Qubad Ibadoğlu: «Nazirlər Kabinetindəki müşavirədə bəzi rəqəmlər müəyyən siyasi məqsədlər üçün istifadə olunub»
«Kişinyovdakı tədbirdə Azərbaycanda seçkiqabağı mühit, həbslər, media və vətəndaş cəmiyyətinə təzyiqlər pislənildi»
Oktyabrın 4-5-də Kişinyovda “Şərq Tərəfdaşlığı” ölkələrinin vətəndaş cəmiyyəti nümayəndələrinin forumunda iştirak edən Azərbaycan nümayəndə heyəti ölkədəki siyasi məhbuslar problemi ilə bağlı aksiya keçirməsi ilə də diqqət mərkəzinə düşüb. Tədbirdə iştirak edən Iqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad Ibadoğlu ilə Kişinyov səfəri, həmçinin ölkə başçısının Nazirlər Kabinetinin son iclasında açıqladığı rəqəmlərlə bağlı söhbətləşdik.
– Bu günlərdə Kişinyovda “Şərq Tərəfdaşlığı” ölkələrinin vətəndaş cəmiyyətləri forumunun toplantısında iştirak etdiniz. Səfər barədə məlumat verərdiniz.
– “Şərq Tərəfdaşlığı” ölkələrinin vətəndaş cəmiyyətinin illik toplantısı hər il keçirilir. Biz bu toplantıya 5-ci dəfə yığışırdıq. Azərbaycanı bu tədbirdə 30-ya yaxın vətəndaş cəmiyyət təşkilatları təmsil edirdi. Bu təşkilatların böyük qismi Vətəndaş Cəmiyyəti Forumunun üzvüdür, kiçik bir qismi isə müşahidəçi olaraq tədbirə qatılmışdı. Tədbirdə yalnız qeyri-hökumət təşkilatları və media deyil, həm də yüksək səviyyəli hökumət nümayəndələri, “Şərq Tərəfdaşlığı”na üzv dövlətlərin, Gürcüstanın, Moldovanın, Litvanın xarici işlər nazirləri, eyni zamanda Isveçin xarici işlər nazirliyinin yüksək vəzifəli şəxsləri iştirak edirdi. Avropanın genişləndirmə və yaxın qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle tədbirə gəlmişdi və çox maraqlı çıxış etdi. Xüsusilə də Avropa dəyərlərinin, inteqrasiya məsələlərinin səviyyəsinin məhz hər bir ölkədə vətəndaş cəmiyyətinin inkişafı ilə əlaqələndirdi. Qeyd etdi ki, vətəndaş cəmiyyəti, xüsusilə qeyri-hökumət təşkilatları prosesin aparıcı qüvvələridir. Bütövlükdə “Şərq Tərəfdaşlığı” Genişlənməsi və Avropaya inteqrasiyasında ən çox güvənilən vətəndaş cəmiyyətidir. Tədbirdə Azərbaycanı təmsil edən vətəndaş cəmiyyəti nümayəndələrinin çıxışları nəzərdə tutulmuşdu. Leyla Əliyeva Azərbaycanda vətəndaş cəmiyyətinin vəziyyəti və eyni zamanda gözləntiləri barədə danışdı. Mən Azərbaycanın da cəlb olunduğu Avropa inteqrasiya indeksi və eyni zamanda yol xəritəsinin Azərabycanda tətbiqi ilə bağlı çıxış etdim. Avropainteqrasiya indeksinə görə Azərbaycan “Şərq Tərəfdaşlığı” ölkələri arasında yalnız Belarusu qabaqlaya bilib. Altı ölkə arasında beşinci yerdədir. Təəssüflər olsun ki, xüsusilə də Avropa inteqrasiya indeksinin idarəetmə, yaxınlaşma və əlaqələr komponentləri üzrə