Korrupsionerlər sadəcə, pəhriz saxlayır

«Kosmetik dəyişikliklərlə bu ölkənin problemləri həll olunmayacaq»

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli “Azadlıq” radiosunun efirində olub. Son aksiyalara münasibət bildirən partiya liderinin fikirlərini diqqətinizə çatdırırıq. Onun fikrincə, bütün dövlət strukturlarının yenidən seçilməsinə, formalaşmasına ehtiyac var. Əks halda irəliləyiş olmayacaq. Müxalifət lideri deyib ki, aprelin 2-də Ictimai Palatanın aksiyasında səslənəcək tələblər də artıq müəyyənləşib. Həmin aksiyada seçki islahatları, siyasi məhbusların azad olunması, sərbəst toplaşma, yeni parlament seçkilərinin keçirilməsi tələb olunacaq.
Əli Kərimli son vaxtlar hökumətin atdığı bəzi addımlara da münasibət bildirib: “Biz bilirik ki, onlar könüllü şəkildə islahat barədə düşünmək iqtidarında deyillər.BIZ 17 ILLIK BU REJIMI YAXŞI TANIYIRIQ. Hökumət çalışır ki, kiçik və orta ranqlı məmurların qarşısını qismən kəsməklə və yumurta islahatı kimi islahatlarla təhlükəni sovuşdursun. Amma xalq çıxacaq meydana. Xalqın tələbləri olacaq. Elə ölkələr var ki, onlar islahat yolunu tuturlar, dərhal hökuməti buraxırlar, konstitusiyanı dəyişirlər, amma elə ölkələr də var ki, onlar zora istinad edirlər. Indi Azərbaycan hökumətinin də davranışına baxacağıq – yenidən xalqla zor dilindəmi danışmaq istəyəcək, yoxsa xalqı dinləyəcək?”.

Əli Kərimli hökumətin antikorrupsiya siyasətini korrupsiya ilə mübarizə yox, korrupsionerlərin pəhriz saxlaması adlandırıb.
AXCP sədri deyib ki, son aksiyalarda Azərbaycan polisində müəyyən inkişafın şahidi olub:”Azərbaycan polisinin 2005-ci il mayın 21-də bizim mitinqimizə olan münasibətini xatırlayıram. “Dubinka”dan istifadə olunmaması kimi müsbət məsələləri demək lazımdır…”.

Dinləyicinin “Liderlik məsuliyyətini boynunuza götürürsünüzmü” sualına cavabında isə AXCP sədri deyib ki, o, məsuliyyətdən çəkinmir: “Mübarizənin lideri olmanın məsuliyyətindən çəkinmirəm və onu üzərimə götürməyə hazıram. Amma hesab edirəm ki, indi biz vahid lideri müəyyənləşdirmək, kim bununla razı deyilsə, buna qarşı mübarizə aparmaq kimi bir situasiyaya düşməli deyilik. Əlbəttə, Azərbaycan vətəndaşları Azərbaycanın siyasi liderlərini tanıyırlar və bu söhbətin uzanmasının tərəfdarı deyiləm”.

MÜSAHİBƏNİ DİNLƏMƏK ÜÇÜN BURA VUR

“Azadlıq” radiosu