Baş nazirin sabiq müavininin bəyanatı ilə bağlı maraqlı məlumatlar
Baş nazirin sabiq müavini Abbas Abbasovun Ilham Əliyevə dəstək bəyanatı verməsilə bağlı maraqlı məlumat əldə etmişik. Xatırladaq ki, Abbas Abbasov bir neçə gün əvvəl prezident seçkisində Ilham Əliyevi dəstəklədiyi barədə bəyanat verib.
Redaksiyamıza daxil olan məlumatda deyilir ki, baş nazirin sabiq müavini bu bəyanatı məcburiyyət qarşısında verməli olub. Məsələ burasındadır ki, “Milyarderlər Ittifaqı” təsis olunandan sonra Abbas Abbasova ciddi təzyiqlər edilib. Baş nazirin sabiq müavini Azərbaycan hökuməti, konkret olaraq Ilham Əliyevlə heç bir problemi olmadığını dəfələrlə bəyan etsə də, iqtidar onun qeyri-səmimilikdə ittiham edib. Diaspora Məsələləri üzrə Dövlət Komitənin sədri Nazim Ibrahimovun açıqlamaları bunun bariz nümunəsidir. Nazim Ibrahimov bir neçə dəfə bildirib ki, Abbas Abbasov Ilham Əliyevə sədaqətli olduğunu əməli ilə sübut etməlidir. Bunun üçün isə o, Söyün Sadıqovla bir yerdə olmamalıdır.
Abbas Abbasova dəfələrlə təklif edib ki, Söyün Sadıqov və Rüstəm Ibrahimbəyovun əleyhinə bəyanat versin. Lakin baş nazirin sabiq müavini bu təklifi qəbul etməyib. Beləliklə də, hakimiyyət baş nazirin sabiq müavininə inamını itirib.
Məlumata görə, Abbas Abbasov Ilham Əliyevə dəstək bəyanatını vəziyyətdən çıxmaq üçün verib.
Lakin məlumatlara görə, Abbas Abbasovun bəyanatı hakimiyyətin ürəyincə deyil. Iqtidar üçün daha vacib baş nazirin sabiq müavinindən Söyün Sadıqovla Rüstəm Ibrahimbəyova qarşı açıqlamalar almaqdır.