Azərbaycan bir çox öhdəlikləri yerinə yetirmədiyinə görə geri qalır. Bu barədə danışdıq. Eyni zamanda Azərbaycanın da cəlb olunduğu yol xəritəsinin tətbiqi məsələlərinə toxunduq ki, burda da əsas məsələlərdən biri məhz dialoq məsələsidir və hökumətin də bu dialoqdan maraqlı olmadığı səsləndirilib. Biz orda seçkiqabağı mühit, siyasi məhbuslar, vətəndaş cəmiyyətinin problemlərini, eyni zamanda medianın problemlərini və bununla yanaşı həm də sosial dialoq məsələlərini müzakirə çıxardıq. Bununla əlaqədar olaraq Azərbaycanın nümayəndə heyətində təmsil olunan Anar Məmmədli, Arif Əliyev çıxışlar etdilər. Əhəmiyyətli nəticələrdən biri ondan ibarətdir ki, Azərbaycanla bağlı üç qətnamə qəbul olundu. Bu, bütövlükdə forumunun qəbul etdiyi 11 qətnamədən 3-nün Azərbaycana həsr olunması deməkdir. Bu qətnamələrin birində Azərbaycanda seçkiqabağı mühitdə həbslər, media və vətəndaş cəmiyyətinə təzyiqlər pislənilirdi. Eyni zamanda seçki institutlarının hakimiyyətin nəzarətində olması, hakimiyyətə yaxın təşkitlatların vasitəsilə idarə edilməsi də tənqid olunurdu. Bununla yanaşı, ikinci qətnamə siyasi məhbuslarla bağlı idi. Bu, Azərbaycanda həm vətəndaş cəmiyyəti fəallarının, həm media təmsilçilərinin, həm də siyasi partiya nümayəndələrinin öz fəallığına görə həbslərə atılması və bununla bağlı narahatçılıq ifadə edən qətnamə idi. Nəhayət üçüncü qətnamə Azərbaycanda vətəndaş cəmiyyətinin hazırkı durumu, vətəndaş cəmiyyətinin qeydiyyat və fəaliyyət problemləri, qarşısına çıxarılan inzibati baryerlər və bütövlükdə bu sektorda hökumətin müdaxiləsi məsələlərini özündə əks etdirirdi. Bu qətnamələr forumda yekdilliklə qəbul olundu. Biz forumda 250-dən çox nümayəndənin iştirakını nəzərə alaraq, Avropanın yüksək səviyyəli təmsilçilərinin olduğunu əsas götürərək “siyasi məhbuslara azadlıq” adı ilə dəstək aksiyası keçirdik. Azərbaycan vətəndaş cəmiyyətinin əksər nümayəndələri, sonra isə Belarus və Ukrayna təmsilçiləri bu aksiyaya qoşuldu. Siyasi məhbusların bir hissəsinin şəkillərini özündə əks etdirən banerlə bu problemə diqqəti cəlb etdik. Eyni zamanda mesajlarımızı, şüarlarımızı həm medianın, həm də toplantı iştirakçılarının diqqətinə çatdırdıq. Bu forumda media ilə təmaslarımız da kifayət qədər çox oldu. Mən Moldova televiziyalarından birinə, o cümlədən populyar olan Jurnal Tv və Ictimai Televiziyasına, Moldovanın “Azadlıq” radiosuna, digər qurumlarına müsahibələr verdim, Azərbaycandakı vəziyyət orda kifayət obyektiv təqdim olundu və Azərbaycanın problemləri, Avropaya inteqrasiya istiqamətində qarşılaşdığı çətinliklər də diqqətə çatdırıldı.
