İlham Əliyev və doqquz vəkili doqquz debatdan doqquz oktyabra əliboş getdi
17 sentyabrda prezidentliyə namizədlər ilk dəfə qarşılaşmalı idilər. Amma Cəmil Həsənlinin qarşısı boş idi. Ilham Əliyev debata gəlməmişdi və onun doqquz namizəd-vəkilini Cəmil Həsənli ciddiyə almırdı. Cəmil Həsənli Ilham Əliyevi debata – onunla qarışlaşmağa və on illik hakimiyyəti dövründə baş verənlərin hesabatını verməyə çağırdı. Dövlət başçısı bu çağırışın qarşısına çıxmaq imkanında və cəsarətində görünmürdü. O bundan sonra da, yəni doqquz debat ərzində Cəmil Həsənlinin qarşısına çıxmadı. Biz isə doqquz oktyabr seçkisinə aparan bu debatlarda Cəmil Həsənlinin hakimiyyətin doqquz namizəd vəkilinə vurduğu doqquzluq zərbələri doqquz parametr üzrə sizə təqdim edəcəyik…
O layiqdir
Cəmil Həsənli tarix elmləri doktoru, professordur. Onun siyasi bilikləri nəzəri baxımdan heç kimdə şübhə doğurmur. Amma O, həm də keçmiş dövlət müşaviri, 10 illik fəal deputatlıq təcrübəsi olan şəxs, AXCP sədrinin 10 il müavini olmuş siyasətçidir. Ziyalı səsinə ehtiyac duyulan bir zamanda Ziyalılar Formunun əsas təsisçilərindən biri və qabaqcıl fiqurlarındandır. Harada, hansı statusda olmasına baxmayaraq öz ziyalı mövqeyini çəkinmədən ifadə etməyi bacaran şəxs kimi hər zaman başqalarından fərqlənib. Ilham Əliyev onunla müqayisədə, demək olar, nəinki prezidentliyə, hətta namizədliyə belə uğurlu heç bir parametrlə qoşula bilmir. Cəmil Həsənli təkcə siyasi fikrin ifadəçisi deyil, həm də xəlqilik baxımından öz alternativindən xeyli qabaqdadır. Hətta müqayisəyəgəlməz dərəcədə. Ilham Əliyev sonuncu on ili, yəni prezidentlik dövrünü Azərbaycan dilində rəvan danışmağı öyrənməyə nail olmadığı halda, Cəmil Həsənlinin doqquz debatdakı deyimləri xalqın zərb məsəlinə çevrildi. Bu da onu göstərdi ki, xalq da onu özünü ifadəçisi kimi ən layiqli namizəd sayır.
Cəmil Həsənli ən hazırlıqlı idi
O, demək olar, bütün siyasi tarixin əsas hadisələrinin bir-biri ilə məntiqi əlaqəsini bilir. Hakimiyyətin yarıtmaz siyasətindəki məntiqi əlaqəni və xalqın necə bu siyasətə biganə edildiyini. O, bir neçə çıxışdan sonra böyük və izdihamlı mitinqlər keçirməklə həm də hazırlıqlı bir siyasətçi olduğunu ortaya qoydu. Ilham Əliyevin komandası və vəkilləri o qədər əsəbiləşdilər ki, ona “qeyri-intellektual” dedilər. Və bunu o adamlar dedi ki, bakalavr təhsilləri idman akademiyasında olmağına baxmayaraq, BDU-da hüquq doktoru ünvanı alıblar. Bir sözlə, bəsirəti bağlı olanlar ruhun mahiyyətindən danışdılar. Ilham Əliyev bu mövzuda Siyavuş Novruzovun məntiqi ilə ifadə olunurdu.
Təmsilçilik haqqı
Ilham Əliyevin heç bir namizəd vəkili onun hakimiyyətinə tutulan iradların mahiyyətinə cavabdeh deyil. Məsələn, orada oturan 9 nəfərin hamsı bu və ya başqa oliqarxın və ya dövlət qurumunun təsirində olan adamlardırlar və həmin oliqarxların və ya dövlət qurumlarının qanunsuz əməllərinə görə cavab verə bilməzlər, çünki onlar bu qanunsuzluğun törəmələridirlər. Cəmil Həsənli isə arxasındakı siyasi və elektoral gücün tam mənası ilə təmsilçisidir və onun sonuncu mitinqdəki təkbaşına performansı açıq sübut elədi ki, Cəmil Həsənli Milli Şuranın namizədi olmaqdan başqa həm də prosesin alternativsiz lideridir və o bunu öz siyasi bacarıq və imkanları ilə qazanıb.
