları Ilham Əliyevi təbrik etməyə tələsdilər. Ancaq bu təbrik yiyələrinin siyahısına nəzər salanda onların əsasən avtoritar rejim başçıları olduqlarını görmək olur.
Bunlar arasında Rusiya dövlət başçısı Vladmir Putini, Belarus rəhbəri Aleksandr Lukaşenkonu, Özbəkistan prezidenti Islam Kərimovu, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevi xüsusi göstərmək olar. Görünür, diktatorlar bir-birinin qələbəsinə sevinməklə həm də bununla özlərinə təsəlli vermiş olur.
Bu təbriklərə münasibət bildirən AXCP sədrinin müavini Nurəddin Məmmədli avtoritar rejimlərin bir-birinin dayağı olmadan özlərini qoruya bilmədiklərini deyir. Bu dayaqlar, bu münasibətlər təkcə seçkidə hər hansı formada bir-birinə müdafiə etməkdə yox, eyni zamanda həm maddi, həm mənəvi, həm siyasi, həm də hərbi sferalarda özünü göstərir. Təsadüfi deyil ki, Azərbaycan hakimiyyəti Belarusa bir faizlə yarım milyard manat civarında yardım göstərib. Azərbaycan xalqına isə kredit 25-35 faizlə verilir. Yəni diktatorların qarşılıqlı dəstək prosesi bir-birlərini çətin anlarda qorumaq anlamına gəlir. Ancaq dünya artıq bunu anlayır: “Bu gün Azərbaycan telekanalizasiyaları MDB ölkələrindən, avtoritar rejimlərdən gəlib burda çemodanlarını dolduran müşahidəçilərin fikirlərini verir. Ərdoğanın təbrikinə gəldikdə, bu, kifayət qədər ağrı yaradan bir məsələdir. Bütün islam dünyasının xəlifəsi olmaq iddiasında olan bir adamın Azərbaycandakı haqsızlığa bu cür münasibəti, seçki qurtarmamış təcili şəkildə Ilham Əliyevi təbrik etməsi qətiyyən iki dost və qardaş xalq arasında münasibətlərin inkişafına xidmət etmir. Bu, maddi maraqlarla bağlıdır. Çünki SOCAR təmənnasız investisiya vasitəsilə Türkiyədə neftayırma zavodu tikir. Eyni zamanda Ilham Əliyev Türkiyənin dəstəyini almaq üçün Türkiyəyə 20 mlrd dollarlıq investisiya yatırılmasının mümkünlüyünü açıqlayıb. Bu, rüşvətdir. Bu yolla Türkiyənin mövcud hakimiyyətini özlərinin dəstəkçisinə çevirirlər. Bu da Azərbaycan cəmiyyəti üçün daha ağrılıdır”.
Fizzə