Təəssüflər olsun ki, Azərbaycan hələ də Avrointeqrasiya istiqamətində öz qonşularından geri qalır. Bir sıra istiqamətlərdə Azərbaycan hökumətindən gözləntilərim var idi. Xüsusilə Assosiasiya Sazişinin, Azad ticarət sazişlərinin imzalanması məsələlərində. Azərbaycan növbəti ayda Vilnüsdə keçirilməsi gözlənilən sammitdə yalnız vizanın liberallaşdırılması sazişinin imzalanmasına dəvət alıb. Bu istiqamədə bir uğurumuz da oldu ki, ilk dəfə olaraq Azərbaycandan üç nəfər vətəndaş cəmiyyəti forumunun idarə heyətində təmsil olunmaq üçün seçildi. Bunlar Vüqar Bayramov, Leyla Əliyeva və Aytəkin Əsgərovadır. Bu o deməkdir ki, Azərbaycanı növbəti bir ildə “Şərq Tərəfdaşlığı” Proqramının Vətəndaş Cəmiyyəti Forumunun idarə heyətində ən çox təmsil olunan ölkə olacağıq. Çünki Ermənistanın və Gürcüstanın bir, digər ölkələrin iki nümayəndəsi var. Bu təbii ki, Azərbaycanın milli platformasının orta fəallığı ilə, eyni zamanda milli platformaya olan etimadla, milli platformanın yaxşı reputasiyası ilə əlaqədar idi ki, “Şərq Tərəfdaşlığı”na üzv olan digər ölkələrin nümayəndələri də azərbaycanlı nümayəndələrə səs verdilər. Onlar da növbəti bir ildə Vətəndaş Cəmiyyəti Forumunda Azərbaycanı təmsil etmək hüququ qazandılar.
“Qiymətlərin, yoxsulluğun, işsizliyin statistikası şübhə doğurur”
– Ilham Əliyev Nazirlər Kabinetinin iclasında rəqəmlər səsləndirib, işsizlik və yoxsulluğun səviyyəsinin ilin sonuna qədər bir qədər azaldılacağını deyib. Deyilənlər nə dərəcədə real görsənir?
– Orda ən çox diqqəti cəlb edən məhz qeyri-neft sektorunun ÜMD-in artımı ilə bağlı rəqəmlərdir. Əslində bu il üçün həmin rəqəmlər digər göstəricilərdə öz müsbət effektini vermir. Çünki qeyri-neft sektorunun elan olunan artımı da şübhə doğurur. Yəni illərdir ki, biz qeyri-neft sektorunun artımı ilə bağlı statistik məlumatlarla rastlaşırıq. Amma son 5 ildə dövlət büdcəsində qeyri-neft sektorundan daxilolmalar, demək olar, eyni səviyyədədir. Baxmayaraq ki, hər il orta hesabla 8-10 faizlik artımdan söhbət gedir. Ixracatda qeyri-neft sektorunun payı çox azdır. Hətta adambaşına düşən qeyri-neft məhsulunun ixracatının dəyəri 150 dolları ötmür. Bu da qonşu Gürcüstandan azdır. Azərbaycan iqtisadiyyatının həm miqyasını, həm potensialını nəzərə alsaq, bu iqtisadiyyatın inkişafında neft amilinin əhəmiyyətini dəyərləndirsək, qeyri-neft sektorunun adambaşına düşən məbləği daha çox olmalı idi. Bir sözlə, bu müşavirədə bəzi rəqəmlər müəyyən siyasi məqsədlər üçün istifadə olunub, son 10 ilin kontekstində müqayisəli şəkildə təqdim olunub. Onların bəziləri ilə razılaşmaq olar, bəziləri ilə razılaşmaq mümkün deyil. Iqtisadiyyatda önəmli olan həm qiymətlərin, yoxsulluğun, işsizliyin statistikası şübhə doğurur. Yenə də bununla bağlı açıqlanan məlumatlar mövcud gerçəkliyi təhrif edir. Son müşavirədən sonra büdcə ilə bağlı məlumatlara ümumi də olsa, çıxış imkanları qazandıq. Gördük ki, həqiqətən də müşavirədə deyilənlərlə təqdim olunan büdcənin parametrləri arasında kifayət qədər ziddiyyət var.
