Son illərdə «tarixin bərpası»na və abadlaşdırmaya 2 milyard manata yaxın vəsait xərclənib
“Bakı şəhərində abadlıq və yenidənqurma işlərinin sürətləndirilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında…” sözlərini çox eşitmisiz. Ardını yazmağa bəlkə də ehtiyac yoxdur. Söhbətin nədən getdiyini bildiniz. Ancaq yaddaşları təzələməyin də ziyanı olmaz. Bu, prezident sərəncamlarından götürülüb. Son illərdə bu sözlərlə başlayan saysız sərəncam verilib. Milyonlarla büdcə vəsaiti ilə yanaşı Prezidentin Ehtiyat Fondundan da bu məqsədə ayırmalar davam edir. Fond sözü də sizi çaşdırmasın. Hansısa ağır zəhmət, yuxusuz gecələr hesabına yaradılmayıb.
Büdcəni dirigözlü yeyən qurumlardan biridir. Dövlət büdcəsindən – bizim hamımızın vəsaiti hesabına toplanmış pullardan hər il bu fonda da pul ayrılır. Büdcə artdıqca, bu fonda ayrılan vəsaitlər də artır. Həmin pulu da dövlət başçısı şəxsi vəsaiti kimi hara istəyir, xərcləyir. Əsasən də “abadlıq-quruculuq” işlərinə. Xərcləmə ünvanları çoxdur. Baxmayaraq ki, regionların sosial-iqtisadi inkişafı üçün dövlət büdcəsindən hər il böyük miqdarda vəsait ayrılır, ancaq fond da bu məqsədə pul xərcləməkdə xəsislik etmir. Yəni eyni məqsədlərə pullar xərclənir. Nəzərə alsaq ki, Prezidentin Ehtiyat Fondu “ölkənin sosial-iqtisadi həyatı üçün mühüm əhəmiyyət kəsb edən, lakin maliyyələşdirilməsinə vəsait nəzərdə tutulmayan tədbirlər üçün” yaradılıb. Ancaq bu fonddan vəsaitlər qanunda nəzərdə tutulmayan istənilən ünvana böyük səxavətlə xərclənir. O ünvanlardan birincisi Bakı Şəhər Icra Hakimiyyətidir(BŞIH).
Ən qapalı qurum
Büdcə pullarının əhəmiyyətli hissəsi BŞIH vasitəsilə xərclənir. “Hecə xərclənir” sualınasa, heç Hesablama Palatası da cavab vermək iqtidarında deyil. Müxtəlif illərdə BŞIH-ə ünvanlanan sorğularıma hələ indiyədək cavab almamışam. Məhkəmə çəkişməmiz də olub, ancaq hakimiyyətin bu “müstəqil” qolu – məhkəmələr də o cavabı alıb mənə verə bilməyib. Belə demək mümkünsə, BŞIH toxunulmazlıq statusu qazanmış bir neçə qurumdan birinə çevrilib.
Tikintidən baha başa gələn bərpa
Son illər paytaxtda yeni binaların tikintisiylə yanaşı köhnə tikililərin, tarixi binaların da bərpası və… mərtəbələrinin artırılması işi geniş yayılıb. Əsasən dövlət başçısının hərəkət etdiyi yolların üstündə olan köhnə binaların fasadı yenilənir, bərpa-gücləndirmə işləri aparılır, üzlük çəkilir, eyni zamanda bir mərtəbə əlavə olunur. Bütün bu işlər dövlət büdcəsi hesabına görülür. Görülür, ancaq necə, kim, hansı qiymətə, nə qədər vəsait xərclənir… bilən yoxdur. Əslində bilən var, ancaq ictimaiyyətə açıqlanmalı olan rəqəmlər dövlət sirri kimi qorunur. Bütün bunları öyrənmək üçün BŞIH-ə informasiya sorğusu ünvanlamışam. Cavab yoxdur. Çox güman ki, olmayacaq da. Əslində heç mənim sorğuma da ehtiyac olmamalıydı, icra hakimiyyəti özü bütün bu və başqa məlumatları saytında yerləşdirilməliydi və mən də istədiyimi ordan tapmalıydım. Axı büdcə vəsaiti hesabına “elektron hökumət” yaradıblar. Bu məqsədlə milyonlar xərcləyiblər.
Bu hökuməti həm də ona görə yaradıblar ki, büdcə vəsaitlərinin xərclənməsiylə bağlı bütün məlumatlar dövlət qurumlarının saytına yerləşdirilsin, hər kəsin də bu məlumatlara çıxışı olsun. Daha əlavə yazışmalara, vaxt itkisinə ehtiyac duyulmasın. Təqdim etdiyimiz iki foto Bakı Şəhər Icra Hakimiyyətinin baku-ih.gov.az saytından götürülüb. Saytın “Infrastruktur” və “Elektron xidmətlər” bölmələrinin necə “zəngin” olduğuna bundan artıq sübut ola bilməz.
Bakı Şəhər Icra Hakimiyyətinə ünvanladığımız sorğunu oxuculara da çatdırmağın ziyanı olmaz qənaətindəyik. Icra hakimiyyətinə ünvanladığımız informasiya sorğusunu mümkün qədər qısa etmişdik ki, cavab verməkdə çətinlik yaranmasın.
