Yumurtadan ilhamlanaraq

Martın 12-də Müsavat aksiya keçirəndə YAP-çı deputat Mübariz Qurbanlı dostu Siyavuşla yaxınlıqdakı kafedə yeyib içirdi. Bəlkə də yumurta yeyirmişlər. Kafenin divarları şəffaf olduğundan onlar çöldə baş verənləri rahat görürdülər. Hamıya aydındır ki, onların gerçək məqsədi də yemək yox, aksiyanı izləmək idi.
Mübariz Qurbanlı ötən müşahidələri haqqında danışıb. Onun sözlərinə görə, kafe işlədənlər çox narahat imişlər. Deyirmişlər, “utanmırlar, axı bura mitinq yeri deyil, indi biz neynəyək, mağazalarımızı qapadaq?”.

Hansısa qarsonun adına çıxılan bu fikrin atası elə Mübariz müəllimin özüdür. Deyilsə belə, o qarsonla M.Qurbanlı arasında heç bir fərq yoxdur.
Əsl utanmalı olanlar kimlərdir? Xalqın malını, pulunu, səsini oğurlayanlar, ya bu oğurluğa qarşı çıxanlar?

Məsələn, Mübariz Qurbanlı kimi xalqın səsini oğurlayıb deputat olmaqdan utanılası, ölüb yerə giriləsi başqa hansı hal ola bilər ki?

Mübariz Qurbanlıgilin oturduğu o kafedə ən ucuz yemək 15 manatdır. 12 martda aksiyaya çıxan bir biləsuvarlı isə günü 10 manata iş tapa bilmədiyini demişdi. Bu təzada kim utanmalıdır?

Mağazaların bağlanmağına gəlincə… bu, pis hadisədir, razıyam. Ancaq müxalifətin ayda ildə bir dəfə olan aksiyaları heç kimin qapısını bağlamır, əksinə son bir ayda hakimiyyətin ağılsız siyasətinin nəticəsi kimi elə aksiya keçirilən meydanın ətrafında 8 mağaza bağlanıb. Buna görə də utanılası adamlar sizin böyür-başınızdadır, Mübariz müəllim.

Nəinki mağazalar, insanların qolları, evlərin qapıları bağlandı sizlərin ucbatından…

Və nəhayət, mitinqin yeri hardadır, deyə bilərsinizmi? Ya da nə deyəcəksiniz e, YAP-ın vəkili olmaq elə sizin kimi qırmızı-qırmızı yalanları istehsal etməkdir də. Yolunuza davam edin, bir gün ikrah etdiyiniz o aksiyalar sizə də əsl azadlığın keyfini yaşadacaq. Siz də nəhayət, yarınmadan, şərə lakeylik etmədən, yalan danışmadan yaşamağın necə gözəl və qürurverici olduğunu görəcəksiniz.

Cəmiyyətin aktivləşməsindən, kütləvi aksiyalara təbii marağın artmasından hakimiyyət təlaşlanıb. Illərdir aparılan “aksiyaların zamanı keçdi” təbliğatı boşa gedib. Hamı – gənc, qoca aksiya həsrətindədir. Internet saytlarında, qəzetlərdə ən çox oxunan məqalələr kütləvi aksiyalarla bağlıdır. Kütləvi aksiyalar kütləvi tələbata çevrilib. Bu rejimi təbii sonluğa da aksiyalar aparacaq. Ona görə də çox narahatdılar.

Ancaq aksiyalar və müxalifət əleyhinə o qədər bəsit təbliğat aparırlar ki… Məsələn, dünən AzTV-də bir şərhçi müxalifətin hakimiyyətə gəlmək istəyini “çirkin niyyət” adlandırdı.

Adam başa düşmür, hakimiyyətdə olmaq çirkin niyyətin reallaşdırılmasıdırsa, 1969-cu ildən ali kürsüdən zəli kimi yapışan indiki iqtidar nəyçün təmizliyinin qeydinə qalmır?
Azərbaycan müxalifətinin boynuna heç vaxt indiki qədər hakimiyyətə gəlmək missiyası yüklənməyib. Özündə azca vətən, xalq, insanlıq borcu hiss edən istənilən müxalifətçinin bir nömrəli işi bugünkü hakimiyyəti taxtdan salmaqdır. Əliyevçi hakimiyyətin davam etdiyi hər gün bizdən oğurlanan pulların miqdarının artması, işgənclərin davam etməsi, insanların haqsız yerə həbsə atılması deməkdir.

Rejim hakimiyyətdən getmək üçün bütün pislikləri edib, onların bir gün belə, hakimiyyətdə qalmasına haqq verən bir yaxşılığını xatırlamıram. Bu gün Azərbaycan müxalifəti yersiz təvazökarlıq göstərməməli, əksinə hakimiyyətə gəlmək istəyini tam açıq formada ortaya qoymalıdır.