ABŞ-dakı böhranın dünyaya təsiri

Məhəmməd Talıblı: «Böhranın ABŞ-a, həm də dünya iqtisadiyyatına ciddi təsirləri mümkündür»

Vəfa Quluzadə: «Böhran uzansa, sözsüz ki, başqa ölkələrin bazarlarına da güclü təsir edəcək»

ABŞ-da hökumət böhranı dərinləşib. Konqresin büdcə ilə bağlı razılığa gələ bilməməsi nəticəsində 800 mindən artıq federal işçi, hökumətlə işləyən 1 milyondan artıq adam işsiz qaldı. Dünyadakı proseslərə birbaşa təsir imkanı olan ABŞ-da yaranan böhranın digər dövlətlərə də təsirsiz ötüşməyəcəyini demək mümkündür. 

Bu təsirlər nədən ibarət olacaq?

Iqtisadçı-ekspert Məhəmməd Talıblı 2008-ci ildə Amerikada ipoteka kreditlərindən yaranan böhranın dünyada böyük böhrana səbəb olduğunu yada saldı. Bu da onu deməyə əsas verir ki, ABŞ iqtisadiyyatındakı bu cür qeyri-müəyyənlik, iqtisadi kataklizmlər dünyanın digər ölkələrinə də təsir edir. Budəfəki böhranın da dünya iqtisadiyyatına təsiri gözləniləndir: “Indiki böhran xarakterinə görə tamamilə fərqlidir və Amerika iqtisadiyyatında son illər baş verən neqativ tendensiyalarla əlaqələndirilməlidir. Söhbət ondan gedir ki, ABŞ xarici borc səviyyəsinə görə dünyada birinci yerdədir. Söhbət 15 trln dollardan artıq vəsaitdən gedir”.

Ekspertin sözlərinə görə, Amerikanın son illər hərbi xərclərini sürətlə artırması, bunun fonunda daha böyük borclara girməsi də öz rolunu oynayıb. Bununla belə ABŞ əvvəlki böhranlardan daha ciddi nəticələr çıxarıb. Bu baxımdan böhran sindrom vəziyyətinə çatmamış ABŞ-ın məsul qurumları bu problemi həll edəcək. Əks halda bunun həm ölkəyə, həm də dünya iqtisadiyyatına ciddi təsirləri mümkündür”.

Politoloq Vəfa Quluzadə böhran uzanacağı təqdirdə digər ölkələrə də təsir edə biləcəyini deyir. Artıq Rusiya da bundan ehtiyatlanır. Çünki artıq dünya sosialist və kapitalist düşərgəsinə bölünmür. Dünyanın aparıcı iqtisadi qüvvəsi Amerikadır. Dünyanın digər ölkələrinin iqtisadiyyatlarının hamısı Amerikadakı vəziyyətdən asılıdır. Ona görə bu böhran uzansa, sözsüz ki, başqa ölkələrin bazarlarına da güclü təsir edəcək. Müxtəlif fəsadlar ola bilər. 

Fizzə