Üzeyir Cəfərov: «Elbrus Orucovun müdafiə naziri olmaq şansı sıfıra yaxındır»
Cəsur Sümərənli: «Səfər Əbiyevin getməsi mümükündür, ancaq onu əvəzləyəcək şəxsin Elbrus Orucov olacağı real deyil»
Son günlər mətbuatda hakimiyyətin seçkidən sonra mühüm kadr dəyişiklikləri edəcəyi haqda elə hakimiyyətin özünə sərf edən, yaxud hakimiyyətdən ötürülən yazılar gedir, proqnozlar verilir. “Vurulacaq” kadrların arasında müxtəlif nazirlərin, komitə sədrlərinin adı hallanır. “Yeni Müsavat” qəzetinin yazdığına görə, müdafiə naziri Səfər Əbiyev də vəzifəsiylə vidalaşacaq.
Hökumətin ən zəif yeri olan ordunun başına gətiriləcək yeni şəxs isə Azərbaycan cəmiyyəti, xüsusilə siyasi kəsim üçün gözlənilməz olacaq. Qəzetin yazdığına görə, proses o qədər gizli saxlanır ki, hətta Müdafiə Nazirliyinin dəhlizlərində də bu barədə söz-söhbət dolaşmır. Qəzetə diplomatik mənbələrin verdiyi məlumata görə, Azərbaycanın növbəti müdafiə naziri general Elbrus Orucov olacaq. Kifayət qədər məxfi saxlanan bu plana görə, seçkilərdən dərhal sonra hazırda Özbəkistanda hərbi attaşe olan E.Orucov Bakıya çağırılacaq və yeni təyinatı üzrə işə başlayacaq. Mötəbər mənbə onu da deyib ki, E.Orucov da NATO, xüsusi ilə də Amerika yönümlü generallardan sayılır. Bu səbəbdən də onun yeni müdafiə naziri təyin olunmasına Qərb paytaxtlarında ancaq sevinə bilərlər.
Hərbi ekspertlər yayılan məlumatın nə qədər inandırıcı və adı çəkilən şəxsin bu posta nə qədər uyğun olduğuna münasibət bildirdi.
Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, Elbrus Orucovun nazir postuna gətiriləcəyi real görünmür və bu haqda yayılan məlumatlar ehtimaldır: “Təbii ki, 9 oktyabrda keçiriləcək prezident seçkilərindən sonra yeni seçilən prezident Nazirlər Kobinetini istefaya göndərəcək. Bundan sonra hansı nazir postuna kimlərin təyin edilməsi prezidentin iradəsi ilə müəyyənləşəcək. Əslində prosedur qaydadır, ancaq bu məlumatları diplomatik korpusa istinad edərək ictimailəşdirir, xəbərlərinin çəkisini artırırlar. ”Diplomatik mənbə” ifadəsini mən qəbul edə bilmirəm və Azərbaycanda mühüm postlara kimin təyin edilməsini diplomatik mənbə müəyyən etmir. Elbrus Orucova gəlincə, mən bu adamla birlikdə Müdafə Nazirliyinin hərbi elmi mərkəzində təlim keçmişəm, kifayət qədər tanınmış hərbçidir və bir general kimi hörmətim var. Ancaq bu adamın Müdafiə Naziri postuna hansı parametrlərə görə, hansı əsaslarla təyin oluna biləcəyi şanslarını birinci dəfədir eşidirəm. Hesab edirəm ki, Ilham Əliyevin prezident seçiləcəyi təqdirdə Elbrus Orucovun Müdafiə Naziri olması real görünmür. Bütün parametrləri götürəndə o şəxsin nazir postuna gətirilməsi şansı sıfıra yaxındır”.
“Doktrina” Jurnalistlərin Hrəbi Araşdırmalar Mərkəzinin direktoru Cəsur Sümərənli hesab edir ki, bu şəxsin hazırkı məqamda nazir olmaq şansı yoxdur və bu məlumatlar Müdafiə Nazirliyində rəhbər şəxslərin dəyişdirilməsi perspektivindən ortaya çıxan narahatlıqla bağlıdır. “Bu xəbərin real olmamasının bir neçə səbəbi var. Ən əsas səbəblərdən biri Elbrus Orucovla mövcud hakimiyyətdə ali vəzifə tutan çoxlu sayda məmurun arasında olan ziddiyyətlərdən ibarətdir. Təxminən 8-9 il bundan öncə Elbris Orucov Müdafiə Nazirliyi Hərbi Elm Mərkəzində çalışan zaman ondan müsahibə almışdım və bu müsahibədə ümumilikdə, ona qarşı olan ədalətsizlikdən, onun bilik və bacarıqlarından ordu quruculuğunda istifadə edilməməsindən şikayətlənirdi. Hiss edirdim ki, o, bu hakimiyyətin fəaliyyəti dövründə ordu quruculuğunda olan problemlər, eyni zamanda müharibə dövründə baş verən həqiqətlər barədə daha çox danışmağa meyllidir. Amma bu müsahibə dərc olunduqdan bir müddət sonra Elbrus Orucovu Gürcüstana hərbi attaşe təyin etdilər. Bu ona işarə idi ki, E.Orucov bildiyi həqiqətləri çox danışmasın. Müdafiə Nazirliyində olan yüksək rütbəli hərbçilərin həqiqətləri deyə biləcəyi anda müxtəlif ölkələrə hərbi attaşe kimi ”sürgün” edilməsi faktları çoxdur. Mövcud müdafiə naziri Səfər Əbiyev artıq 19 ildir nazirdir və Silahlı Qüvvələrdə son 5 ildə baş verən itkilərin sayının kəskin artması, orduda hərbi qulluqçular arasında nizamnamə münasibətlərinin pozulması, korrupsiya və rüşvətxorluq kimi halların çoxalması və s. kimi hallar onu deməyə əsas verir ki, orduda idarəetmə böhranı get-gedə dərinləşir. Böyük ehtimalla Səfər Əbiyevin getməsi mümkündür. Ancaq onun yerinə gələn şəxsin Elbrus Orucov olacağı inandırıcı deyil”.
İlham Hüseyn