Ən böyük şərəf vətən şərəfidir!

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərovun təşəbbüsü ilə Azərbaycan respublikası prezidentinin şərəf və ləyaqətinin qorunması ilə bağlı qanun layihəsi hazırlanır. Legitimliyi olan bir hakimiyyətdə əla təşəbbüsdür və xalq seçibsə, prezidentin şərəf və ləyaqətinə sataşmaq elə xalqın özünə sataşmaq anlamına gəlməlidir.

Amma bu ölkədə nə vaxt bir ədalətli, şəffaf və xalq etimadına layiq seçkilər keçirildi, nə vaxt milyonlarla seçicinin səsi saya salındı ki, prezidentin şərəf və ləyaqətininin təhqir edilməsi xalqa yönəlik addım kimi dəyərləndirilsin. Bu ölkədə şərəf ləyaqəti ayaqlar altına salınan, haqqı yeyilən, hüquqları kobud şəkildə pozulan varsa, o da xalqdır.

Xeyir ola, hakimiyyətin əsl mənbəyi olan xalqın şərəf və ləyaqətinin alçaldılmasına göz yumanlar bütün komandası ilə xalqı əzmək siyasəti yeridən prezidentin şərəf və ləyaqətinin qorunmasına qalxıblar. Məşədi Ibad demişkən, “mənə meymun dediyin bəs deyil, hələ əl də uzadırsan”.

Bəlkə siz, kökü yetmişinci illərə gedən bu hakimiyyətin  davam edən yarıtmaz siyasətinin ucbatından vətən torpaqlarının əldən getməsini millətin şərəf və ləyaqətinə toxunan fakt olduğunu qəbul etmək istəmirsiniz? Ən böyük şərəf vətən şərəfidir, döyüşkən bir milləti taleyi ilə barışan məzlum kütləyə çevirib şərəfdən məhrum etdiniz.

Ən böyük şərəf milli qürur hissini yaşamaqdır. Region, tayfa siyasəti ilə milli qüruru aşağıladınız. Sivil dövlətlər millətini rifah halında yaşatmaqdan şərəf duyarlar. Tamahkar siyasətinizlə zəngin bir ölkənin sakinlərini aclıq və səfalətin qoynuna ataraq ona layiq olmadığı acıları yaşatdınız.

Böyük mütəfəkkir N.Gəncəvi “Yer üzünün əşrəfidir insan” deyirdi. Yer üzünün ən miskin məxluquna döndərdiniz, şərəfli Azərbaycan insanını. Şərəf təkcə ütülü görkəmlə, bahalı libasla kürsüdən xalq dərs verməkdən ibarət deyil. Millətdənsənsə, millətin dilənçi halında yaşamasını şərəfsizlikdən qəbul etməlisən.

Hər bir azərbaycanlıya dəyər kimi baxılmırsa, hər bir fərd insan kimi yaşamaqdan məhrum edilirsə, vətəndaşlar haqsızlıq-hüquqsuzluq içində çabalayırsa, azad yaşamaq nəsibi polis zopası ilə əvəzlənirsə, hansı şərəf və ləyaqətdən söhbət gedə bilər?

Bəli, xalqın səsi ilə seçilən prezidentin şərəf ləyaqəti toxunulmaz olmalıdır. Bəs, prezident necə, təminatına and içdiyi xalqın konstitusion haqlarının, firavan həyatının, təhlükəsizliyinin qorunmasına cavabdehlik daşımalıdır, ya yox? Təkcə son teledebatları izləmək yetərlidir ki, bu ölkədə şərəf və ləyaqətin necə arxa plana keçirildiyini görəsən. Kim və hansı qanun, üfunətli dili mənəviyyatsızlıq püskürən hafizlərə, arazlara imkan verib ki, xalqın gözü qarşısında onun namizəd qəbul etdiyi insanların şərəfinə toxunan hədyanlar yağdırsın? 

Söhbət şərəf və ləyaqətin qorunmasından daha çox şərəf və ləyaqətin pozulmasına səbəb olan şərtlərin aradan qaldırılmasından getməlidir. Ən şərəfli insan da onun şərəfinin qorunması mümkün olmayan mühitdə şərəfsiz hala salına bilər. Vəhşi kapitalizmin yaşandığı Azərbaycanda ehtiyacın nə qədər qız-gəlini şərəfsiz hərəkətlərə sövq etdiyi göz qabağındadır. Bir vaxtlar valideynlərə təzim etməyin, xidmət göstərməyin nə qədər şərəfli olduğunun  norma kimi qəbul edildiyi Azərbaycan indi övladlarının qara qəpik üstündə öz valideynlərini qətlə yetirmək kimi şərəfsizliyə sürükləndiyinin şahididir. Ölkəmizdə  ziyalıların, elm, mədəniyyət daşıyıcılarının insan şərəf və ləyaqətinə yaraşmayan sürüşkənliyə yuvarlanması göz qabağındadır. Məddahlığın, yaltaqlığın simvoluna çevrilən bu insanların şərəf və ləyaqətlə bir araya sığmayan davranışlarını hansı hakimiyyətin siyasətinə yazaq?

Şərəfli milli siyasət, şərəfli milli yönətim olmadan milli şərəf özünə yer tapa bilməz. Prezidentin şərəf və ləyaqətinin qorunması üçün əldən gedənlərə sözümüz odur ki, insanların milli qürurunu üstələyən tayfa siyasətinə son qoyularsa, hər bir insana layiq olduğu yaşamaq haqqı verilərsə və ölkədə xalqın etimadını doğruldan hakimiyyət formalaşarsa, onda nəinki prezidentin, həttta adi vətəndaşın da şərəf və ləyaqətinin qorunması ən ciddi qanunlarla qarantiya altına düşmüş olacaq.

Nurəddin Ismayılov