Xalq, sən hardasan?

Özün üçün elədiklərindən artğını heç kimdən gözləmə!

İlham Əliyevə 82 faiz səs elan edilib. Onun  “qələbə”sini  qeyd etməyə isə 150 adam yığışmışdı. Karussellərdə həyatın dibindən insanlar tapılıb istifadə edilirdi. Öz gələcəyinin olmadğına əmin olanlar Əliyevlərin əlində alət olub, milyonların gələcəyini əzməyə girişdilər.

Bu nə idi?

“Seçki arxada qaldımı?” sualına cavab isə başqa bir sualdır: “Seçki oldumu?”. İkinci suala cavab vermək üçün biz bir neçə bir biri ilə üzvi əlaqədə olmayan mənbəyı istinad edə bilərik.
Birincisi, ATƏT-in uzunmüddətli müşahidə missiyası bəyan etdi ki, seçkilərin 58 faizi saxtalaşdırılıb. Yarıdan çoxu zəhər olan suyu kim içə bilərsə, bu tamaşaya da o adam seçki deyə bilər. Yəni Azərbaycanda baş verən və seçki adlandırılan proses əslində orjinalı imitasiya da olmayıb və yarıdan  çoxu tamamən saxta olub.
ABŞ Dövlət Departamenti bildirib ki, Azərbaycan hakimiyyəti seçki günü də repressiv siyasətini davam etdirib. Bu isə o deməkdir ki, ABŞ həm də seçkiyə qədərki mühitin repressiv olduğunu aydınlaşdırıb. Bu bəyanın altında elə o fikir yatır ki, seki günü olan repressiya həmin günə qədər olanların davamıdır.  Skandinaviya ölkələri, o cümlədən İsveçin Xarici İşlər nazirliyi seçkilərin  sual yaratdığını və demokratik olmadığını ortaya qoyub. Azərbaycan hakimiyyəti güya Britaniyanın ölkəmizdəki səfirliyinin seçki ilə bağlı MSK-ya pozitiv rəy göndərdiyini desə də, səfirlik dərhal bu bilgini təkzib edərək “Biz heç bir rəy  göndərməmişik” bəyanatını verib.
Ən əsası və daha ciddi hüquqi mahiyyət daşıyanı isə azərbaycanlı jurnalistlərin, blogerlərin və müşahidəçilərin çəkib sosial şəbəkələrdə yerləşdirdikləri total saxtakarlıq səhnələridir ki, bunlar bütün ölkə boyu seçki məntəqə və dairələrindən olan materiallardır. Yəni Azərbaycanda 9 oktyabrda baş verənlər seçki deyil. Bu mənada “seçki bitdi” bəyanatları tamamən yersizidir və bu istiqamətdəki bütün cəhdlər və suallar hakimiyyətin təşkil və icra etdiyi kütləvi cinayətkarlığın ayrı ayrı cinayət kollektivlərini qorumaq, bu qara prosesin üstünü ört-basdər cəhdlərdir.

Baş verən qəsbdir

Cəmil Həsənlinin təbirincə desək, hakimiyyət bir daha qəsb edildi və bu qəsbkarlardan qəsb etdikləri qanuni xalq hakimiyyəti alınana kimi mübarizə davam etməldir.  Bu saxtakarlıq təkcə Cəmil Həsənliyə səs verənlərə qarşı hörmətsizlik deyil. Bu, elə evindın çıxıb İlham Əliyevə səs vermək üçün məntəqəyə gələnlərə qarşı da xəyanətdir. Bu, bütövlükdə millətə etibar etməməkdir, etimad göstərməməkdir. Ona görə də söhbət seçkini bir partiyanın xeyirinə saxtalaşdırmaqdan getmir. Bu, həm də elə o “hakim partiya” deyilən qurumu ayaq altına almaqdır, oğurluq, haram yedizdirib, yalan danışmağa, üzə durmağa vadar etməkdir. Bu isə hakimiyyətdə deyil, girovluqda olanlarla edilən rəftardır.

Sabah mitinqdir, sən nə edirsən?

Evində oturub okeanın o tayından bu seçkiyə mədət uman seçici, əziz dost, hörmətli ata, ana, bacı, qardaş! 12 oktyabrda “İnşaatçılar“ metrosunun yanında mitinqdir, bəs sən hardasan? Öz səsinin uğrunda  evindın çıxıb bu etiraza qoşulacaqsanmı? Səsini saxtalaşdırıb səni insan yerinə qoymayanlara yüksək səslə “Çıx həyatımızdan, çəkil qarşımızdan” deyəcəksənmi? Özün özünə kömək etmək istəyini dünyaya göstərəcəksənmi ki, dünya da “bu millət qurtulmaq istəyir, azadlıq istəyir, onun əlindən tutmaq lazımdır” desin. Düşün, evdən çıxanda bir daha düşün. Sən özün üçün elədiklərindən artğını heç kimdən gözləmə!