Cəsarət – gicgahdan zərbə
Professor hakimiyyətin ikinci dərəcəli orqanlarına vaxt və güc sərf etmədən, cəsarətlə rejimin gicgahından vurdu və məqsədinə həmən də nail oldu. Rejim elə ilk debatdan başını itirdi, mahiyyətini, mənəvi siyasi keyfiyyətini ortaya qoydu. Bu ifşanın əsas təkanverici amili Cəmil Həsənlinin cəsarətlə Ilham Əliyevi hədəfləməsi idi.
Proqramlılıq
Cəmil Həsənli hər kəsi razı salacaq bir proqram və platforma ilə mübarizə apardı. Cəsarətinin kölgəsində ağlını gizlətmədi və ciddi bir komanda ilə işlədiyini ortaya qoydu. Ölkənin problemlərinin mükəmməl analizi və həll yolları onun üç dildə yayılan proqramında aydın təsvir edildi.
Iradə siyasətin ana sütunudur
Cəsarət və Proqramlı olmaq o halda faydalıdır ki, bu məziyyətlərə sahib olan siyasətçi həm də iradəli olsun. Öz dediklərinin arxasından heç bir ani və ekspromt olaylara görə sapmasın. Əsas hədəfdən yayınmasın. Cəmil Həsənli debatları zamanı bunu da açıq və aydın şəkildə ortaya qoya bildi. O bu prosesin siyasi iradəsini ortaya qoydu.
Təmkinlilik
Cəmil Həsənli Ilham Əliyevin vəkillərinə yalnız o zaman reaksiya verirdi ki, onlarla Ilham Əliyev arasında üzvi əlaqəni seçiciyə çatdırmaq istəyirdi. Yəni o şəxslərin heç biri birbaşa Cəmil Həsənlinin hədəfi olmurdu. Özü isə bütün debatlar zamanı birbaşa hədəf olmasına baxmayaraq əvvəldən düşündüyü ssenari üzrə gedirdi. Təmkinini pozmur, əsəblərini idarə edir və qəzəblənəndə də bunu xalqın adından hesabat soran namizəd kimi ortaya qoymağa nail olurdu. Cəmil Həsənli elə bir məqama qəzəblənməyib ki, ona bütün xalq qəzəblənməsin.
Inanmaq və inandırmaq
Cəmil Həsənli böyük bir kütlənin proseslərə inamını yaradıb. Özü də bu proseslərin məntiqi sonuna inamını ortaya qoyub. Başlıca meyar odur ki, O, inandığı üçün inandıra bilib. Bu isə siyasi liderin ən başlıca keyfiyyətlərindən biridir. Onun sonuncu mitinqdə tək çıxış etməsi də bu inamı xalqa əyani göstərmək idi. O demək istəyirdi ki, rejimin öhdəsindən tək də gələ bilər.
Nəhayət, iddialılıq – inandığını istəmək, istədiyini almaq
Cəmil Həsənli iki mühüm iddiasını ortaya qoyub: “Mən Ziya Bünyadovdan artıq deyiləm, qara günlü millətin ziyalısının ağ kəfəndə dəfn edilməyə haqqı yoxdur”. Ikinci iddiası isə sonuncu mitinqdə səsləndi: “Xalqımızı azadlığa qovuşdurana kimi meydanlardayıq”. Bu iki mühüm iddia bir-biri ilə üzvi əlaqədədir. Cəmil müəllim istədiyini, nəyin bahasına olursa olsun, alacağını ortaya qoydu. Bu isə bir azadlıq hərəkatı liderinin pasportunun əsas möhürüdür. Cəmil Həsənli mübarizənin birinci mərhələsini bu üstünlüklərlə başa vurdu, ikinci mərhələdə də təkcə müşahidə etməyək, həm də kömək edək…
Seymur Həzi