Yaşar Cəfərli müdafiə nazirindən şikayət etdi

«Səfər Əbiyev orduda sovet təfəkkürünə uyğun sistem qurub»

 

“Ehtiyatda və Istefada olan Zabitlər” Ictimai Birliyinin rəhbəri Yaşar Cəfərli Silahlı qüvvələrdəki mənfi hallarla  bağlı Baş prokurora və Milli təhlükəsizlik nazirinə müraciət ünvanlayıb. Müraciətdə hərbi büdcənin hər il artırılmasına baxmayaraq, bunun adıçəkilən sahədə neqativ halların qarşısının alınmadığı bildirilir.

Səbəb kimi isə orduda islahatlar aparılmaması göstərilir. Ordudakı mövcud sistemin minlərlə zabit və giziri cinayətkara çevirdiyi iddia edilir: “10-20 il xidmət keçən yüksək rütbəli zabitlər belə, bu dözülməz durumdan canlarını qurtara bilmək üçün ”xidməti uyğunsuzluq” maddəsilə də olsa tərxis olunmağa can atırlar. 

Son 18 ildə belə tərxis olunan zabit və gizirlərin sayına görə dünyanın bütün ordularını qabaqlayırıq. 15 il hərbi xidmət keçən hərbçilərin daimi yaşayış sahəsilə təmin olunması qanunla nəzərdə tutulsa da, bu təbəqənin böyük qismi hələ də evsizdir. 19 ildir müdafiə naziri olan Səfər Əbiyev orduda sovet təfəkkürünə uyğun sistem formalaşdırmaqdadır. Bu sistem bölgədəki durumun tələblərilə uzlaşmaq gücündə deyil”. 

Y.Cəfərli S.Əbiyevi ötən illər ərzində hərbçilərin və onların ailələrinin hüquqlarını pozmağa əsas verən qərarlar qəbul etməkdə suçlayıb: “1998-ci ildə nazir Səfər Əbiyev ön cəbhədə xidmət edən hərbi qulluqçuların üçqat əməkhaqqının ikiqat əməkhaqqı ilə əvəzlənməsi haqda qərar verib. Qüvvədə olduğu 7 il ərzində bu qərar minlərlə hərbçinin maddi itkilərinə səbəb olub. Bu 7 il ərzində hüquqları pozulmuş hərbçilərin iddialarını isə məhkəmələr birmənalı şəkildə qəbul etməkdən imtina ediblər. Hərbi xidmət dövründə istifadə etmədiyi məzuniyyətlərə görə pul kompensasiyalarının ödənməsi haqda 20-yədək qüvvəyə minən məhkəmə qərarı olsa da, nazir bu qərarların icrasından imtina edir”.

Müraciətdə nazir S.Əbiyev onu tənqid edən mətbu orqanları, vətəndaş cəmiyyəti istitutlarını susdurmaqda da ittiham edilir. Sənəddə general-polkovniklər üçün həqiqi hərbi xidmətin son dövrünün 63 yaş olduğu və S.Əbiyevin 63 yaşının bu ilin yanvarında tamam olması xatırladılır. 

Son olaraq birlik rəhbəri müraciət etdiyi orqanlardan müdafiə naziri S.Əbiyevin qanunazidd hərəkətlərini araşdırmağı tələb edir(Turan).