– Bu ziddiyyətlər nədən ibarətdir?
– Ziddiyyətlərdən biri ondan ibarətdir ki, bir tərəfdən bir inkişafdan, artımdan danışırıq, digər tərəfdən 2014-cü ilin büdcəsi bu illə müqayisədə 4 faiz azalma ilə proqnozlaşdırılırsa, bu o deməkdir ki, 2014-cü ildə 2013-cü illə müqayisədə büdcəyə 775 mln manat az vəsait toplanacaq. 2014-cü il büdcəsinin diqqəti cəlb edən məqamlarından biri də ondan ibarətdir ki, büdcə kəsiri 1,7 mlrd manata yaxın proqnozlaşdırılır. Uzun illərdir Azərbaycanda 1 mlrd manatdan yuxarı büdcə kəsiri qeydə alınmamışdı. Bu bütövlükdə götürəndə ÜDM-in iki faizi həcmində kəsir deməkdir. Büdcə kəsirinin də çox olması gələn ilin büdcə gəlirlərinin toplanması imkanlarının məhdud olması bütövlükdə götürəndə dövlət büdcəsinə Neft Fondundan transfert olunan məbləğin azalması ilə izah oluna bilər. Bu əslində pozitivdir. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertlərin azalması özü yaxşı tendensiyadır, əgər bunu davam etdirə bilsələr. Uzun illərdir bunun limitləşdirilməsi təklif edirik, bu vəsaitin ildən-ilə artaraq xərclənməsinin əleyhinə çıxış edirik. Ona görə növbəti ildə bu il nəzərdə tutulan 11 mlrd 350 mln manat transfertin əvəzinə 9,3 mlrd manatlıq transfertin proqnozlaşdırılması bu büdcənin ən müsbət tərəflərindən biri ola bilər. Amma növbəti ildə diqqəti cəlb edən məqamlardan biri də büdcənin həm Vergilər Nazirliyi, həm də Gömrük Komitəsinin xətti ilə toplanan vergi və rüsumlarının həcminin artırılmasıdır. Vergilər Nazirliyinin xətti ilə növbəti il 7,1 mlrd manat vəsaitin toplanması nəzərdə tutulur. 1,5 mlrd manat isə Gömrük Komitəsinin xətti ilə toplanması nəzərdə tutulur. Vergilər Nazirliyinin xətti ilə vəsaitin artımı 1 mlrd manat çox olacaq. Söhbət qeyri-neft sektorundan daxilolmalardan gedir. Bu o deməkdir ki, növbəti il qeyri-neft sektorunda çalışan sahibkarlar bu illə müqayisədə 1 mlrd 76 mln manat çox dövlət büdcəsinə vəsait ödəyəcəklər. Vergilərin dərəcəsi dəyişmədiyi halda bu qədər böyük vəsaitin proqnozlaşdırılması onu deməyə əsas verir ki, növbəti il sahibkarlar üçün ağır il olacaq və sahibkarlar daha çox büdcəyə vəsait ödəməyə məcbur ediləcəklər. Inanmıram ki, bir il ərzində sahibkarlığın inkişafında elə bir tepm olsun ki, bunlar həqiqətən də könüllü olaraq bu vəsaiti dövlət büdcəsinə ödəyə bilsinlər…
– Gözləmək olar ki, bu sahibkarlardan qeyri-rəsmi ödənişlərin azalması hesabına baş verəcək?
– Çox güman ki, qeyri-rəsmi ödənişlər öz səviyyəsində qalacaq. Rəsmi olaraq da əlavə vəsait ödənişləri sahibkarlar üçün nəzərdə tutulub. Çünki Vergilər Nazirliyinin xətti ilə bir mlrd manat artımını proqnozlaşdırılması, əsasən də kiçik və orta sahibkarların əlavə vergi ödəmələri yerinə yetirməsi hesabına baş tuta bilər.
