Əli Kərimlinin qaynı məhkəmədən bəraət tələb etdi

Elnur Seyidov: «Faizi ilə birlikdə ödənilmiş kreditə görə kimisə mənimsəmədə ittiham etmək absurddur və bu da mənim başıma gəlib»

“Texnikabank” işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində gedən məhkəmə prosesi yekunlaşmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb, prokuror təqsirləndirilən şəxslərə uzunmüddətli həbs cəzası tələb edib.

Dünənki məhkəmə iclasında vəkillərin də çıxışı yekunlaşdı. Prosessual qaydalara görə, ardınca təqsirləndirilən şəxslər son sözlərini deməlidir. Onların bir qismi dünən çıxış ediblər. Təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülmüş ittihamlarla razılaşmayıblar. Onlar ittiham tərəfinin məhkəmə prosesi boyunca heç bir sübut-dəlil ortaya qoymadığını bildirərək, məhkəmədən bəraət istəyiblər.

Məlum olduğu kimi, bu iş üzrə məhkəmə qarşısına çıxarılanlar arasında AXCP sədri Əli Kərimlinin qaynı, “Texnikabank”ın Yasamal filialının müdir müavini olmuş Elnur Seyidov da var. Elnur Seyidov bildirib ki, “Texnikabank”da işlədiyi dövrdə Yasamal filialı bankın ən qabaqcıl filiallarından biri olub. Hətta istintaq zamanı yoxlamalarda da bu filialın gəlir və mənfəətlə işlədiyi təsdiqlənib. Bu fakt cinayət işinin materiallarındakı sənədlərdə də öz əksini tapıb.

Elnur Seyidov qeyd edib ki, ona qarşı irəli sürülən ittihamların nə hüquqi, nə də faktiki əsası var. Cinayət işinin materiallarında yazılanlar boş söz yığını və fərziyyələrdən başqa bir şey deyil. Sabiq müdir müavini deyir ki, ödənilmiş kreditə görə kiməsə qarşı mənimsəmə ittihamı irəli sürmək absurddur. Bu absurd da onun başına gəlib: “Ortada maddi ziyan yox, zərərçəkmiş yox. ”Texnikabank” özü də məhkəməyə müraciət edib ki, bu kreditlə bağlı heç bir iddiası, şikayəti yoxdur. Çünki kredit tam ödənilib. Özü də verilmiş kredit məbləğilə yanaşı, 24 min manatlıq faizilə birlikdə, vaxtından əvvəl ödənilib. Yeri gəlmişkən, ödənişin 90 faizi bu iş üzrə istintaq başlamamışdan əvvəl olub. Belə olan halda, hansı mənimsəmədən söhbət gedir?”

Elnur Seyidov digər ittihamlar üzərində də dayanıb. Bildirib ki, ittihamları sübut etmək vəzifəsi istintaqın və məhkəmədə də prokurorun üzərinə qoyulsa da, ittiham tərəfi ortaya heç bir sübut-dəlil qoya bilməyib. Çünki bu işdə söhbət olmayan cinayətdən gedir.

18 aydan çoxdur ki, heç bir günahı olmadan həbsdə saxlanıldığını deyən Elnur Seyidov qeyd edib ki, sənəd saxtakarlığı ilə bağlı ona verilən ittiham da tamamilə uydurmadır: “Ittihama görə, guya, kredit müqaviləsi saxtadır. Istintaq zamanı xətşünaslıq ekspertizası təyin olunub və o müqavilədəki imzaların saxta olmadığı barədə rəy verilib. Əgər bank rəhbərliyinin və krediti götürən şəxsin imzalarının saxta olmadığı təsdiqlənibsə, hansı saxtakarlıqdan söhbət gedir? Üstəlik, bu kreditin verilməsi üçün Baş ofisin razılıq məktubu olub. Bu məktub da iş materiallarının arasında var. Belə olan halda, mənim saxtakarlığım nədən ibarətdir?”

Elnur Seyidov ittihamların uydurma olduğunu konkret arqumentlərlə sübut edəndən sonra məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Məhkəmə prosesi oktyabrın 17-də digər təqsirləndirilən şəxslərin son sözü ilə davam edəcək.

Aytən Məmmədova