Tanınmışlardan mitinq çağırışı

Hələ seçkidən əvvəl Milli Şura mitinqlə bağlı BŞIH-ə müraciət ünvanlamışdı. Mitinqin məqsədi seçkidən sonrakı vəziyyəti seçicilərə çatdırmaq və sonrakı mərhələdə görüləcək işlərlə bağlı məlumat verməkdi. Bakı Şəhər Icra Hakimiyyəti (BŞIH) Demokratik Qüvvələrin Milli Şurasının mitinqlə bağlı müraciətinə müsbət cavab verib.
Mitinq oktyabrın 12-də Yasamal Idman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) saat 16.00-dan 18.00-dək keçiriləcək.
Seçkilərin nəticəsi onu göstərdi ki, hakimiyyət heç bir hüquqa, qanuna, konstitusiyaya əsaslanmır və öz avtoritar mahiyyətinə sadiq qalmaqdadır. Seçkilərdəki saxtakarlıqları ifşa edən faktlar hər ötən saat yenilənir və sübut olunur ki, hakimiyyət növbəti dəfə xalqın səsin oğurladı. ATƏT-in Demokratik Təsisatlar və Insan Haqları Bürosunun müşahidə missiyası da Azərbaycanda keçirilən seçkiləri tanımadı. Onlar bildirdilər ki, ədalətli seçki mühiti təmin edilməyib, fundamental insan azadlıqlarına maneə törədilib. Bir sözlə ATƏT seçkiləri 58 faiz pis və çox pis kimi qiymətləndirib. ATƏT-in müşahidə missiyasının üzvləri Aəzrbaycan xalqının öz iradəsini ifadə edəcəyini də bildirdib.
Belə bir şəraitdə demokratik qüvvələrin mitinq keçirməsi xalqı səfərbər etməlidir və insanlar bu ədalətsizliyə münasibət bildirməlidir.

AXCP sədrinin müavini Gözəl Bayramlı bildirdi ki, hakimiyyət növbəti dəfə bu seçkiləri kobud şəkildə saxtalaşdırdı və Azərbaycan xalqı buna etiraz olaraq mitinqlərdə öz sözünü deməlidir: “Biz seçkilərə öz etirazımızı bildirmişik və sona qədər də haqqımız uğrunda çarpışacağıq. Hesab edirəm ki, Azərbaycan xalqı Cəmil Hsənliyə verdiyi səsin oğurlanmasına biganə qalmamalıdır və 12 oktyabr mitinqində iştirak etməlidir. Xalq sübut etməlidir ki, onun haqqını oğurlamaq olmaz və Ilham əliyevə növbəti oğurluğu bağışlamayacaq. Nə vaxta qədər ki, xalq öz səsinin arxasında durmayacaq, bu hakimiyyət xalqa qiymət verməyəcək.. Biz ölkədə demokratiyanın təmin olunması üçün, bütün xalqı meydana səsləyirik”.

Publisist Mehriban Vəzir də seçkilərin açıq şəkildə saxtalaşdırıldığını və xalqın bu ləyaqətsizliyə sərt şəkildə etiraz etməli olduğunu bildirdi: “Hakimiyyətin seçkini saxtalaşdırması gözlənilən idi. Çünki, bu rejim 20 ildir zorakılıq üzərində bərqərar olub və hakimiyyəti qanunsuz əməllərlə əllərində saxlayıblar. Müxtəlif beynəlxalq güclərin də himayəsi olub və bu gün də bu himayə davam edir. Hətta 3-cü dəfə Ilham Əliyevin qanunsuz prezidentliyinə müsbət rəy verənlər oldu. Buna səbəb isə Azərbaycan xalqının sərvətinin həmin beynəlxalq güclərlə bölüşdürülməsidir. Bunun qarşısın almaq üçün xalq mitinqlərə gəlməli, öz sözün deməlidir. Çoxları deyir ki, bunun nəticəsi olmayacaq. Ancaq bunun nəticəsi ləyaqətli, şərəfli ömür yoludur. Ləyaqətli insanlar nəticə güdməz, vicdanının səsinə qulaq asar və ona uyğun hərəkət edər. Bu mübarizənin nəticəsi mütləq olacaq. Amma nəticənin nə vaxt olacağından asılı olmayaraq insanlar meydanlarda öz sözünü deməlidir. Ümid edirəm ki, 12 oktyabr mitinqində vətəndaşlarımız aktiv olacaq”.

