DSMF sədri Azərbaycanı niyə kasıb ölkələrlə müqayisə edir?

«Bu cür müqayisə absurddur»

Rövşən Ağayev: «Səlim Müslümov pensiyaların baza hissəsi ilə yaşayış minimumu arasındaki fərqdən danışsın»

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Azərbaycanda pensiyaların baza hissəsi müqayisəli ifadədə 128 dollar təşkil etdiyini və bunun MDB məkanında 3-cü göstərici olduğunu açıqlayıb.
Pensiyanın baza hissəsinin MDB-nin bəzi ölkələri ilə müqayisədə yüksək olması hələ Azərbaycanda bu sahədə vəziyyətin yaxşı olduğunu deməyə əsas vermir. Digər tərəfdən, nədənsə Azərbaycanı dünyanın ən inkişaf etmiş dövlətləri ilə müqayisə etməyi xoşlayan rəsmilər pensiyanın məbləğini MDB ölkələri ilə müqayisə edir. Istənilən sahəni müqayisə etmək üçün 5-10 ölkəni nümunə gətirib Azərbaycanda vəziyyətin daha yaxşı olduğunu göstərmək olar. Ancaq əsas məsələ elə müqayisə edilən ölkələrdədir. Neftin gəlirləri hesabına yaşayan Azərbaycanı MDB-nin Qırğızıstan, Özbəkistan, Ermənistan, Moldova kimi ölkələri ilə müqayisə etmək doğru olmaz. Çünki bu ölkələrdə nə neft, nə də ölkəyə böyük pullar gətirən digər sərvətlər var. Hərçənd ki, bəzi hallarda bu ölkələrlə də müqayisə Azərbaycanın xeyrinə olmur.
Digər tərəfdən ölkədəki qiymətlərin yüksək olması pensiyaçılara pensiya hesabına yaşamağa imkan vermir.

Iqtisadçı-ekspert Rövşən Ağayev Azərbaycanın MDB ölkələri  ilə müqayisəsini çox uğursuz hesab edir. Çünki ölkəmizi Orta Asiya pespublikaları, Tacikistan, Qırğızıstan kimi resursu olmayan ölkələrlə bir cərgəyə qoymaq doğru deyil. Bu cür ölkələrlə müqayisə ümumiyyətlə absurddur.
Ekspertin sözlərinə görə, yaxşı olar ki, Səlim Müslümov pensiyaların baza hissəsi ilə yaşayış minimumu arasındaki fərqdən danışsın. Çünki müxtəlif araşdırmalar göstərir ki, Azərbaycanda yaşayış minimumu 180-200 manat, yəni 230-250 dollar arası dəyişir. Minimum pensiyanın məbləği yaşayış minimumundan azdır. DSMF sədri buna aydınlıq gətirsin. Minimum pensiya orta aylıq əmək haqqından 4 dəfə azdır: “Səlim Müslümov yaxşı olar ki, pensiya qanunvericiliyinin pensiya tələblərinə uyğunlaşdırılmasının qayğısına qalsın. Çünki qanunvericiliyə görə üçüncü pilə, pesniyaların yığım hissəsi yaradılmalıdır. Sığorta hissəsi insan öləndə sonra vərəsələrinə çatmır. Amma yığım hissəsi çatır. Yəni pensiya yaşına çatmamış insanlar yığım edibsə, bu vəsait onların vərəsələrinə çatır. Azərbaycan yığım hissəsi qanunu nəzərdə tutulsa da, hələlik işləmədiyindən minlərlə insan pensiya yaşına çatmamış vəfat etdyindən onun vəsaiti batıb gedir. Niyə Səlim Müslümov qanunvericiliyin tələbinə uyğun pensiya sistemininin qurulmasına çalışmır, hansısa absurd mübahisələr aparır, öndə gedən ölkədirsə, özlərini Rusiya, Estoniya, Latviya ilə müqayisə etsinlər. Niyə Tacikistanla, Türkmənistanla müqayisə edir?”

Fizzə