“Investisiyalarda xarici investisiyaların payının aşağı olması mənfi haldır”
– Investisiya xərcləmələri üçün nəzərdə tutulan vəsaitlərin azaldılması gözlənilir. Bunu necə qiymətləndirmək olar?
– Büdcənin xərclər hissəsində ən çox azalan xərc maddəsi investisiya xərcləmələridir. 2014-cü il dövlət büdcəsində sənaye və tikinti xərclərində birbaşa dövlətin əsaslı vəsait qoyuluşu 10 faizə qədər azalacaq. Nəzərə alsaq ki, bu il təxminən 7 mlrd manat idisə, gələn il bu 6,3 mlrd manata yaxın olacaq. Bu o deməkdir ki, məktəblərin, xəstəxanaların, yolların tikintisinə növbəti il bu ildən az vəsait ayrılacaq. Bu da gözlənilən idi. Çünki bu il seçki ilidir. Seçki ilində sosial infrastruktur tikinti layihələri həyata keçirilməli idi ki, seçkiqabağı hökumətin fəaliyyətini onunla təqdim etmək daha asan olsun. Digər tərəfdən də əmək haqlarının artımı son nəticədə gəlir vergisinin də artımının proqnozlaşdırılmasına gətirib çıxarıb. Növbəti ilin də büdcəsində gəlir vergisi əvvəlki illə müqayisədə çox nəzərdə tutulub. Bu onu deməyə əsas verir ki, artırılmış əmək haqqının bir hissəsini də vergilər vasitəsilə vətəndaşlar büdcəyə ödəyəcək, geri qaytaracaq. Çünki növbəti ildə məhz gəlir vergisi əvvəlki illə müqayisədə təxminən 100 mln manat artacaq. Yəni əhali bu illə müqayisədə öz əmək haqlarından 100 mln manat daha çox büdcəyə ödəmək məcburiyyətində qalacaq. Başqa bir maraqlı tərəf ondan ibarətdir ki, ən çox artıma məruz qalan sahələrdən biri də əlavə dəyər vergisidir. Bu vergi istehlak vergisidir. O cümlədən də mülkiyyətdən vergilərin artırılması nəzərdə tutulub. Həm torpaq vergisinin, həm əmlak vergisinin görünür, əmlak və torpaq bazarında bahalaşmanın hesabına bunu təmin etmək niyyətindədirlər. Növbəti ildə büdcə gəlirlərinin formalaşdırılmasında əsas xərci sahibkarlarla yanaşı istehlakçılar, sadə vətəndaşlar çəkəcək.
– Dövlət başçısı bu ilin 9 ayında ölkəyə 17,7 mlrd manat investisiya yatırıldığı, onun 10,5 mlrd-nın daxili investisiyaların təşkil etdiyini deyib. Bu rəqəmlər reallığı əks etdirirmi?
– Rəqəmlər reallığı əks etdirir. Ölkəyə investisiya qoyuluşu o səviyyədədir. Bu əsasən üç mənbədən həyata keçirilir. Bir mənbə dövlət büdcəsidir, büdcə vəsaitləri hesabına investisiya qoyuluşlarıdır. Ikincisi Dövlət Neft Fondunun strateji layihələr adı altında ayırdığı vəsaitlər hesabınadır. Üçüncüsü də dövlət şirkətləri vasitəsilə həyata keçirilən investisiyalardır. Yəni bu investisiyaların həcminin artması müsbət hal olsa da, investisiyalarda xarici investisiyaların payının aşağı olması mənfi haldır. Çünki ölkə iqtisadiyyatına cəlb edilən investisiyaların 70 faizindən çoxu daxili investisiyalar hesabınadır. Daxili investisiyaların həyata keçirilməsində heç bir ictimai nəzarət, hesabatlıq, şəffaflıq olmadığına görə korrupsiya imkanlarını, miqyaslarını daha da artırır.
Fizzə