Şərq tərəfdaşlığı forumunda siyasi məhbus aksiyası

Moldovanın paytaxtı Kişinyovda oktyabrın 4-dən 5-dək keçirilmiş Şərq tərəfdaşlığı ölkələrinin vətəndaş cəmiyyətləri forumunun toplantısından məlumat yayılıb. Azərbaycandan tədbirə 26 təşkilat qatılıb.

Forumda Avropa İttifaqının və üzv ölkələrin yüksək səviyyəli təmsilçilərindən komissar Stefan Füle, Litvanın, Gürcüstanın və Moldovanın xarici işlər naziri çıxış edib. Azərbaycandan Leyla Əliyeva və Qubad İbadoğlu plenar iclasda, Anar Məmmədli (Azərbaycanda seçkiqabağı mühitlə bağlı), Arif Əliyev (media problemləri ilə əlaqədar) panel müzakirələrdə danışıblar.

Tədbirdə forumun yeni İdarə Heyəti formalaşdırılıb. Azərbaycandan İdarə Heyətinə Vüqar Bayramov (milli koordinator), Leyla Əliyeva (1-ci qrup koordinatoru) və Aytəkin Əsgərova (3-cü qrup koordinatoru) seçilib.

İdarə Heyətinin əvvəlki tərkibində təmsil olunan Qubad İbadoğlunun yaydığı məlumata görə, forumda Azərbaycan nümayəndə heyəti ciddi aktivlik nümayiş etdirib. Tədbirin gedişində qəbul edilən 11 qətnamədən 3-ü Azərbaycanla bağlı olub. Fasilə zamanı isə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri ölkədəki siyasi məhbuslar problemini təqdim etmək üçün aksiya keçiriblər.