Zorla əfv yazdırmağın cəzası nədir?

Müzəffər Baxışov: «Bu əməllər Cinayət Məcəlləsinin 308.1 maddəsi ilə, yəni vəzifədən sui-istifadə kimi qiymətləndirilməlidir»

Penitensiar Xidmət gəncəli dindar Ilham Ələkbərovun oktyabrın 8-də yazdığı ərizəsinin fotosurətini yayıb.

Dindar 5 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində cəza çəkir. “Media forum” saytı xəbər verir ki, məhbus adının Insan Hüquqları Klubunun ötən həftə yaydığı siyasi məhbus siyahısında çəkilməsinə etirazını bildirir: “Mən özümü siyasi məhbus saymıram. Azərbaycan Respublikasının dövlətçiliyinə qarşı heç bir narazılığım yoxdur. Dövlətin apardığı siyasəti dəstəkləyirəm”.

Qeyd edək ki, Ilham Ələkbərov ötən ilin fevralında həbs olunub, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) təqsirli bilinib və 3 il azadlıqdan məhrumetmə cəzası alıb.

Artıq neçənci dəfədir ki, bu cür olaylar baş verir. Təcridxanada saxlanılan siyasi məhbuslar müəyyən təzyiq və təhdidlərin nəticəsində ya əfv ərizəsi, ya da hakimiyyətə dəstək məktubu yazırlar. Bir müddət əvvəl AXCP üzvü Daşqın Məlikovun yazdığı məktub da bu qəbildəndir. Amma təzyiqlər nəticəsində siyasi məhbuslardan bu “mövqe” alınsa da, bir müddət sonra bu etirafın hansı şərtlər altında alındığı cəmiyyətə məlum olur. Bəs Azərbaycan qanunvericiliyində bu kimi hallara görə vəzifəli şəxslər hansı məsuliyyəti daşıyırlar?

Hüquqşünas Müzəffər Baxışov “Azadlıq”a açıqlamasında bildirdi ki, siyasi məhbuslardan belə etirafların alınması əgər vəzifəli şəxs tərəfindən həyata keçirilirsə, qanunvericilikdə bu istiqamətdə məsuliyyət nəzərdə tutulur: “Təzyiqə məruz qalan vəzifəli şəxsin onun hüquq və azadlıqlarını pozduğunu, onun cəmiyyətdəki nüfuzunu aşağı saldığını düşünürsə, bu əməllər Cinayət Məcəlləsinin 308.1 maddəsi ilə, yəni vəzifədən sui-istifadə kimi qiymətləndirilməlidir. Əfv ərizəsi və yaxud da etiraf məktubu yazmağa vətəndaşı təhrik edən vəzifəli şəxslər bu maddə ilə cinayət məsuliyyətinə cəlb olunmalıdırlar”.

Xəyal