Həsən Kərimov: «Oktyabrın 12-də mitinq keçiriləcək və seçki günü baş vermiş saxtakarlıqlar xalqın nəzərinə çatdırılacaq»
Gülağa Aslanlı: «Seçki saxtalaşdırılacağı təqdirdə qanunun icazə verdiyi bütün etiraz formalarından istifadə edəcəyik»
Azərbaycanda seçkilərin hər dəfə saxtalaşdırılması ölkə vətəndaşlarına da, beynəlxalq aləmə də bəllidi. Istər prezident seçkiləri, istər parlament seçkiləri, istərsə də bələdiyyə seçkiləri hakimiyyətin kobud şəkildə saxtakarlığı ilə müşahidə olunub.
Bu il də hakimiyyətin saxtakarlıq məqsədilə müxtəlif “üsul”lardan istifadə edəcəyi sirr deyil. Seçkiyə start veriləndən ölkənin müxtəlif yerlərindən daxil olan məlumatlar hakimiyyətin növbəti dəfə seçki saxtakarlığına gedəcəyinin əyani sübutudur.
Bütün bu saxtakarlıqlar seçki gününə hesablanır və nəticədə seçki qutusundan hakim partiyanın namizədi çıxır.
Bu il prezident seçkilərində ən şanslı namizəd Milli Şuranın namizədi Cəmil Hsənli hesab olunur. Milli Şuranın keçirdiyi mitinqlər, qapalı görüşlər, müxtəlif rəy sorğuları bunu deməyə əsas verir.
Hər dəfə seçki saxtakarlığına müxalifət kütləvi aksiyalarla, beynəlxalq təşkilatlara müraciətlə, bəyanatlarla etirazını bildirir.
Bəs, 9 oktyabrda seçkinin saxtalaşdırılacağı təqdirdə Milli Şuran hansı addımları atacaq.
Cəmil Həsənlinin seçki qərargahını həmsədri Həsən Kərimov 9 oktyabr seçkilərində Cəmil Həsənlinin qalib gələcəyini və seçkinin saxtalaşdırılacağı təqdirdə mitinqlərə start veriləcəyini bildirdi: “Kifayət qədər dairə və məntəqələrdə müşahidəçilərimiz olacaq və onlar bütün qanun pozuntularını qeydə alacaqlar. Qeydə alınmış seçki pozuntuları ilə bağlı ilk növbədə MSK-ya və məhkəməyə müraciət ediləcək. Müşahidələr onu göstərir ki, Cəmil Həsənli bu seçkilərin qalibidir. Hakimiyyət də bunu bildiyi üçün saxtakarlığa əl atacaq. Biz saxtakarlıqla bağlı Avropa Məhkəməsinə də müraciət edəcəyik. Ötən gün Milli Şura Bakı Şəhər icra Hakimiyyətinə sentyabrın 12-də mitinq keçirmək üçün müraciət ünvanlayıb. Seçki günü baş vermiş saxtakarlıqlar, qanun pozuntuları xalqın diqqətinə çatdırılacaq və son söz xalqın olacaq”.
Cəmil Həsənlinin seçki qərargahının üzvü Gülağa Aslanlı bildirdi ki, seçkilərin nəticəsindən asılı olmayaraq Milli Şura öz missiyasın davam etdirəcək və saxtakarlığa qarşı bütün zəruri addımları atacaq: “Bizim seçkidə əsas vəzifəmiz seçki saxtakarlığını ifşa etmək, hər bir pozunutu ilə bağlı akt tərtib etməkdir. Bundan başqa, seçki saxtalaşdırılacağı təqdirdə biz qanunun icazə verdiyi bütün üsullardan istifadə edəcəyik, etirazımızı müxtəlif formalarda dünyaya çatdıracağıq. Milli Şuranın namizədi Cəmil Həsənlinin də dediyi kimi sona qədər bu mübarizədə olacağıq və haqq qalib gəlməyənə qədər təslim olmayacağıq”.
İlham Hüseyn