Y, A və P

Mən indi bəd ağzımı açmaq istəmirəm. Amma əgər dünən ölkənin Seysmoloji Xidmət Mərkəzinin direktoru çıxıb təkcə ilin əvvəlindən Azərbaycanda 856 zəlzələnin baş verdiyini dedisə, istər-istəməz soruşmaq məcburiyyətindəyəm: bəlkə bizə səhv məlumat veriblər, usta, bəlkə biz heç Azərbaycanda yaşamırıq? Bəlkə biz doğrudan da, YAP-çıların tərif etdiyi başqa bir ölkədə yaşayırıq – analoqsuz inkişaf edən, gündən-günə çiçəklənən, abadlaşan, gözəlləşən, yeniləşən bir ölkədə. Lap elə Yeni Azərbaycanda. Zəlzələlər isə Köhnə Azərbaycanda qeydə alınıbmış. Mümkündürmü, ola bilərmi belə şey? Yoxsa axı necə olur, təkcə son iki ayda bu xarabada 856 zəlzələ baş verir, amma biz hiss etmirik? Ayağımızın altında yer tərpənmir? Evimiz silkələnmir? Özümüz sağa-sola ləngər vurmuruq?

Əlbəttə, kimsə indi çıxıb özünü çoxbilmiş göstərmək üçün onların hamısının zəif təkanlar olduğunu deyəcək, mənsə bunu anlamayacaq qədər abdal deyiləm. Sadəcə, başqa bir versiyam var: tamamilə mümkündür ki, əslində o 856 zəlzələnin heç olmasa, yarısının yarısının yarısı hiss ediləcək yeraltı təkanlar imiş. Ancaq Əliyevlər bu ölkənin əl-qolunu elə bağlayıb, təkcə insanlar yox, artıq yer də tərpənə bilmir. Göründüyü kimi, avtoritar ölkə olmağın da belə üstünlükləri var: baş verən bütün prosesləri dondurursan, hamını və hər şeyi hərəkətsizləşdirirsən, hətta zəlzələ belə sənin tükünü də tərpədə bilmir.

Odu ey, gördük Allah qoymasa, demokratik, irəli getmiş Yaponiyanın axırını! Sən adamlara azadlıq verərsən, onların sərbəst toplaşıb tərpəşmək haqqını tanıyarsan, axırda da zəlzələnin, sunaminin əlində əsir-yesir qalarsan. Başını itirərsən. Silinib gedərsən yer üzündən az qala.
Bəli, bu saat gündoğar ölkənin sakinləri oturub gecə-gündüz öz talelərini söyməli, öz tanrılarını qarğımalıdırlar. Ki, xoşbəxt olmaq, zəlzələdən, sunamidən, vulkandan-mulkandan qulağıdinc yaşamaq üçün ölkələrinin adlarının uzun-uzadı “Yaponiya” olması nə qədər də mənasız, gərəksiz imiş, oysa dürlü-dürlü təbii fəlakətlərdən qorunmaq üçün bir ölkədə “Yaponiya”nın ilk üç hərfi də kifayətdir. 

Konstruktiv yumurta

Ilham Əliyev yumurtanın bahalaşmasından əsəbiləşdi, sonra da kənd yumurtalarından fərqli olaraq, fabrik yumurtaları yarı-yarıya ucuzlaşdı ha…
Bax bunu belə də qiymətləndirmək olar: fabrik toyuqları hakimiyyətlə razılaşmır, amma hesablaşırlar. 
Zəhləm gedir:
BIR: dünyada hər yeni fəlakət baş verdiyində bunu hələ çox əvvəllərdən Nostradamusun görüb xəbər verdiyinə dair açıqlamalardan…
IKI: bir partiya funksioneri təmsil olunduğu partiyadan getdikdə, başqa bir funksionerin çıxıb “təəssüflənirik, amma bu, partiyamızın gücünü azalda bilməz” şəklində reaksiyasından…

ÜÇ: “belə hesab edirəm ki” sözləri ilə başlayan ekspert rəylərindən…

DÖRD: ölkədəki ictimai-siyasi-sosial mədəniyyətsizliklərə, tərbiyəsizliklərə səsini çıxara bilməyənlərin, “Lider”in, AzTV-nin, ITV-nin sadiq tamaşaçısı olanların hakimiyyətə qarşı sivil mübarizə haqqında mühazirələrindən…

BEŞ: “evlənəcəyim adam gözəl olsun, amma ən əsası odur ki, halal süd əmmiş olsun” deyənlərin söhbət ictimai məsələlərə gələndə “önəmli olan yazıçının şəxsiyyəti deyil, yaradıcılığıdır” deyə zəvzəkləmələrindən…

Novruzqabağı not

Bilirəm, üç gün sonra yenə şablon bayram təbriklərindən telefonlarımızın mesaj səsi susmayacaq.
Amma bəri başdan bir düşünün: 18 ildə bir səməni boyda cücərməyən, boy verməyən müqəddəs arzularımız, diləklərimiz varkən nə bayrambazlıqdır bu?