Tanınmış vəkil Aslan İsmayılov bildirdi ki, seçkilərin saxtalaşdırılmasının şəxsən şahididir və xalq bu ləyaqətsizliyə etirazını bildirməlidir: “Bir neçə məntəqədə müşahidə aparmış şəxs kimi deyə bilərəm ki, analoqu olmayan saxtakarlıq baş verdi və bunu bütün dünya gördü. Beynəlxalq aləmin təzyiqinə görə də 12 oktyabr mitinqinə icazə verildi. Ancaq beynəlxalq aləm bizim əvəzimizə mitinqlərə gedib haqqımızı tələb etməyəcəklər və bunu hamı bilməlidir. Əgər biz xalq olaraq ləyaqətimizi, səsimizi, ölkəmizi qorumaq istəyiriksə, mütləq mitinqə getməliyik. Mən özüm və yaxınlarım bu mitinqdə iştirak edəcəyik. Əgər bu cür gedişata dözəcəyiksə, susacağıqsa bizim yaşamağa haqqımız yoxdur. Bu ölkədə Arazların, Hafizlərin dili ilə xalqı təhqir edirlər, bizi insan saymırlar. Biz bu təhqirlərə etiraz etmək üçün mitinqə getmiriksə, biz həmişə təhqir olunacağıq və sübut edəcəyik ki, bu təhqirə layiqik. Bir daha təkrar edirəm, əgər biz icazəli mitinqə də getməsək bizim heç kimi suçlamaq haqqımız yoxdur. Beynəlxalq aləm, ATƏT-in qismində öz münasibətini bildirdi, bizim mitinqə gedib getməyəcəyimizi diqqətlə izləyəcək və buna münasib tədbirlər görəcək. Beynəlxalq aləm bizim yerimizə mitinqə gedəsi deyil”.

Nardaran Ağsaqqallar Birliyinin sədri Natiq Kərimov hesab edir ki, 9 oktyabr seçkisi indiyə qədər olan seçkilərin ən ədalətsizi idi və xalq bu ədalətsizliyə dözməməlidir: “Normal düşüncəsi olan insan bu mitinqi tanıya bilməz. Müşahidə etdik ki, seçki açıq şəkildə qanun pozuntuları ilə yekunlaşdı. Ölkədə seçki mühitinin, şəffaflığın olmadığı halda, ədalətli seçkinin keçiriləcəyi onsuz da şübhəli idi. Bu dəfə hakimiyyət göstərdi ki, xalqı zərrə qədər saymır və onun səsi mühüm deyil. Ona görə də hər bir vicdanlı vətəndaş buna etiraz etməli, mitinqlərdə iştirak etməlidir. Ölkənin bütün bölgələrində bu ədalətsizliyə etiraz edilməlidir. Etirazın bütün formalarından istifadə edilməlidir. 12 oktyabrda hər kəsi oğurlanmış səsinə sahib çıxmağa və meydanda olmağa səsləyirik”
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı şəxsən onun səsinin oğurlandığını və sona qədər bunun uğrunda mübarizə aparacağını bildirdi: “Mən özüm səs verməyə gedəndə gördüm ki, səsləri necə kütləvi şəkildə oğurlayırlar. Saxtakarlıq o həddədir ki,  ”demokratiyaya doğru bir addım” deyən ATƏT indi seçkini tanımadı. Insanın səsin oğurlamaq onun mənəviyyatının oğurlanması, təhqir olunması və alçaldılması deməkdir. Kim bunu özünə qəbul edirsə sussun. Bu mənəviyyatsızlığı qəbul etməyənlər isə 12 oktyabrda mitinqə gəlsin, haqqın cərgəsində dursun. Hər bir vətəndaş oğurlanmış səsinin arxasınca gəlməlidir. Bu qədər təhqir olunmaq, bu qədər ədalətsizlik cavabsız qalmamalıdır”

İlham