Sadə suallar, çətin cavab
Beləliklə, ünvanladığımız sualllar aşağıdakılardır:
1.Binaların yenidən qurulması, fasadınını yenilənməsi ilə bağlı işlər neçənci ildən başlanıb, indiyə qədər nə qədər bina yenidən qurulub, bu işlərə nə qədər vəsait xərclənib? Bu vəsaitləri illər üzrə ayrı-ayrılıqda təqdim etməyinizi xahiş edirik.
2.Yenidən qurulan binaların bir çoxunda əlavə mərtəbələr artırılıb. Bu artırmalarda məqsəd nədir (nəzərə alsaq ki, o binaların əksəriyyəti ötən əsrin əvvəllərində tikilib), artırılmış mərtəbələrin təyinatı və bir binada artırılmış mərtəbənin dövlət büdcəsinə neçəyə başa gəlməsi barədə məlumat verməyinizi xahiş edirik.
3.Bu işlərlə bağlı tender keçirilibmi, tender elanları nə vaxt, hansı qəzetdə, hansı tarixdə verilib, tenderdə nə qədər şirkət iştirak edib, qalib firma və şirkətlər hansılardır?
Sadə suallardır və yuxarıda qeyd etdiyimiz kimi bu sualların cavabını əslində icra hakimiyyətinin saytında tapmalıydıq.
Ancaq əsas vəsaitlərin xərcləndiyi, hamının üz tutduğu paytaxtla bağlı bu saytda yeni nəsə tapmaq çətindir. Xərcləmələrlə bağlı rəqəmlər bir yana, bu saytda heç gündəlik xəbərlər də yerləşdirilmir. Saytın bütün bölmələri “yoxsul” durumdadır.
Iqtisadçıların təqdim etdikləri budget.az saytının yardımıyla bəzi rəqəmlərlə sizi də tanış edək. Son illərdə paytaxta büdcədən ayırmalar.
Bakı Şəhər Icra Hakimiyyəti
2005 – 360
2006 – 1800
2007 – 63940
2008 – 40000
2009 – 15000
2010 – 25000
2011 – 350634,1
2012 – 327000
2013 – 644000
Investisiya xərclərinin ayrılması məqsədlərindən biri və ən çox yeyiləni “Bakı şəhərində binaların təmiri, gücləndirilməsi, işıqlandırılması, abadlaşdırılması, əhalinin və obyektlərin köçürülməsi ilə bağlı xərclər” bölməsindədir.
2011 – 198187,4
2012 – 125000
2013 – 114522,8
Cəmi = 437710,2
Indi oğul gərəkdir ki, ümumi göstərilən bu rəqəmlərin içindən, tutaq ki, təmirə, gücləndirməyə, işıqlandırmaya, abadlaşdırmaya, əhalinin və obyektlərin köçürülməsinə ayrı-ayrılıqda nə qədər vəsait xərcləndiyini müəyyənləşdirsin.
“Müvəqqəti narahatçılığa görə üzr istəyirik”
Başqa bir bölməyə – binaların bərpası üçün xərcləmələrə baxaq. Burada əsasən də söhbət tarixi binalardan gedir. Əslində bu xərcləmələrdə mübahisəlik xeyli məqam var. Binaların tarixi olduğunu kim müəyyənləşdirir? Çünki binanın köhnəliyi heç də onun “tarixi” olması anlamına gəlmir. Əslində ən böyük tarix Içərişəhərdir. Bu gün biz Içərişəhər tariximizin necə darmadağın olmasına şahidlik edirik və buna qarşı kütləvi etiraza çıxanları da, çox təəssüf, görmürük.
Indi BŞIH-ə “tariximizin bərpası” ilə bağlı ayrılan vəsaitlərə diqqətinizi çəkək. Yeri gəlmişkən, “tarixin bərpası” zamanı şəhər rəhbərliyi həmişə paytaxt sakinlərinə “müvəqqəti narahatçılığı görə üzr istəyirik” deməyi unutmur, bu narahatçılıq illərlə davam etsə belə…
“Bakı şəhərində tarixi əhəmiyyətli binaların təmiri, bərpası, fasadların gücləndirilməsi, təmir-bərpası, təmizlənməsi və işıqlandırılması” məqsədilə illər üzrə ayrılan vəsait.
2007 – 9200
2008 – 15000
2009 – 15000
2010 – 25000
2011 – 73400
Cəmi = 137 600
2011-ci ildən sonra bölmələr birləşdirilib. Beləliklə, tarixi binalara ayrılan xərcləri də “Bakı şəhərində binaların təmiri, gücləndirilməsi, işıqlandırılması, abadlaşdırılması, əhalinin və obyektlərin köçürülməsi ilə bağlı xərclər” bölməsinə keçiriblər. Belədə araşdırma aparanların vəziyyəti bir qədər də çətinləşir. Hara nə qədər xərcləndiyini müəyyənləşdirmək olmur. Son üç ildə həmin bənd üzrə ayırmalar.
2011 – 198187,4
2012 – 125000
2013 – 114522,8
Cəmi = 437710,2
Ümumi göstərilən bu məbləğin necə bölündüyünü müəyyənləşdirmək üçün gərəkdir ki, rəml atasan, kim bilir, bəlkə bəxtin gətirdi. Göründüyü kimi, bu sadalananların içərisində binalara əlavə mərtəbələrin artırılması bəndi də yoxdur. Bu artımların hansı vəsait hesabına görülməsi də bilinmir.
ardı var Rövşən Hacıbəyli azadmekan.org