«Broker» MMC-nin rəhbərinin cinayətləri ört-basdır edildi
Azərbaycanda idxal-ixrac əməliyyatlarına qeyri-rəsmi nəzarət funksiyasını həyata keçirən və gömrük-keçid məntəqələrində inhisarçı oliqarxların maraqlarına uyğun iş adamlarını soymaqla məşğul olan “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikov, təxminən 1 ay əvvəl Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları tərəfindən saxlanılıb. Bu sensasion məlumatı AzPolitika.info-ya hüquq-mühafizə orqanlarındakı mənbə verib.
Məlumatda deyilir ki, MTN bir neçə sahibkarı qaçaqmalçılıq ittihamı ilə həbs edib. Onlar isə gömrük-keçid məntəqələrindəki qaçaqmalçılıq faktının arxasında “Trans Broker” MMC-nin dayandığına dair ifadə veriblər. Bu ifadələrə əsaslanan MTN istintaqçıları “Trans Broker” MMC-nin direktoru Əbülfəz Məlikovu və onun “sağ əli” sayılan qurumun Şamil adlı əməkdaşını MTN-ə gətiriblər.
Lakin “yuxarıdan” gələn bir zənglə Əbülfəz Məlikov və onun işçisi “şahid qismində” dindirildikdən sonra sərbəst buraxılıblar.
Əbülfəz Məlikovun fövqəladə hallar naziri Kəmaləddin Heydərov və prezidenti şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubova yaxın şəxs olduğu deyilir.