O günləri Cəvahir xala deyir ki:
– A bala, keçmişdə varlı-kasıb, anadan olan hər uşaq üçün sovet hökuməti bəlli bir məbləğ ayırırdı. Demirəm ki, bir ətək pul idi, amma həmin yardım məktəbi bitirənə qədər uşaqların xeyli ehtiyaclarını görürdü. Adına da uzuntəminatlı-filan deyil, sadəcə uşaqpulu deyərdilər. Müxtəsəri, hökumətnən əl-ələ verib tifilləri böyüdürdük. Hələ rəhmətlik kişi kefi kök olanda “A Cəvahir, uşaqları sayıb gözə gətirməyin”, deyərdi…
– Indi nolub ki, Cəvahir xala?
– Indi saymağa uşaq qalıb ki, a bala. Hər evdə iki uşaq olur, onlara da beş manat verəcəklər ya verməyəcəklər, adamın döymədiyi qapı qalmır. Təkcə arayışların xərci filan qədər eləyir. Hələ qapılarda sürünməklər, get-gəllər bir yana qalsın. Vəzirov demişkən, az qala uşaqlar kimdəndi deyə sənəd də istəsinlər. Bizim ortancıl gədə axırda srağagün bir kilo arayışı yandırıb getdi çayçıya domino çırpmağa. Uşaq stressini birtəhər atmalıdı yox?
– Atdımı, Cəvahir xala?
– Atdı. Stressi də atdı, ünvanlı sosial yardım məhəbbətini də…
***
Sözə qüvvət, sovetdənqalma yaxın keçmişdə bütün ailələrə uşaqpulu verirdilər. Çünki sovet vaxtı uşaqsız ailə yox dərəcəsindəydi. Müstəqil neft ölkəsi olaraq indi bu müavinətin adını dəyişib “ünvanlı sosial yardım” qoyublar. Verilmə mexanizmi isə elə qəlizləşdirilib ki, yoxsul təbəqə bundan birdəfəlik əlini üzməyə məcburdur. Tələb olunan sənədlər toplusu, həmin sənədlərin məzmunu, cürbəcür yoxlamalar və sairə maniələr məşhur lətifəni xatırladır: “Daha deyin ki, paraşüt vermirik də!”. Yəni mövcud hökumət canından beş manat çıxmasın deyə elə baş işlədib ki, imkansız vətəndaş “ünvanlı sosial yardım-müavinət” labirintində iki-üç ay fırlanandan sonra yenidən başladığı yerə qayıdır. Və sonra da belə hallarda adamın canından tikan çıxardan milli-ənənəvi kəlmələri ünvana göndərib özü də gedir kasıbçılığının dalınca.
Ötənilki göstəriciyə görə Qəbələdə yüz minə yaxın əhalidən cəmi iki yüz adam ünvanlı sosial yardım alırmış. Ölkəmizdə kasıbların anbaan azalmasını nəzərə alsaq, indi bu göstərici daha da aşağı düşmüş olar. Əcaba, bir yanlışlıqmı var? Qəbələdə heç yerdən heç nə almayan beş yüz yoxsulu elə mən birnəfəsə sadalayaram.
Bəlkə Kefli Iskəndərin Şeyx Nəsrullaha bütün ölüləri diriltməsiylə bağlı etdiyi tarixi təklifi biz də irəli sürək? Yəni hökumətə müraciət edək ki, Qəbələdə ünvansız gəlirlə yaşayan təxminən iki yüz ailəni çıxıb, yerdə qalan bütün əhaliyə ünvanlı sosial yardım verilsin! Belə daha ədalətli olmazmı? Həm xalqın canı bitməz arayış əziyyətindən qurtarar, həm də hökumət savab qazanar. Üstəlik, uşaqların da qarnı tox olar. Amma nə yazıqlar ki, bu klassik və gözəl təklif hökümətimizin analoqsuz siyasəti baxımından keçərli olmayacaq. Yoxsa, ölkədə nə müxalifətə ehtiyac qalardı, nə də yalnız müxalifətin hər iradına cavab vermək işinə baxan xeyli iqtidar nümayəndələrinə. Bir tərəf arxivə gedərdi, o biri tərəf isə ünvanlı sosial yardıma…
Yoxsulluğun indiki qaydada idarə edilməsi xarici siyasətdə daha parlaq nəticə verir. Yəni bizim təminatlı xalqımızın müavinətə-zada ehtiyacı olmadığını dünya ictimaiyyəti qəbul etmək zorunda qalır: “Inanmırsınız, statistikaya baxın, görün cəmi neçe faiz ailə sosial yardım alır!”. Min dəfə maşallah, amma bu gedişlə nəzərə gəlmərikmi? Dünya xalqları bədbəxt gündə, bizim kefimizə kef çatmır! Hərçənd, bu münasibətlə verilən beynəlxalq kreditlərdən imtina etmək də olmaz. Ehtiyac üzündən deyil, sadəcə iqtisadi əlaqələr itməsin deyə. Əsas da həmin bədnəzər məsələsinə görə.
Keçmiş iş yerimdə böyük bir ərazidə üzərrik bitirdi. On beş il fikirləşdim, o bitkidən faydalanmaq yollarını tapa bilmədim. Artıq neçə ildir özüm ordan uzaqlaşdırılmışam. Yox, qovmayıblar, sadəcə elə eləyiblər ki, öz xoşumla rədd olub getmişəm, Qəbələ qoruğu münasib əllərə keçib. Amma nə olsun orda deyiləm, gözəl və firavan ölkəmizdə yaşamırammı? Buna görə ağlıma gələn səmərəli fikirləri irəli sürmək borcumdu ki, bəlkə iqtidarımızın da ağlına batıb bir işə yaradı. Məsələn, hələ ki gec deyil, ölkədə xalqın başında duran nə ki böyük idarələr var; prezident aparatı, neft şirkəti, milli məclis və sair də daxil olmaqla, qapılardan üzərrik – “antinəzər virusu” asılmalıdır. Üstəlik, önəmli rəhbərlərin ciblərinə üzərrik tikilməlidir ki, mala gələn qada-bala cana ziyan verməsin.
Təsəvvür edin, üzərrik dəstəsi bağlanmış lentin üzərində də “Jalə”nin yarlığı… Reklamı özündən əvvəl gəlir: “Yüz faiz təbii ”Jalə” üzərrikləri… Dəstə-dəstə topladıq…
P.S. Vallah, bu ölkədə hardan başlayırsan başla, axırı gedib bir yerə çıxır…