Fəzail Ağamalının çıxışına qadağa

Ramiz Mehdiyevin nəzarətində olan qəzetlər deputatın TQDK barədə tənqidi fikirlərindən bir cümlə belə dərc etməyib

Prezident Administrasiyasının(PA) rəhbəri Ramiz Mehdiyev nəzarətində olan qəzetlərə deputat Fəzail Ağamalının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) fəaliyyəti barədə parlamentdə etdiyi tənqidi çıxışı dərc etməməyi tapşırıb.
Xatırladaq ki, Fəzail Ağamalı hökumətin təqdim etdiyi hesabatın müzakirəsi zamanı etdiyi çıxışda bildirmişdi ki, TQDK sədri Məleykə Abbaszadə tez-tez mətbuat konfransları keçirir və təhsil sistemində mövcud problemləri həll etmək əvəzinə, açıqlamaları ilə ictimai rəyi çaşdırır:”TQDK sədri bu gün orta məktəbi bitirənlərin savadsızlığından danışır, amma həmin savadsızların hansı yolla ali məktəblərə qəbul olması şübhə doğuran məqamdır. Ali məktəblərə qəbul olan həmin savadsızlar universiteti başa vurub, orta məktəbdə işləyir, savadsız şagird hazırlayırlar… Repetitorlar TQDK-da ayrı-ayrı fənlər üzrə sualları hazırlayanlarla şəbəkə təşkil edirlər. Heç kimə sirr deyil ki, BDU-nun hüquq fakültəsinə və Tibb Universitetinə tələbə qəbulu üçün alınan pulun miqdarı 100- 150 min manatla ölçülür. 700, 800, 1000 tələbənin ali məktəbə qəbulundan alınan pulun miqdarı isə milyonlara çatır”.
Ramiz Mehdiyevin qəzetləri isə bu çıxışdan bir cümlə belə, dərc etməyib. Bunun səbəbi təbii ki, Fəzail Ağamalının bu çıxışı ilə PA rəhbərinin maraqlarına toxunmasıdır. Çünki TQDK sədri Ramiz Mehdiyevə yaxın şəxsdir. Onun təhsil naziri Misir Mərdanovla yola getməməsi də bununla bağlıdır. 

İnformasiya şöbəsi